AZ

Birinci Liqa klubunun futbolçuları saxlanıldı - Yeni qalmaqal

Futbol üzrə Azərbaycan Birinci Liqasında oyun alqı-satqısı, danışılmış oyunlarla bağlı qalmaqallar tükənmək bilmir.

Arena.az xəbər verir ki, hazırda bu məsələdə şübhəli bilinən klublardan biri də “Difai Ağsu”dur.

Belə ki, bu komandanın formasını geyinən futbolçulardan bir neçəsi ötən gün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən sorğu-sual edilib.

Məsələni dəqiqləşdirmək üçün Ağsu klubunun prezidenti Asəf Məlikovla əlaqə saxladıq. Onun Arena.az-a açıqlaması belə oldu:

“Dünən oyunçularla söhbət etdim. Dediklərinə görə, onları mövzu ətrafında suallara cavab vermək üçün çağırıblar. Prosedura görə, telefonları da yoxlanılıb. Əgər günahkar olan varsa, doğma qardaşım belə olsa, həm klub, həm də şəxs olaraq bağışlamarıq. Hüquq mühafizə orqanlarının necə fəaliyyət göstərdiyini hər kəs bilir. Hazırda bu mərhələ üçün nəsə demək doğru olmaz. Bu işin gedişinə təsir göstərmək kimi qiymətləndirilə bilər. Biz ədalətin bərqərar olmasından yanayıq”.

Xatırladaq ki, Birinci Liqanın 10-cu turu çərçivəsində baş tutan “Zaqatala” – “Difai Ağsu” matçı əsasında araşdırma davam edir. Bununla bağlı rəsmi qərarların daha sonra açıqlanması gözlənilir.

Bu mövsüm Birinci Liqada “İrəvan”ın futbolçuları ilə də bağlı oxşar araşdırma aparılmış və bir neçə nəfər ömürlük futboldan kənarlaşdırılmışdı. Hətta digər klubların da bir neçə oyunçusu danışılmış oyunlardan xəbərdar olduqları haqda bunu vaxtında bəyan etmədiklərinə görə müxtəlif cəzalarla üzləşmişdilər.

Qeyd edək ki, hazırda bu turnirdə “Qaradağ Lökbatan” 24 turdan sonra 52 xalla vahid liderdirsə, “Difai Ağsu” 20 xalla 9-cu pillədə qərarlaşıb.

Nahid Ustaclı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla