AZ

Yaşayış binalarının qarşısındakı ağaclar "quruyur": Təbii hadisə, yoxsa ticarət?

Bakının Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruması barədə məlumat vermişdik. Həmin məlumat sosial şəbəkələrdəki bir paylaşıma istinad edirdi. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, yeni istifadəyə verilən yaşayış binasının qarşısında yerləşən ağaclar quruyub. Ərazidə olan digər ağaclar isə qurumayıb, əvvəlki canlı görkəmini qoruyub saxlayıb. 


Sfera.az xəbər verir ki, bəhs edilən binanın birinci mərtəbəsində qeyri-yaşayış obyektləri yerləşir. Həmin obyektlərin yola yaxın olan səki hissəsinə daşlar döşənib və digər təmir işləri görülüb. Quruyan ağaclar da məhz təmir olunan, daşlar döşənən hissədə yerləşir. Bu nüans, yəni yalnız bina altındakı obyektlərin qarşısındakı ağacların quruması bunun təsadüfi olmadığına, ağacların məqsədli şəkildə qurudulmasına dair şübhələr yaradır. Təmir işləri zamanı ağacların dibinə beton tökülməsi və uzun müddət bu vəziyyətin qalması da bu şübhələri gücləndirir.


Obyektin qarşısında, geniş səkinin əhatə etdiyi ərazidə olan ağacların qurudulmasında xüsusi məqsəd də ola bilər. Böyük ehtimalla obyekt sahibləri avtomobillərin park edilməsi məqsədilə ağacları məhv etmək istəyiblər. Çünki ağaclar geniş səkidən daha “səmərəli” istifadə etməyə maneçilik yaradır. Səkidə ağaclar olmasa, burada daha çox avtomobil saxlamaq olar. Ağaclar olmasa, bu ərazini açıq məkanda iaşə obyekti üçün istifadə etmək də mümkündür. Görünür, buradakı ağaclar maraqlı şəxslərin ideyalarının gerçəkləşməsinə mane olub.


Faktın sosial şəbəkələrdə və mediada qabardılmasından sonra problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb. Qurumun rəsmisi İradə İbrahimova açıqlamasında bildirib ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruma səbəbini müəyyən etmək məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırma və monitorinq aparılıb.


İ.İbrahimova deyib ki, araşdırma zamanı bəzi ağacların dibinə beton töküldüyü müəyyən edilib və qurumuş ağacların dibindən torpaq nümunələri götürülüb.
Nazirlik rəsmisi analizlərin nəticəsinə əsasən, ağacların təbii səbəbdən, yaxud fiziki təsir səbəbindən quruduğunun məlum olacağını söyləyib. Əgər ağacların qurumasında insan faktoru olarsa, nazirlik qanunamüvafiq tədbir görəcək.


Nazirlik rəsmisi, həmçinin bildirib ki, hazırda ağacların dibi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən betondan təmizlənir.

 

Qeyd edək ki, İ.İbrahimova bu açıqlamanı ötən həftənin cümə günü verib. Aparılan analizin nəticələrini öyrənmək üçün Sfera.az İ.İbrahimova ilə əlaqə saxladı. Nazirlik rəsmisi açıqlamasında bildirdi ki, torpaq nümunələrinin analizinin nəticələri təxminən bir həftəyə hazır olacaq. Analizin nümunəsi hazır olan kimi nazirlik tərəfindən bu haqda mediaya açıqlama veriləcək.


  
Məsələ ilə bağlı ekoloq Telman Zeynalov saytımıza açıqlama verib.


“Ağacların dibi təsadüfən betonlanmır”, - deyən T.Zeynaloq bildirdi ki, bunu edənlərin məqsədi yaşıllığı məhv etmək, ərazidən şəxsi mənfəətləri üçün faydalanmaqdır: “Bu cür əməllər məqsədli edilir. Həmin şəxslərin məqsədi yaşıllığı məhv etməkdir. Görünür, onlara həmin ərazidə yaşıllığın, ağacın olması sərf etmir, onların işinə əngəl yaradır. Ağacın dibi bağlananda onun kökü nəfəs ala bilmir, su qəbul edə bilmir və nəticədə quruyaraq məhv olur. Bu məqsədə nail olmaq üçün ağacların dibi ya asfaltlanır, ya da betonla örtülür. Bu fəaliyyət məqsədlidir, təsadüfi deyil”. 


Tanınmış ekoloq hesab edir ki, qlobal istiləşmə probleminin aktual olduğu indiki dövrdə yaşıllıqları məhv etməyə çalışanlar bağışlanmamalıdır: “Çünki ağacları məhv etməyə çalışmaq təbiəti korlamaq cəhdidir. Qlobal istiləşmənin, iqlim dəyişikliyinin müşahidə edildiyi bir dövrdə belə bir addım atmaq bağışlanmaz səhvdir. Ağacların, yaşıllıqların məhvi temperaturun yüksəlməsinə səbəb olur”. 


T.Zeynalovun fikrincə, bu cür hallara qarşı tədbirlər sərt olmalı, cərimələr artırılmalı, cəzalar ağırlaşdırılmalıdır. Ekoloq yalnız bu yolla belə halların qarşısını almağın mümkün olduğunu vurğuladı: “Küçələrdə görürsən ki, kimsə siqaret çəkib, kötüyünü yerə atır. Siqaret kötüyünü yerə atan 100 manat cərimə edilsə, bu əməli təkrar etməz. Eynilə də ağacları, yaşıllıqları məhv edənlərə qarşı oxşar tədbirlər görülərsə, belə hallara rast gəlinməz. 


Bu kimi məsələlərə nəzarət tədbirləri də güclü olmalıdır. Şəhər yerlərində bu cür halların qarşısını almaq üçün, yaşıllıqlara nəzarəti gücləndirmək üçün yüksək səlahiyyətli, dövlət başçısının yanında fəaliyyət göstərən qurum olmalıdır. İmkan vermək olmaz ki, kim ağlına nə gəldi, etsin”. 


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
Mənbələr
Şərh ()
Bağla