AZ

Naxçıvanda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya təşkil olunub

AR Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.


Sosial tibbi aksiya iştirakçıları əvvəl Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

 

Naxçıxan Mərkəzi Xəstəxanasında keçirilən tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb personalı və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən sosial tibbi aksiyanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Mərkəzi Gömrük Hospitalından və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan aksiyaya cəlb edilmiş yüksəkixtisaslı mütəxəssislərdən ibarət tibbi briqada bir gün ərzində müraciət edən şəhid və qazi ailələrinin üzvlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərəcəklər.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov 3 gün ərzində keçirilən “Naxçıvan sağlamlıq günləri”nin önəmindən danışaraq, deyib: “Respublikanın aparıcı mütəxəssislərindən ibarət bir heyətlə xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi xidmət göstərmək, bununla yanaşı elmi konfrans həyata keçirərək dünya üçün, ölkəmiz üçün aktual olan, tibbin ən innovativ sahələrindən biri olan orqan çatışmazlığından əziyyət çəkən insanlarda orqan transplantasiyasının həyata keçirilməsi metodları, bu əməliyyatların icrası üçün beyin ölümü diaqnozunun qoyulması mövzusu geniş tərkibli yerli və xarici ölkələrdən dəvət olunmuş ekspertlərlə birgə müzakirə olundu. Düşünürəm ki, bu müzakirələr bu gün ölkədə bütün sahələrdə aparılan islahatlar kimi sosial sahənin ən vacib elementi sayılan səhiyyə sahəsindəki islahatlara kiçik də olsa, bir töhfədir. Bu aksiyalar bir daha ölkəmizin bütün vətəndaşlarının, eləcə də Azərbaycan səhiyyə işçilərinin bu gün də, sabah da öz qazilərinin, öz şəhid ailələrinin yanında olmasını göstərən əyani sübutdur”.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının və hospitalın rəsmi tərəfdaşı olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi xidmət göstəriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
2
Mənbələr
Şərh ()
Bağla