AZ

İran xalqı müharibə xülyasına uymur

İranın İsrailə son hücumu bir çox siyasətçilər tərəfindən üçüncü dünya müharibəsinin başlanğıcı mesajı kimi qəbul edilmişdi. Ancaq vəziyyət heç də gözlənildiyi kimi olmadı. İsrail İranın yersiz hücumuna kəskin cavablar vermədi. Situasiyanı ən yüngül halda belə şərh etmək olar: İsrail hökuməti PUA-sı qonşu ölkənin elektrik məftilinə ilişib gülünc vəziyyətə düşən İranı ciddiyə almadı. 

Maraqlıdır, İsrailə qarşı illərdir, düşmənçilik siyasəti aparan İran rejimi bu məsələdə xalqdan nə qədər dəstək alır? Kiçik bir sosial araşdırma kifayətdir ki, İranın xarici siyasətdə yürütdüyü bu kursun yerli əhali tərəfindən dəstəklənmədiyini görəsən. 

“Molla rejimi xalqı təmsil etmir”

Ölkədə gedən proseslərdən bəllidir ki, İran əhalisi şəriət rejimindən və ölkəni iqtisadi-siyasi geriliyə, həmçinin beynəlxalq təcrid vəziyyətinə salan Xamneyi hakimiyyətindən cana doyub. Üstəlik, İsraillə arzu olunmayan bir zamanda, heç kimə fayda gətirməyəcək mənasız və yersiz müharibə təhlükəsi bu narazılığı daha da artırır. 

Araşdırmalara görə, İranda bu il  keçirilən seçkilərdə əhalinin iştirak qabiliyyəti ölkə tarixində ən aşağı göstərici olub. Son illərdə molla rejimi əleyhinə nümayişlərdə qətlə yetirilən, həbsə atılan, repressiya edilən yüzlərlə vətəndaşın faciəsi molla hökumətinin İran xalqını təmsil etmədiyini aydın şəkildə ortaya qoyur. 

Sırf İsraillə münasibətlərə gəldikdə isə iranlılar – istər türklər, istərsə də farslar İsrailə heç də mənfi münasibət bəsləmirlər. Bu fikirləri xaricdə yaşayan iranlıların özləri etiraf edir. 

ABŞ-ın Klemson universitetinin tarix və siyasi elmlər üzrə baş müəllimi, “İranlılar nə istəyir: azad qadın, həyat, azadlıq” kitabının müəllifi Araş Əzizinin sözlərinə görə İran xalqı bir çox məsələlərdə olduğu kimi, İsrail mövzusunda da ölkədəki rejimlə həmfikir deyil: 

“Son bir neçə ayda bir çox ərəb ölkələrində İsrailə qarşı kütləvi nümayişlər keçirilib. Lakin İranda bu məsələ ilə bağlı aksiyalar baş tutmayıb. Əslində, İsrail və HƏMAS arasında 2023-cü ilin oktyabr ayında başlayan hərbi əməliyyatların ilkin mərhələlərində sadə iranlılar rejimin antiİsrail kampaniyasına açıq şəkildə etiraz edərək öz  həyatlarını riskə atıblar”. 

“Antiisrail mitinqi”nə maraq yoxdur 

Digər tərəfdən, İran əhalisi vaxtilə müharibə dəhşətlərini yaşamış toplumdur. Təxminən səkkiz il davam edən 1980-1988-ci illər İran–İraq müharibəsi 2 milyona qədər insanın ölümü ilə nəticələnmişdi. Daha sonra paytaxt Tehran da daxil olmaqla bir çox İran şəhərləri bombalandı. Əlbəttə, o ağır illəri xatırlayan İran xalqı həmin ağrılı-acılı təcrübəni bir də heç vaxt təkrarlamaq istəməz. 

Öz növbəsində molla rejimi İsrailə etdiyi hücuma ictimai dəstək nümayiş etdirməyə çalışsa da nəticələr rejim üçün ürəkaçan olmadı. Tehranda İsrail əleyhinə keçirilən mitinqin videosundan açıq-aydın görünür ki, İran tv-lərinin “kütləvi nümayiş”, “çoxminlik izdiham” kimi təqdim etməyə çalışdığı meydanda 100-200 nəfərdən çox adam olmayıb. Həmçinin bu qəbildən olan digər tədbirlərə də demək olar, gedən yoxdur. 

İranda müharibə təlaşı 

Analitiklərin fikrincə, İran xalqına aydındır ki, onların əsas  düşməni İsrail deyil. Müharibə isə sadə iranlının həyatına  yalnız və yalnız yeni repressiyalar, yeni məhrumiyyətlər gətirəcək. İnsanların müharibə qorxusunu təkcə bu fakt kifayət qədər aydın göstərir: əhali İsrailə hücum xəbərini eşidər-eşitməz, yanacaqdoldurma məntəqələrində və supermarketlərdə növbəyə düzülərək izdiham yaradıblar. Mağazalarda zəruri ərzaq malları, apteklərdə tibbi vasitələr saatlar içində satılıb qurtarıb. 

Bir sözlə, İran əhalisi İsraillə qorxulu müharibənin gətirəcəyi fəlakətlərə görə molla rejiminin məsuliyyət daşıdığı fikrindədir. Ölkədəki həmkarlar ittifaqları artıq bu barədə açıq mövqe nümayiş etdirirlər: 

“İsrailə yüzlərlə pilotsuz təyyarə və raket atmaqla, islam respublikası 90 milyonluq əhalini külə döndərəcək bir müharibəyə başlayır”. “Molla rejimi İranı məhv etmək yönündəki son missiyasını tamamlayır” və s. 

Sosial şəbəkələrdə “no-war” həştəqi ölkə daxilində və xaricdə minlərlə iranlının yazdığı postlarda istifadə olunur. İran əsilli amerikalı hüquqşünas və məşhur TikTok bloqçusu Elika Le Bon sosial şəbəkədə videomüraciətlə çıxış edərək, İran xalqının müharibə istəmədiyini, İran rejiminin öz vətəndaşlarına və İsrailə qarşı cinayətlərini sadalayıb: 

“Biz İsraillə sülh istəyirik. İranda yaşayan insanlar  dəfələrlə bunu deyiblər. Hələ 2012-ci ildə, nüvə proqramına görə İsrailin İrana hücum edəcəyi ilə bağlı söhbətlər yayılanda minlərlə sadə İran və İsrail vətəndaşı “İsrail İranı sevir”, “İran İsraili sevir” başlıqlı səmimi  mesajlar yazaraq internetdə dostluq statusları paylaşırdılar. Bu, iki dost xalqın biri-birini öldürməmək istəyidir. Bu, xalqların antimüharibə bəyanatıdır. Və bu fundamental reallıq o vaxtdan bəri öz qüvvəsindədir” – deyə ictimai fəal bildirib. 

Dostluq necə düşmənçiliyə çevrildi?

Əslində tarixə nəzər salsaq, görərik ki, İsraillə İran arasında münasibətlər İranda islam inqilabından sonra korlanmağa başlayıb. Hələ 1970-ci illərin əvvəllərində İsraillə ərəb ölkələri arasında münaqişənin genişlənməsinə baxmayaraq şah rejimi İsraillə yaxın münasibətlər qurmuşdu. 

Yaranmasının birinci ildönümündə İsraili müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə olub.  Bundan sonra İran hökuməti xarici təsirlərdən narahat olmadan İsraillə  rəsmi münasibətlər qura bildi. Həm də Türkiyə ilk addımı atandan sonra İran 1950-ci ildə İsraili de-fakto tanıdı. 

Lakin İran şah dövründə İsraillə əlaqələrini açıq nümayiş etdirməkdən çəkinirdi. Səbəb sadə idi: ərəb dünyası ilə onsuz da pis olan münasibətləri daha da  korlamaq İrana sərf etmirdi. 

Məsələn, İran diplomatları İsrailə Türkiyədən keçərək gedirdilər və öz pasportlarında yəhudi dövlətində olduqlarını heç vaxt qeyd etdirmirdilər. İranın İsraildə fəaliyyət göstərən 6 diplomatı rəsmi olaraq İsveçrədə fəaliyyət göstərirmiş kimi qeydiyyatdan keçmişdi. Eyni zamanda, İsrail nümayəndələri də Tehrana gizli şəkildə  gəlib - gedirdilər. 1971-ci ildə İran dövlətçiliyinin 2500 illiyi münasibəti ilə keçirilən tədbirə İsrail nümayəndələri  dəvət edilmədi. Buna səbəb kimi tədbirin ərəbdilli ölkələr tərəfindən baykot ediləcəyi göstərildi. İsrail də öz növbəsində məsələni anlayışla qarşıladı. 

İran-İsrail münasibətləri getdikcə dərin müstəvidə inkişaf edirdi. Belə ki, İranın xüsusi xidmət orqanı SAVAK ilə İsrailin MOSSAD təşkilatı sıx işbirliyində idilər. İsraillə İranın dostluğu hakim dairələrdə və xalq arasında dəstəklənirdi. Xomeyninin təsiri altında olan dini elita isə bu əməkdaşlığın əleyhinə idi. 1971-ci ildə Xomeyni  xütbələrindən birində İsraili bütün müsəlmanların və İslam dünyasının düşməni elan etdi. Bununla da İranda antiisrail siyasət yenidən cücərdi. 1979-ci il İslam inqilabından başlamış ta indiyədək bu siyasət davam etməkdədir.

Murad Köhnəqala

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla