AZ

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

Haaqa, 6 may, AZƏRTAC

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı, Azərbaycanın Niderlanddakı səfirliyinin və Diasporla İş üzrə dövlət Komitəsinin dəstəyi ilə Haaqada “Azərbaycan qadını kimdir” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Haaqadakı səfirliyində keçirilmiş konfransda əvvəlcə Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov konfransı giriş sözü ilə açaraq Azərbaycan cəmiyyətində qadının xüsusi yerinin və mövqeyinin olduğunu diqqətə çatdırıb. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, eləcə də elmi yaradıcılığının Azərbaycan qadınına nümunə olduğunu vurğulayıb.

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev çıxışında bildirib ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətdir. O, müasir Azərbaycan dövlətçiliyində də əsas vəzifələrdə qadınların təmsil olunduğunu qeyd edib.

BAK sədrinin müavini Sima Cəfərova isə Azərbaycan qadınının cəmiyyətdəki rolundan söz açıb.

Konfransda adı Azərbaycan tarixinə həkk olmuş görkəmli simalardan, diplomat, şair və mütəfəkkir qadınlardan danışılıb. Azərbaycan ərazisində bir zamanlar mövcud olmuş Massagetlər dövlətinin hökmdarı Tomrisdən, Sara Xatun, Məhsəti Gəncəvi, Ağabəyim Ağa, Natəvan və digər qadın məşhurlarımızın həyatı və fəaliyyəti barədə məlumat verilib.

Müxtəlif dillərdə yayımlanmış 40 kitabın müəllifi, İsveçdə yaşayan yazıçı publisist Eluca Atalı, səfirliyin əməkdaşı, şair, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lətifə Nuran tədbirdə öz şeirlərindən parçalar səsləndiriblər.

Sonda konsert proqramı təqdim olunub.

Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti sədrinin müavini Nemətağa Əliyev və Təhminə Günəş milli mahnılarımızı və rəqslərimizi təqdim ediblər.

Konfrans çərçivəsində Niderlandda fəaliyyət göstərən, Avropa ölkələrində sərgiləri təşkil olunmuş rəssam Vəfa Rüstəmovanın əsərləri, eləcə də həvəskar sənətçi Tahirə Məhəmməd rəsmləri, tərtibatçı dizayner Vəfa Kənanqızının əl işləri sərgilənib.

Tədbirdə Niderlandda yaşayan və fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Latviya, Ukrayna, Polşa və digər ölkələrin icmalarının üzvləri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
azertag.az

1Mənbələr

Şərh ()
Bağla