AZ

“İndiki heyətdə yer almaq istərdim” - Jardel “Qalatasaray”dan erkən ayrıldığına görə peşmandı

“Qalatasaray”ın stajlı fanatları üçün bəlkə də Mauro İkardi Mario Jardelə bənzəyir.

“Football-plus.az” xəbər verir ki, Jardel də illər öncə vurduğu qollarla fanatların qəlbində taxt qurmuşdu. 2000-ci ildə klub tarixi üçün rekord məbləğə – 16 milyon dollara transfer olunan “sambaçı” dərhal “Real”a vurduğu qollarla “Cim-Bom”a Avropa superkubokunu qazandırmışdı. Amma bu, öz dönəminin ən güclü forvardlarından birinin Türkiyə karyerasında qazandığı ilk və sonuncu titul oldu. “Qalatasaray”da bir mövsüm keçirərək 43 rəsmi oyuna çıxan və 34 qol vuran Jardel meydandankənar səbəblər üzündən 2001-də, yəni cəmi bir il sonra Türkiyədən ayrıldı. Hazırda 50 yaşı olan Jardel bugünlərdə Türkiyə mətbuatına müsahibə verib.

- “Qalatasaray”da qısa müddət oynasaz da, iz buraxmağı bacardız. İndi İkardiyə olan sevgini görərkən qısqanırsızmı?
- İkardi həqiqətən də böyük işlər görür. Amma bilirəm ki, mənim qazandığım uğur heç vaxt silinməyəcək. Avropa superkubokunu qazanmışdıq. İstanbula böyük ümidlərlə gəlmişdim və qollarımla bu ümidləri doğrultmağı bacarmışdım.

- Erkən ayrıldığınıza görə peşmansızmı?

- Bəli. “Qalatasaray”la bağlı ən böyük peşmanlığım məhz budu. Daha uzun müddət qalmalıydım. Bəlkə də 3-4 mövsüm qalsaydım, tam başqa şeylər ola bilərdi. İndi də İkardi ona bəslənən ümidləri doğruldur. Mən öz tariximi yazdım, İkardi də öz tarixini yazır. Göründüyü kimi, fərqli zamanlarda da olsa, “Qalatasaray” həmişə ən yaxşı futbolçuları seçməyi bacarır və bunun da nəticəsini görür.

- Müasir futbol çox tez dəyişir. Sizin dönəmdəki futbolla indiki futbol arasında hansı fərqlər var?
- Bəli, razıyam. Futbol çox dəyişdi və istedadlar azalmağa başladı. Əvvəlki dönəmlərdə olduğu kimi, hər mövsüm sabit oynayan və çox qol vuran mərkəz hücumçuları qalmayıb. Mənim dövrümdə hücumçuların məhsuldarlığı çox yüksək idi. İndi fiziki göstəricilər ön plana çıxmağa başlayıb. Sosial şəbəkələr üzündən futbolçular da meydanın içinə yox, çölünə köklənməyə başlayıblar. “Qalatasaray”ın timsalında dövrləri müqayisə etsək, bizim dönəm çox uğurlu idi. Qeyri-adi titullar və zəfərlər qazanırdıq. “Real”la başabaş mübarizə aparırdıq.

- Türkiyə futbolunda çoxlu pul xərclənilir. Amma hələ də sizin dönəminizdəki uğurları təkrarlayan klub olmayıb. Aradakı səviyyə fərqi nə ilə bağlıdı?
- Uğur qazanmaq təkcə puldan asılı deyil. O dönəmdə Fatih Terim və Mirça Luçesku kimi məşqçilərin də bu uğurlarda böyük rolu olmuşdu. İndi Okan Buruk da eyni şəkildə davam edir. Məsələn, “Fənərbaxça” uzun müddətdi transferlərə ciddi pullar xərcləyir. Bütün bu yatırımlara baxmayaraq, gözlənilən uğuru qazana bilmirlər. Bəzən bütün parçaların bir yerə oturması tələb olunur.

- Braziliya yığması da əvvəlki səviyyəsindən çox uzaq görünür. Bunun səbəbi nədi?

- Bizim dönəmimizdə Rivaldo, Ronaldo, Kaka, Kafu, Roberto Karlos, Taffarel kimi isimlər var idi. 2007-ci ildən bəri bu problem davam edir. Hər gələn yeni nəsil istənilən səviyyədə olmur. Düzdü, indi Neymar və Vinisius kimi ulduzlar var. Amma onlar da ən üst səviyyədə deyillər. Braziliya öz oyununu itirdi və Avropa futboluna oxşamağa başladı. Hələ də bunun içindən çıxa bilməyiblər. Məsələn, indi heç kim Braziliyanın “11-liy”ini saya bilməz. Çünki heyət tez-tez dəyişir. İndi bir futbolçu bir mövsümə 20 qol vuran kimi 150 milyon avroya satılır. Mənim kimi biri olsa və mövsümə 50-60 qol vursa, qiyməti 300 milyon avro edərdi! Futbolda pul çoxalsa da, səviyyə yüksəlməyib. Hətta bizim dövrdə VAR olsaydı, mənim qollarım daha çox olardı. Çünki o dövrdə hakimlər bir çox penaltiləri vermirdilər.

- Keçmiş günlərə qayıtmaq fürsətiniz olsaydı, “Əli Sami Yen”də oynamağa üstünlük verərdiz, yoxsa indiki “Rams Park”da?
- Fanatlarımızın mənim üçün səsləndirdikləri “Super Mario Jardel” təzahüratı indiyə qədər də qulağımdadı. “Real”la oyundakı atmosferi unutmaq mümkün deyil. Həmin mövsümlə bağlı inanılmaz xatirələrim var. O zamanki fanatların oyuna təsir etmək gücü mükəmməl idi. Çox təəssüf ki, o atmosferi doyunca yaşaya bilmədim. Ötən mövsüm “Qalatasaray”ın öz evində “Fənərbaxça”nı 3:0 məğlub etdiyi oyunda stadiondaydım. Aradan bu qədər illər ötməsinə baxmayaraq, fanatların həmin o coşqunu itirmədiklərini gördüm. Oyunçuları irəli səsləməyi bacarırdılar. “Qalatasaray” forması geyən hər kəs gözəl bilir ki, o azarkeşlər adamın tüklərini biz-biz etməyə qadirdi.

- Hazırda “Qalatasaray”da ən çox bəyəndiyiniz isimlər kimlərdi?
- İlk növbədə Muslera. Ondan sonra İkardi, Torreyra, Mertens. Barış Alpər Yılmaz da diqqətimi çəkməyi bacarıb. Yeni oyunçudu, amma özünü yaxşı tərəfdən göstərir. Komandanın yaxşı olması üçün onurğa sütunu sayılan futbolçular həmişə yaxşı oynamalıdı. Okan Buruk həmin futbolçulardan gözəl istifadə edir. Açığı, mən də bu heyətdə yer almaq istərdim.

- Adətən, braziliyalı futbolçular “Qalatasaray”da çox sevilir. Amma indiki heyətdə olan Tete ilə Vinisiusdan fanatlar o qədər də məmnun deyil.
- Bəli, adətən, braziliyalılar “Qalatasaray”da uğurlu olurlar. Teteni hələ “Qremio”dan tanıyıram. Böyük potensialı var idi, sonra “Şaxtyor”a transfer olundu. İndi uyğunlaşma kimi məqamlardan çox bəhs edirlər. Amma mən belə şeylərə inanmıram. Yaxşı futbolçu getdiyi hər yerdə yaxşı oynamalıdı! Belə problemlər əsasən gənc oyunçularda olur. Ümid edirəm ki, toparlanacaqlar.

- Sabiq komanda yoldaşınız Okan Burukun “Qalatasaray”ın məşqçisi qismində bu qədər uğurlar qazanacağını gözləyirdizmi?
- Mənim dövrümdə oynamış “Qalatasaray”lı futbolçuların güclü məşqçi olmaq üçün böyük potensiala sahib olduqlarını düşünürəm. Okan Buruk da bu yolu seçdi. İstiqanlı və təvazökar adamdı. Bizə çox yardım edirdi. Məşqçi kimi də bu cür etdiyi görünür. Oyunçularla ünsiyyət qurmaq bacarığı çox yüksəkdi. Bütün bunlarla yanaşı, Allah da ona yardım edir. Mən onun hələ bundan da çox uğur qazanacağını düşünürəm.

- “Qalatasaray”da vurduğunuz ən gözəl qol hansıdı?
- Əbəttə, superkubokda “Real”a vurduğum qol. Ümumiyyətlə, madridlilərə qarşı oyunlarım çox vaxt uğurlu alınırdı. Səhv etmirəmsə, onlara qarşı 4 oyunda 6 qol vurmuşam. Bir neçə ilə öncə “Portu”da İker Kasilyasla qarşılaşdım. Ondan “məni xatırlayırsanmı”, - deyə soruşdum. O da “bəli, həyatımı məhv etmişdin” cavabını verdi.

- “Qalatasaray”da oynadığınız dönəmin ən yaxşı “11-liy”ini düzəldə bilərsizmi?
- Çox önəmli isimlərlə oynamışam. Ona görə də çətinlik çəkə bilərəm. Amma Taffarel, Kapone, Bülənt Korkmaz, Popesku, Ərgün Pənbə, Fatih Akyel, Okan Buruk, Suat Kaya, Ümit Davala, Haci və özümü əlavə edərdim. İndiki heyətdə olanlardan isə Muslera ilə İkardini həmin heyətdə görmək istərdim.

- Aleks, yoxsa Haci? Ronaldo, yoxsa Messi?
- Aleksi tanıyıram. Amma mən Haciyə üstünlük verərdim. Eyni zamanda Ronaldo da mənim üçün Messidən üstündü. Kriştianonu bir müddət öncə Ər-Riyadda ziyarət etmişdim. Məni gördükdə “niyə gəlmisən” soruşdu. Mən də zarafatla “uşaq-muşağı” ziyarət etməyə gəlmişəm” dedim. Axır ki, məndən bir az baş zərbələrini öyrənə bildi. Bu qədər böyük futbolçuya çevriləcəyini gözləmirdim. Amma o vaxt bizdə - “Sportinq”də həmişə üzərində çalışırdı. Məşqə hər kəsdən bir saat tez gəlirdi. Özünə o qədər baxırdı ki, bəzən “bu uşaq böyüyəndə futbolçu yox, model olacaq” deyə düşünürdüm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
football-plus.az

1Mənbələr

Şərh ()
Bağla