AZ

Elmar Allahverdiyev: “Xarici ölkələrdə Azərbaycanın meyvə-tərəvəzinə maraq artıb” - MÜSAHİBƏ

Tərəvəz və bostan bitkilərinin yeni sortlarının yaradılması bəzi hallarda köhnə sortların öz əhəmiyyətini itirməsi və unudulması ilə nəticələnir. Lakin nəsildən-nəsilə ötürülən bu doğma dadın yenidən qaytarılması olduqca vacibdir. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun apardığı elmi tədqiqatlar nəticəsində bir sıra köhnə sortların bərpa edilməsinə nail olunub.

“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”

İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bununla bağlı müsahibə verib.

FED.az həmin müsahibəni təqdim edir:

- Elmar müəllim, Azərbaycan hansı tərəvəz və bostan bitkilərinin vətəni hesab edilir?

- Azərbaycanda bostançılığın hələ qədim dövrlərdən inkişaf etməsi ilə bağlı tarixi məlumatlar var. Məsələn, bizim ən qədim soğan sortlarımızdan olan Hövsan sortunun tarixi təxminən XV əsrə gedib çıxır və onun köhnə adı Şıxverdi və ya Şeyxverdidir. Rəvayət olunur ki, bu sortu Azərbaycana həmin dövrdə Ərəbistandan bir şeyx gətirib. Azərbaycan soğanın, sarımsağın mənşə mərkəzlərindən biri hesab olunur. Bunun da əyani sübutu hazırda dağlıq ərazilərimizdə, xüsusilə Lerik, Yardımlı, Qusar və digər bölgələrdə yabanı şəkildə soğan, sarımsaq bitkilərinin yetişməsidir. Ölkəmizi, həmçinin, qarpız və yemişin də mənşə mərkəzlərindən biri hesab etmək olar. Xüsusilə Arazboyu bölgələrdə, Mərkəzi Aranda, eləcə də qədim torpağımız olan Cənubi Azərbaycanda bostançılıq geniş yayılıb. Hətta tarixi nağıl və rəvayətlərimizdə də burada qarpız və yemişin yetişdirilməsi ilə bağlı məlumatlar öz əksini tapıb. Xüsusilə Zirənin qarpızı, Abşeronun Çaylı kəndinin və Kürdəmirin yemişləri çox məşhur olub. Bu sortların hamısı xalq seleksiyasının nəticəsində yaranıb. Nəzərə alaq ki, qədim dövrlərdə hər hansı bir qurum seleksiya və toxumçuluqla məşğul olmayıb. Əkinçilər öz təşəbbüsləri ilə, başqa sözlə, daha keyfiyyətli sort nümunələrini seçməklə seleksiya ilə məşğul olublar ki, buna da xalq seleksiyası deyilir. Bostançılar həmin sortları bu yolla artıraraq və inkişaf etdirərək nəsildən-nəsilə ötürüblər. Bununla belə, bir sıra tərəvəzlər ölkəmizə introduksiya olunub və bunun tarixi 100-150 ildən o tərəfə getmir. Məsələn, badımcançiçəklilər fəsiləsinə aid olan badımcan, pomidor, bibər və kartof ölkəyə 100-150 il əvvəl gətirilib. Bu tərəvəzlərin mənşə mərkəzləri Cənubi və Mərkəzi Amerika, həmçinin Cənub-Şərqi Asiyadır. Kartof Azərbaycana çar Rusiyası dövründə - təxminən 1850-60-cı illərdə Qafqaza köçən malakanlar və duxaborlar tərəfindən gətirilib. 150 ildən çoxdur ki, ölkəmizdə kartof əkilir və burada artıq milliləşmə gedib. Azərbaycanı həm də bir sıra yabanı tərəvəz bitkilərinin, məsələn, kəklikotunun, yarpızın, qulançarın, əvəliyin və digərlərinin vətəni hesab etmək olar.

Bizim ən qədim soğan sortlarımızdan olan Hövsan sortunun tarixi
təxminən XV əsrə gedib çıxır və onun köhnə adı Şıxverdi və ya Şeyxverdidir

- Adlarını sadaladığınız tərəvəz və bostan bitkilərinin qədim sortlarının itməsində hansı amillər rol oynayıb?

- Hələ qədim dövrlərdən insanlar əkin üçün təbii seçmə yolu ilə daha məhsuldar və xəstəliyə davamlı sortlar yeişdiriblər. Qədim sortların itməsinin səbəblərindən biri onların zaman keçdikcə yeni sortlara nisbətən məhsuldarlığının aşağı düşməsidir. Amma buna baxmayaraq, qədim sortlarımızı birmənalı şəkildə qoruyub saxlamalıyıq, çünki bu, ölkənin milli genofondudur və onların hər birinin öz tarixi var. Qeyd edim ki, bitkiçilik, seleksiya elmi inkişaf etdikcə daha məhsuldar və xəstəliklərə davamlı yeni sortların yaradılması əsas prinsiplərdən biri olub. Bu, zamanın tələbidir. Məsələn, Hövsan soğanının üzərində tədqiqat işləri aparılıb və “Yaxşılaşdırılmış Hövsan” sortu adı ilə Dövlət Reyestrinə daxil edilib. Bu sortun toxumu xüsusi izolyasiya olunmuş tor örtüklü istixanalarda yüksək səviyyədə qorunur. Ümumiyyətlə, soğankimilərin toxumçuluğu diqqət tələb edir. Belə ki, onlar çarpaz tozlananlardır və bir sort nümunəsi çox rahatlıqla digər sort nümunəsini tozlandıra bilir. Bunun üçün açıq sahə şəraitində sortlar arasında iki kilometrə qədər məsafə olmalıdır. Ona görə də təmiz xətli toxumların alınması üçün tor örtüklü istixana qurğularından istifadə edirik. Qeyd etdiyim kimi, artıq Hövsan sortunun orjinal toxumları yaxın vaxtlarda yığılacaq və xüsusi müasir avadanlıqlarla emal edilib qablaşdırılacaq. Bu gün əminliklə deyə bilərik ki, soğanın Hövsan sortunun itmə təhlükəsi sıfıra bərabərdir, bu qədim sort tam bərpa olunub.

Biz milli sortların, sort nümunələrinin toplanması məqsədilə ekspedisiyalar təşkil edirik. Belə səfərlərin birində Abşeronun Çaylı kəndində ahıl bir əkinçidən yemişin 6 qədim sortunun toxumlarını tapmışıq. Bu toxumları əldə edəndə onlar 10 ilə yaxın idi ki, əkilməmiş qalmışdı, keyfiyyətini itirmiş və cücərmə faizi çox aşağı düşmüşdü. Biotexnoloji üsullardan istifadə etməklə həmin toxumların çox az hissəsindən yeni bitkilər almağa nail olduq. Artıq Abşeron və Kürdəmir rayonlarında bu yemişlərin nümayiş əkinlərini aparmışıq. Keçən il onların dequstasiyasını təşkil etdik. Dadları və keyfiyyətləri olduqca möhtəşəmdir, şəkərliliyi çox yüksəkdir. Amma bir qədər məhsuldarlığı aşağıdır və xəstəliyə davamsızdır. Bu sortların adları da özləri kimi qədimdir: Reyhani, Sineyvaz, Şahnəzər, Qəndi, Bozdəli və Daşdadaş. Həmçinin, uzun illər öncə ölkəmizdə yetişdirilmiş kartof sortlarını da tapıb tədqiqata cəlb etmişik. Onların da üzərində iş gedir. Lerikdə sovet dönəmində əkilən çəhrayı kartofların toxumlarını tədqiqata cəlb etmişik. Artıq sağlam orijinal kartof yumruları əldə olunub. Həmin kartof və yemiş sortlarını Dövlət Reyestrinə daxil etmək fikrindəyik.

Kartof Azərbaycana çar Rusiyası dövründə - təxminən 1850-60-cı illərdə
Qafqaza köçən malakanlar və duxaborlar tərəfindən gətirilib

- İqlim dəyişikliyi sortların itməsində nə kimi rol oynayır? Bu problem Azərbaycanın daha çox hansı ərazilərində müşahidə edilir?

- Sortların itməsinin ən böyük səbəblərindən biri elə iqlim dəyişiklikləridir. Xüsusilə tərəvəz, bostan bitkiləri quraqlığa dözümsüzdürlər, mütəmadi suvarma olmadan bu bitkilərin inkişafı qeyri-mümkündür. İqlim dəyişikliyi həmin sortların daha yararsız hala gəlib çıxmasına səbəb olur. Bildiyiniz kimi, ölkədə ildən-ilə suvarma suyu azalır, torpaqların deqradasiyası baş verir, həmişə bol sulu olan çaylarda səviyyə aşağı düşür, dağlarda buzlaqlar əriyir. Milyon illər qabaq da iqlim dəyişiklikləri olub, bu proses indi də davam edir və dünya durduqca davam edəcək. Bu proseslər, sözsüz ki, heyvanlar aləminə, bitki örtüyünə öz mənfi təsirini göstərir. İqlim dəyişikliyinin yaratdığı problemlər Azərbaycanın, xüsusilə, düzənlik-ovalıq ərazilərində özünü daha çox göstərir. Bu bölgələrdə külək və su eroziyası, həmçinin qızmar günəşin yandırıcı şüaları torpağa, bitki örtüyünə çox ciddi təsir göstərir.

- Yeni əldə edilən sortların kütləviləşdirilməsi və onların əkin sahələrinin artırılması nəzərdə tutulur?

- Yeni sortlar yaradılarkən əsas məqsəd onların geniş fermer kütləsi tərəfindən əkinlərə cəlb edilə bilməsidir. Bu da o sortun yetişkənliyi, məhsuldarlığı, stres faktorlarına dözümlülüyü və s. parametrləri ilə səciyyələnir. Yeni sortlar əldə edildikdən sonra, ilkin olaraq, onların toxumçuluğu inkişaf etdirilir. Həmin sortlar fermerlər tərəfindən bəyənilirsə, əkini genişlənirsə, toxumçuluq işləri sürətlə aparılır və toxumlar fermerlərə təqdim edilir. Sortların yaradılması uzun sürən elmi-texnoloji bir prosesdir. Yeni sortlar müxtəlif parametrlərinə görə tədqiq edilir, fizioloji parametrləri, xəstəlik və zəzərvericilərə qarşı dözümlülüyü, becərmə texnologiyası və digər parametrləri öyrənilir. Son dövrdə yerli sortlarımızın seleksiya proseslərinə daha sürətli cəlb olunması üçün onların genetik markerlərinin oxunmasına başlanılıb. Yaxın gələcəkdə hər sortun genetik pasportunun hazırlanması mümkün olacaq ki, bu da həmin sortların Azərbaycana məxsus olduğunu sübut edəcək. Bu istiqamətdə müxtəlif elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığa başlamışıq.

Abşeronun Çaylı kəndində ahıl bir əkinçidən yemişin
6 qədim sortunun toxumlarını tapmışıq

- Fermerlərin qədim, yoxsa yeni sortlara daha çox marağı var?

- Burada iki yanaşma var. Bir qrup fermerlər, xüsusilə ixracla məşğul olanlar daha məhsuldar, xəstəliklərə davamlı, əmtəəlik görünüşü gözəl olan sortlara üstünlük verirlər, başqa qrup fermerlər isə daha çox köhnə milli sortları seçirlər. Bizim qədim sortlar dad və keyfiyyətləri ilə yadda qalırlar. Qədim sortlar məhsuldarlığına görə yenilərə, xüsusilə hibrid sortlara uduzsa da dadına görə yüksək pillədə dayanır. Qədim sortları seçənlər xüsusilə dada və orqanik məhsula üstünlük verən insanlardır. Amma ümumən fermerlərin ən böyük arzusu yerli sortların əkilməsidir. Ən önəmli məsələlərdən biri yerli sortların torpaq-iqlim şəraitinə daha rahat adaptasiya edilməsidir. Məsələn, hansısa xarici yüksək məhsuldar sort birinci il daha yaxşı məhsul verə bilsə də növbəti ildə torpaq-iqlim şəraitinə uyğun olmadığı üçün məhsuldarlıq aşağı düşür. Bizim qarşısımızda duran əsas məsələlərdən biri qədim sortların dadını, keyfiyyətini, formasını saxlayaraq onları daha məhsuldar hala gətirmək, xəstəliklərə qarşı daha dözümlü etməldir. Dediyim kimi, həm tam orijinallığı bərpa edərək genefondu qoruyub saxlayırıq, həm də ondan seleksiya prosesində istifadə edib yeni sortlar yaradırıq.

- Son dövrlərdə Dövlət Reyestrinə nə qədər yeni sort daxil edilib?

- Ölkəyə gətirilən və yerli bitki sortları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlət Reyestrinə daxil edilir. Burada həmin sortlar haqqında bütün məlumatlar öz əksini tapir. Həmçinin, yerli seleksiyanın nəticəsi olan sortların patent hüquqları qorunur. Bu siyahıda olmayan hər hansı bir sortun ölkəyə gətirilməsi mümkün deyil. İnstitutda bütün proseslər, inkişaf etmiş ölkələrdə olduğu kimi, yeni avadanlıqlar, istixana qurğuları və cihazlarla aparılır. Son 5-6 ildə daha aktiv şəkildə yeni milli sortların yaradılması məqsədilə seleksiya işlərini aparırıq. İnstitut yarandığı 1965-ci ildən indiyədək 60-dan çox sortu rayonlaşdıraraq qeydiyyatdan keçirib. Kartofun “Telman” sortu Gədəbəy, Tovuz və Şəmkirin bütün fermerləri tərəfindən geniş sahələrdə əkilir və insanlar tərəfindən çox sevilir. Biz də müasir toxumçuluq metodlarından istifadə edərək onun toxumlarını artırırıq. Son iki ildə 9 yeni kartof sortumuz Dövlət Reyestrinə daxil edilib. Bu, ölkəmizin aqrar sahəsi üçün çox böyük uğurdur. Bununla bərabər, 2 yemiş, 4 yeni səbzə tərəvəz, 2 sarımsaq sortu dövlət reyestrinə daxil edilib. Biz yeni bərpa etdiyimiz yerli sarı Xaçmaz sortunu da reyestrə daxil etməyi düşünürük. Hazırda 30-dan çox yeni sort patent alınması məqsədilə sınaqdan keçirilir.

Yeni sortlar yaradılarkən əsas məqsəd onların
geniş fermer kütləsi tərəfindən əkinlərə cəlb edilə bilməsidir

Qədim sortlara gəlincə, mən bir daha müraciət edərək bildirmək istəyirəm: kimdə qədim sortların toxumları varsa, nümunə kimi bizə təqdim etsinlər ki, alimlərimiz onların üzərində tədqiqat işləri aparıb sağlamlaşdıra və toxumlarını artıra bilsinlər.

- Milli genofondumuzda nə qədər sort haqqında məlumat var?

- Biz öz sortlarımızın daha əlçatan olması və seleksiya işlərinin daha sürətli aparılması üçün milli genofondumuzu yaratmışıq. Hazırda burada yerli və xarici sortlarla birlikdə 2000-dən çox sort nümunəsi saxlanılır. Bir çox tərəvəz və bostan bitkilərinin - pomidorun, bibərin, badımcanın, soğanın, qarpızın, yemişin, müxtəlif səbzə tərəvəzlərin, tərəvəz noxudunun, tərəvəz lobyasının və s. toxumları burada saxlanılır. Bundan başqa, kartofun seleksiyasının genişləndirilməsi üçün kolleksiyanı daha da zənginləşdirmişik, hazırda 200-dən çox sort nümunəsi qorunub saxlanılır. Biz onları biotexnoloji üsullarla şüşə qabların içində xüsusi in-vitro bitkilər kimi saxlayır, həmçinin istixana şəraitində virussuz şəkildə artırır, Tovuz və Gədəbəydə sahə şəraitində yetişdiririk. Seleksiyaçılara hər hansı bir parametrinə görə lazım ola biləcək ən dözümsüz, məhsuldar olmayan sortu belə, genofondumuzda saxlayırıq.

- Xarici ölkələrin yerli sortlarımıza marağı necədir?

- Bir çox ölkələrdə yerli orqanik sortlar yetişdirilir, Azərbaycanın da sortları orqanikliyinə və dad keyfiyyətinə görə fərqlənir. Belə sortların qiyməti digərlərindən baha olur. Bəzi dövlətlərdə məhsulun üzərində konkret olaraq onun orqanik olması qeyd edilir. Həmin qeyd qiymətə mütləq şəkildə təsir edir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə çox geniş yayılıb. Bizim sortlara, xüsusilə pomidor və kartofumuza Rusiyada maraq olduqca böyükdür, faraş kartofumuz bu ölkəyə ixrac edilir. Bu kartof may ayının sonlarına qədər yığılır və şimal qonşumuzun bazarlarına göndərilir. Burada, əsasən, Şəmkir və Cəlilabad rayonları öndə gedir. Faraş yığılması məqsədilə əkilən kartof “Telman” sortudur və fermerlər Rusiyada bu məhsulu çox baha qiymətə satırlar. Rusiyada bizim Bakı pomidorları da çox sevilir. Bu məhsullar dadına və keyfiyyətinə görə digər ölkələrdən ixrac olunan pomidorlardan kəskin şəkildə fərqlənir və buna görə də bazarda Azərbaycan brendi kimi formalaşıb.

Bizim sortlara, xüsusilə pomidor və kartofumuza Rusiyada
maraq olduqca böyükdür, faraş kartofumuz bu ölkəyə ixrac edilir

Azərbaycanın istehsalçıları, dövlət qurumları yerli tərəvəz-meyvə məhsullarının xarici ölkələrdə geniş yayılması üçün fəal iş aparırlar. Son dövrlərdə xarici ölkələrdə, xüsusilə Avropa, ərəb dövlətlərində bizim meyvə-tərəvəzimizə maraq artıb. Mən hətta bu yaxınlarda Azərbaycan narının müxtəlif sortlarını ABŞ-ın Florida ştatında əkib Azərbaycan brendi kimi təqdim edən həmvətənimizlə tanış oldum. Qeyd edim ki, milli pomidor sortlarımızın toxumlarını bir neçə xarici ölkəyə göndərmişik. Bu prosesin daha da genişlənməsi, milli sortların artırılması və təbliği işlərini davam etdirmək əsas prioritet istiqamətlərimizdəndir. (Vergiler.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla