AZ

Azərbaycanda alimlik və elmi təcrübənin “fəlsəfi formulu”

II məqalə

Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur...Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının, təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Əvvəlki məqalədə qeyd etmişdik ki, Azərbaycanda müasir mərhələdə alimlik və elmi təcrübənin fəlsəfi araşdırılması zəruridir. Bu fəlsəfi-elmi problemə alimlikdə ünsiyyət və bilik paylaşımı təcrübəsi kontekstində yanaşmaq aspektini önə çəkmişik. Çünki məsələ çoxaspektlidir və mürəkkəb məzmuna malikdir. Biz yalnız müasir mərhələdə alimlik və elmi təcrübənin kommunikativ tərəfinə nəzər salacağıq. Öncə, bir məqama aydınlıq gətirək. 

“Müasir mərhələ” dedikdə, XX  əsrin ikinci yarısından bu yana olan dövrü nəzərdə tuturuq. Əlbəttə, problemin uzun dövr üçün götürülməməsi nəticəsində yanaşma qüsurlu ola bilər. Ancaq qəzet materialının imkan verdiyi sərhəd də vardır. Bundan başqa, şübhə yoxdur ki, alimlik və elmi təcrübənin fəlsəfi təhlili Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu və yeni tarixi mərhələdə milli ideyanın başlıca tezislərinin müəyyən edilməsi kontekstində əhəmiyyəti daha vacibdir. Xüsusilə ona görə ki, Azərbaycan Prezidenti və lideri cəmiyyəti, onun ziyalı kəsimini milli ideya kimi, strateji xarakterli məsələni müzakirə etməyə səsləmişdir. Dövlət başçısının bu dəvətinin mənasını adekvat anlamaq üçün alimlər də öz növbəsində “Biz kimik?”, “Alimin müasir cəmiyyətdə yeri və rolunu adekvat necə müəyyən etmək olar?”, “Alimliyin şəxsi məntiqi və psixoloji parametləri ilə onun sosial funksionallığı və məsuliyyəti arasına nisbət necə olmalıdır?” və s. kimi suallara cavab axtarılmalıdır. Bu aktual özəlliklər istər-istəməz “alim identikliyi” anlayışının Azərbaycan nümunəsində fəlsəfi anlamını aktuallaşdırır.   

Alim identikliyi: dünyada

Bu, özlüyündə çoxparametrli və mürəkkəb fenomendir. Xüsusilə, müasir tarixi mərhələdə hər bir anlayışın məzmununun dinamik dəyişdiyi bir dönəmdə, ümumiyyətlə, identikliyi, o cümlədən, az araşdırılan “alim identikliyi”ni fəlsəfi “ölçmək” asan iş deyildir. Bizim üçün məsələnin iki miqyası vardır. Birinci, dünya üçün alimlik identikliyi mövzusu. İkincisi, müasir şərtlər daxilində Azərbaycanda alimliyin identikliyi məsələsi. 

Dünya miqyasında alimliyin identikliyi araşdırılır. Qərbdə bununla bağlı yeni anlayışlar da meydana gəlmişdir. Onların sırasında “incimiş intellektlər”, “prekarlar”, “frilanslar”, “nomadalar”, “rəqəmsal köçərilər” və digər terminlər işlədilir. “İncimiş intellektlər” termini Qərbdə informasiya mənbələrinə əlçatanlıqları məhdud olan alimləri əhatə edir. Digər terminlərin hər biri indiki cəmiyyətlərdə yaradıcı insanların mövcud sistemdənkənar elmi fəaliyyətdə olmasının müxtəlif aspektlərini ifadə edirlər. Onların hamısını “prekariat” termini altında birləşdirmək olar. Bu terminin fəlsəfi və sosial-kulturoloji mənası yaradıcı insanla mövcud elmi institutlaşma arasında meydana gəlmiş münasibətlərin ziddiyyətli olması ilə bağlıdır. İngiliscə “precarious”dur və mənası “etibarsız”, “inamsız” deməkdir. Bu termini keçən əsrin 80-ci illərində fransız sosioloqlar irəli sürmüşlər. Termin mövsümi işçilərə aid edilirdi və daimi iş yeri olmayan kateqoriyanı nəzərdə tuturdu. Sonra britaniyalı sosioloq Q.Stendinq yaradıcı insanları (rəssamları, jurnalistləri, dizaynerləri) də həmin kateqoriyaya aid etdi və təhlükəli bir sinfin yarandığı haqqında fikir irəli sürdü. Hesab edirdi ki, sistemə bağlı olmayan və azad fəaliyyət göstərən yaradıcı adam cəmiyyət üçün təhlükə törədə bilər. 

Sonralar filosoflar bu anlayışı, bütövlükdə, alimlərə aid etdilər. Filosof İ.T.Kasavin prekarları müasir cəmiyyətdə alimlərin bir qrupu kimi təqdim edir. S.V.Şibarşina isə “prekarlar köçəri alimlərdir” fikrini yazır. “Prekarlar” termini çətiri altında “frilanserlər” (bu söz ilk olaraq “azad rəssamlar”ı ifadə edirdi) və “rəqəmsal köçərilər” (“dijital nomad”) terminləri də işlənməyə başlamışdır. Frilanser azad, daimi iş yeri olmayan, konkret proqramlar üzrə muzdla çalışan alimdir. “Rəqəmsal köçəri” isə mobil həyat tərzi keçirən, müasir rəqəmsal texnologiyalardan geniş istifadə edərək dünya miqyasında yer dəyişən araşdırmaçıdır. “Nomad” termini də həmin anlamda, ümumiyyətlə, “alim-köçəri”ni ifadə edir. 

Məsələnin fəlsəfi-elmi təhlilinin dərinliklərinə baş vurmayaq. Aydındır ki, nümunə kimi gətirilən terminlər, bütövlükdə, alimliyin identikliyini daha da mürəkkəbləşdirmişdir. “Kim alimdir?” sualına cavab vermək elə də asan məsələ deyil. Sosial kontekstdə isə “Alim cəmiyyətə xidmət etməlidirmi?” sualını meydana gətirir. Azad frilanser “Hansı səbəbə görə vətəndaşı olduğu dövlətə xidmət etməlidir?”  sualını da həmçinin. Etiraf etmək lazımdır ki, qloballaşmanın təsiri ilə alimliyin yeni identikliyi (məsələn, trans-identiklik) formalaşa bilər. Burada hələ M.Veberin vurğuladığı elmi fəaliyyətin institusional təşkili ilə yaradıcı insanın daxili “canatması” arasında köklü ziddiyyəti də inkar etmək olmaz. Ancaq K.Bernar XIX əsrdə yazırdı ki, “incəsənət məndir, elm bizik”. Bundan başqa, müasir tarixi mərhələdə elm başlıca olaraq institusional təşkilati formada kollektiv yaradıcılığın məhsulu kimi aparıcı rol oynayır. 

Nəhayət, hər bir cəmiyyətin keçdiyi elmi yolu və qazandığı elmi təcrübəni mütləq nəzərə almaq gərəkdir. Bu, olmasa, kənar cəmiyyətlərdə özünü göstərən alimlik formalarının kor-koranə ölkəyə tətbiqi faciəvi nəticələr verə bilər. Bu baxımdan Azərbaycan alimliyinin identikliyi və elmi fəaliyyət təcrübəsinin öz məzmunu vardır. Buna görə də əgər “elm bizik” formulunu qəbul etsək, Azərbaycanda alimliyin və elmi təcrübənin öz dinamikası və xarakteristikası olduğuna inanarıq. Bu prizmada müasir mərhələdə Azərbaycan aliminin identikiliyinin mühüm bir cəhəti üzərində dayanmaq istərdik.

... və Azərbaycanda 

İndiki mərhələdə Azərbaycanda alimlik identikliyini milli ideya ilə bağlılıqda nəzərdən keçirməyin faydası vardır. Azərbaycan Prezidentinin milli ideya ilə əlaqəli yuxarıda vurğuladığımız dəvəti həmin kontekstdə tam şəkildə istiqamətverici məqamdır. AMEA-nın 70 illiyinə həsr edilmiş yubiley tədbirində Prezident İlham Əliyev demişdi: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

Prezdentin bu fikirləri yeni tarixi mərhələdə Azərbaycan aliminin identikliyinin sosial-mədəni aspektinin əsas faktorlarını müəyyən edir. Azərbaycan alimi şəxsi fəaliyyəti və fərdi yaradıcılıq maraqlarını arxa plana atmadan ölkə və cəmiyyət üçün aktual olan məsələlərin öyrənilməsində və həll edilməsində fəal mövqe tutmalıdır. Bunun üçün kifayət qədər institusional baza da mövcuddur. AMEA bu baxımdan da yeni mərhələ üçün strateji vacib təşkilat kimi diqqət çəkir. Bunun konkret tarixi və sosial-mədəni səbəbləri mövcuddur. 

AMEA və alim identikliyi 

AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyev belə fikir ifadə etmişdir: “Bu 70 ildə akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq, ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər”. 

Əlbəttə, bu cür yüksək qiymət ulu öndər Heydər Əlliyevin AMEA-ya verdiyi dəyərdən qaynaqlanır. Çünki Heydər Əliyev Azərbaycanda alimlik və elmi təcrübənin cəmiyyətdəki yeri və rolunu dərindən müəyyən etməklə AMEA haqqında fikir söyləmişdir. Bu prizmada Azərbaycanda elmin və alimliyin müasir mərhələdə keçdiyi yola baxanda görürük ki, universitetlərlə və institutlarla yanaşı, AMEA-nın alimlik identikliyi və elmi təcrübə ənənəsinin formalaşmasında rolu ayrıcadır. Bunu heç kəs inkar edə bilməz. 

Məsələn, sovet dönəmində hətta ali məktəblərdən AMEA-ya işə gələnlər ilk olaraq alimlik üçün daha əlverişli şəraitin və mühitin mövcudluğu ilə seçimlərini izah edirdilər. Sovet dövründən başlayaraq AMEA-da Azərbaycan aliminin konkret obrazı formalaşmışdır. Alimlik də buna uyğun qiymətləndirilmişdir. Onu vurğulayaq ki, həmin obrazın mərkəzində Azərbaycan cəmiyyətində ənənəvi olaraq formalaşmış, ümumiyyətlə, ziyalı obrazı dayanır. Azərbaycan ziyalısı elmi qabiliyyəti ilə mənəvi-əxlaqi dəyərlərini, mədəni özəlliklərini və maarifçilik xüsusiyyətlərini özündə ehtiva etməlidir. 

İndiki BDU-nin 1982-ci il məzunu kimi, şəxsi təcrübəmi xatırlaya bilərəm.: O dövrdə biz AMEA-ya təyinatı prirotet sayırdıq! Tək-tək məzuna bu, qismət olurdu! Şəxsən mən ala bilmədim, lakin Kəlbəcər kimi gözəl bir guşədə müəllimlik etmək hüququ qazandım!

Bu təsəvvvür xüsusi tarixi və mədəni dinamikadan qaynaqlanır. Məsələ ondan ibarətdir ki, həm cəmiyyətin və dövlətin sakit, sabit fəaliyyət dönəmində, həm də həssas məqamlarda ön plana Azərbaycan ziyalılığı çıxmışdır. Ziyalılıq həm də ağsaqqallığın və müdirkliyin sinonimi kimi cəmiyyətə birləşdirici, münaqişələri yoluna qoyan və inkişafa yönəldən faktor olaraq özünü göstərmişdir. Azərbaycan ziyalısı bu anlamlarda həm də cəmiyyət üçün ağsaqqal kimi qəbul olunmuşdur. 

Buna görədir ki, AMEA-nın rəhbərliyi daim dövlətin yuxarı məqamlarında belə yüksək mövqe tutmuşdur. Onların fikirləri çox önəmli sayılmışdır. İndiki mərhələ də  əvvəlkilərdən bu aspektdə heç nə ilə fərqlənmir. Müasir mərhələdə də AMEA rəhbərliyi dövlət rəhbərliyi üçün çox önəmli statusa malikdir və bu da çox yaxşı haldır. Eyni zamanda, məsələnin AMEA-nın fəaliyyəti ilə bağlı mühüm bir cəhəti vardır. 

AMEA indi dövlətin, ökənin və cəmiyyətin ən aktual məsələlərini ciddi nəzərə alaraq, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində fəaliyyət göstərmək nümunəsini yaratmaqdadır. Bu təşkilat həmin aspektdə indiki mərhələdə alimlik identikliyinin və elmi təcrübənin ötürülməsinin nümunəsini formalaşdırır. “Azərbaycan alimi necə olmalıdır?” sualının fəlsəfi və elmi cavablarını ortaya qoyur. Bu sırada hansı identiklik faktorlarını vurğulaya bilərik?

a) Dövlətə bağlılıq       

Bu identiklik faktoru AMEA-da ön sıradadır. Təşkilatın rəhbərliyi həmin istiqamətdə fəaliyyətini dövlət başçısının qarşıya qoyduğu vəzifələr kontekstində ardıcıl həyata keçirməkdədir. Azərbaycan alimi dövlətə bağlı olmalıdır! Müasir dövrün ən aktual və vacib tələbi bununla əlaqəlidir. Deməli, yuxarıda vurğuladığımız və alimliyin yeni formaları ilə bağlı bir sıra məqamlar arxa plandadır. Azərbaycan üçün alimliyin və elmi tədqiqatın instutisional formasının inkişafı aparıcıdır. Başqa təcrübə də yoxdur. 

Bu ölkədə sırf alimliyin və elmi təcrübənin əsas hissəsinin ötürülməsinin forması, məzmunu və mexanizmləri birbaşa AMEA ilə bağlıdır. Yenə təkrar etmək istərdik: ölkənin ali təhsil ocaqlarında ömrünü təhsilə və elmə həsr etmiş çox sayda alim və müəllimlərimiz qarşısında baş əyirəm. Onların zəhməti, mənəvi-əxlaqi və mədəni fəaliyyətləri çox önəmlidir! 

Lakin etiraf etmək gərəkdir ki, institusional təşkilati aspektdə AMEA alimlik və elmi təcrübə istiqamətlərində aparıcıdır. Azərbaycan alimliyinin identikliyi və təcrübənin ötürülməsi mexanizminin formalaşması, konkret məzmun alması bir çox aspektlərdə AMEA ilə bağlıdır. O cümlədən, müasir alimliyin identikliyində dövlətə bağlılığın sistematik, ardıcıl, proqramlar çərçivəsində təmin edilməsində və kollektiv yaradıcılıq nümunələrində AMEA aparıcı rol oynamaqdadır. 

Vurğuladığımız identiklik baxımından daha bir faktorun – alimin kollektiv komandanın üzvü kimi identikliyinin əhəmiyyəti xüsusən böyükdür.

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
46
Mənbələr
Şərh ()
Bağla