AZ

LAÇIN: BÖYÜK QAYIDIŞIN TƏRKİB HİSSƏSİ...

...Bu gün ordumuzun rəşadəti, şəhidlərimizin qanı canı bahasına Laçına qayıdış, qürurdur, ləyaqətdir.

Məndən soruşardılarsa Laçın nədir?-o zaman cavab verərdim:-Laçın mədəniyyətdir, Laçın tarixdir, Laçın əzəmətdir, Laçın vüqardır, Laçın hər bir Laçınlıya və Laçını sevənlərə qibləgahıdır…

Laçınla bağlı laçınlıların düşüncə, dünyagörüş, təfəkkür müxtəlifliyi var. Lakin bu müxtəlifliyin özü, yaşından, cinsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün laçınlıları  LAÇIN SEVGİSİ ətrafında birləşdirir.  Laçına olan sevgidə heç kimin haqqı, heç kiminkindən üstün deyil, hər kəs Laçını bütün varlığı ilə sevir. Laçınlıların  ilahi sevgisinə 30 illik erməni qadağaları son qoya bilmədi. Müddəti uzanan qadağalar laçın sevgisini söndürə bilmədi, onu daha da alovlandırdı, daha da əzəmətli etdi.

Hər bir Laçınlı işğaldan sonra, Laçına qayıdışı zamanı xatirələrində qalan Laçına dönmək, “Şəhərin başı”, “şəhərin ayağı”, “Sabirin xaşxanası”, “Nurunun çayxanası”, “yuxarı Laçın”, “erteyis məhəllə”, “arduşlu məhəllə”, “çay məhəllə” onlarla bu kimi ünvanları ziyarət etmək istədilər. Lakin 30 illik işğalın yaratdığı müdhiş dəyişiklik bunu mümkünsüz etdi. Bundan sonra  yaşlı nəslinin düşüncəsində iki Laçın yaşayacaq biri xatirələrdə qalan, digəri müasir Laçın.

Müasirlik klassizmi inkar etmir, bəzən də onlar vəhdət təşkil edirlər. Bəzi soydaşlarımız böyük qayıdış astanasında Laçının əvvəlki görünüşünü olduğu kimi saxlanmasını arzulasalarda, bəzi texniki səbəblərdən,  bu mümkünsüz görünür. Bütün bu baş verənlərə baxmayaraq Laçına qayıdış hissini qürurla yaşayırıq, Laçın yenidən qurulur, Laçın yenidən doğulur… Yenidən doğulma isə bəzən yeni, bəzən də fərqli cəhətlərin yaranması ilə öz mövcudluğunu təsdiqləyir… Yenidən bərpa olunan və ya yenidən qurulan şəhərlərin  özünə məxsus şəhərsalma ənənələri olur, bu faktdır. Lakin müasir şəhərsalma memarlığı, milli memarlığın sintezi kimi yaradılanda bu həm də millətin, milli kimliyinin daşıyıcısına çevrilir. Şəhərlərin bərpası zamanı bəzi tarixi əhəmiyyətli binaların saxlanması, şəhərin tarixi keçmişini xatırlatmaqla yanaşı həm də şəhəri gözəl, maraqlı və baxımlı edir. Çünki dünyada şəhərlər həmişə müasirliyindən daha şox tarixiliyi iə xatırlanır.

Bütün dövrlərdə şəhərlərin inkişafında müasirlik, texnoloji yeniliklərin tətbiq edilməsi qaçılmaz olmuşdur. Şəhərlərin inkişafı və ya yenidən qurulması zəminində hazırlanan şəhərin baş planında müasir memarlığın tətbiqi ilə yanaşı, şəhərin tarixiliyinin qorunması da əsas şərt kimi gözlənilməlidir. Bəzi bazilika və məbədlərin bərpasında köhnə ənənələrin saxlanması, milli mədəniyyətin qorunması ilə səciyyələndirilsədə, eyni zamanda bu qurğuya qarşı insanlarda da hörmət və etiramın hissinin yaranmasına səbəb olmuşdur.

Adətən şəhərlərin yenidən qurulması zədələnmiş, zərər görmüş bina və qurğuların sökülərək sıradan çıxarılmasını zəruri edir.  Lakin buna baxmayaraq tarixi əhəmiyyəti olan, ölkə həyatında  hansısa bir bir hadisəyə və ya tarixi bir dövrə şahidlik edən bina və qurğuların saxlanmasına mütləq əməl etmək lazımdır. Bunlar həyatımızda əvəzsiz yeri olan tarix və mədəniyyət abidələri eləcədə monumental qurğulardır.

Laçın şəhərindəki, bədii və tarixi dəyəri olan tikililər, görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan (2-ci dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş abidə, Ana və Uşaq, N.Nərimanovun, Ə.Verdiyevin heykəlləri və s) kimi bu monumental qurğular, bir zamanlar Laçın şəhərinin gözəlliyinə rəng qatsalarda məlum səbəblərdən onlar sökülərək Laçının lanştafından birdəfəlik  siliniblər.
***

Laçın rayonu ərazisi tarix və mədəniyyət abidələri ilə kifayət qədər zəngin olsada, tarixi əhəmiyyətli binalar Laçın şəhərində barmaqla  sayılacaq qədərdir. Buna misal olaraq (Hərbi Komissarlığın binası, Müəllimlər evi, Prokrorluğun, Məhkəmənin, Qonaq evinin, Muzeyin binaları və bu qəbildən olan xüsusi əhəmiyyətli yaşayış evləri və s.,) göstərə bilərik. Bu binalar abidə kimi Dövlət reystrində qeyd olunmasalarda, Laçın şəhərinin tarixində mühüm əhəmiyyətinə görə bərpa edilib saxlanması mümkün hesab edilir.

Bu binaların qismən də olsa saxlanmasına nail olmaq üçün müvafiq qrumlara, “Azərbaycanın İşğaldan Azad Edilmiş Tarix və Mədəniyyət Abidələrini Müdafiə təşkilatı ictimai birliyi” adından müraciətlər ünvanlandı. Müraciətdə göstərildi ki, Laçın şəhərinin bərpası zamanı,  keçən əsrin əvvəllərində Laçın şəhərinin salınmasına şahidlik edən bir neçə binanın qismən və ya tam şəkildə saxlanmasına göstəriş verilsin. Ciddi texniki problemlərə baxmayaraq bu istəyə qismən  nail olundu.

Laçın şəhəri ərazisində saxlanması tələb edilən bina və qurğular, bəşəriyyətin maddi sərvətinin bir hissəsi olmaqla bərabər, bu binalar bədii və tarixi dəyəri olan tikililər olmaqla, Azərbaycanın milli memarlıq əsərləridirlər. Onlar eyni zamanda öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları kimi Laçın şəhərinin tarixində xüsusi əhəmiyyətə malikdirlər.

Laçın şəhərinin gözəlliyinə gözəllik qatan, XX əsr memarlığına uyğun kompozisiya ilə həllini tapmış Laçın şəhərindəki bulaqlardır. Onların əzəli görkəmlərində saxlanması bir çox vətənpərvər laçınlılarımızın arzusudur və bu bulaqların söküləcəyi tədqirdə etiraz edənlərində ola biləcəyini nəzərə alaraq bildirmək istəyirəm ki bu bulaqların saxlanması müəyyən qaydalara uyğun olmalıdır. Yəni bulaqlar ya abidə kimi qeydiyyatda olmalı və ya hansısa bir tarixi hadisə şahidlik etməlidirlər.

Bu bulaqlar üzərində nadir memarlıq elementlərinin olmaması və heç bir ölkə həyatı üçün önəmli tarixi hadisəyə şahidlik etmədiklərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin Dövlət reystrində abidə kimi qeydə alınmayıblar.  Bu bulaqlar  Sovet dövrü əhalinin su təminatında və şəhər lanşaftının ümumi kompozisiyasının həllində əhəmiyyətli rol oynasalar da bu  onların abidə kimi qeydə alınmalarına kömək etmir.

Bu bulaqların mövcud olduqları kimi qorunub saxlanmaları birbaşa Laçın şəhərinin indiki baş planınına necə uyğunlaşmalarından asılı olacaqdır. Əgər bu bulaqlar dayandıqları yerdə öz görkəmləri ilə (baş plana uyğun olaraq) şəhərin lanşaftına xələl gətirməzlərsə saxlana bilərlər. Əks halda onların sökülməsi, bir yerdən başqa yerə köçürülməsi və ya lanşafta uyğun formalarının dəyişdirilməsi qaçılmaz olacaqdır. Bunun üçün heç bir narahatlığa əsas olmamalıdır.

Tarixi nöqteyi-nəzərdən işğaldan azad edilmiş ərazilərdəki tarixi mədəni irsin tətqiqi  müasir şəraitdə   mədəniyyətin inkişafında əhəmiyyəti nəzərə alınmaqla abidələrin xüsusiyyətlərinin nəzərdə tutulan bölgülərə əsasən öyrənilərək bərpa edilməlidir. İşğaldan azad olunmuş  ərazilərdəki insanın həyat fəaliyyəti mühitinin keyfiyyətini müəyyən edən bədii-obrazların tətqiqinin həyata keçirilməsi, müasir dövrdə tarixi mədəni irs potensialının təbliği kimi  bərpa edilən ərazilərdə turizmin inkişafına da təkən verəcəkdir.

Faiq İsmayılov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla