AZ

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

Bəlkə də dünən son dəqiqələrdə buraxılan qol yekunda “Sumqayıt”a avrokuboklar bahasına başa gələcək. Çünki mövsümün elə vaxtıdır ki, autsayderlərlə oyunlarda xal itirmək olmaz.

Lakin ötən tur “Zirə” də eyni səhvi etmişdi. Üstəlik, “Sumqayıt” səfərdə oynayırdı və heç olmasa, bir xal qazandı. “Kimyaçılar”ın təqvimi rəqibləri ilə müqayisədə asan olsa da, dünən qələbə qazanılsaydı, komanda daha rahat olardı.

İnsaf naminə, oyunda üstün tərəf qonaqlar idi. “Kəpəz”in bir neçə əsas oyunçudan məhrum olması buna şərait yaratmışdı. Gəncəlilər top buraxarkən komandanın dönüş etməyə gücü çatmayacağı görüntüsü var idi. Doğrudur, qələbə qazanılmadı, amma azlıqda qalan komandanın xalı qoparması qeyd olunmalıdır.

Bu heç-heçə hər iki komandanın ürəyincə olmadı. “Kəpəz” “Araz-Naxçıvan”ı ötdüsə, “Sumqayıt” 2-ci pillədə möhkəmləndi. Amma turbitməyib və hər iki komandanın geriləməsi mümkündür. Xüsusilə “kimyaçılar”ın 4-cü pilləyə enmək ehtimalı var.

“Sabah”la “Zirə” qalib gəlsə, “Neftçi” də avrokubok zonasından çıxacaq. Bakılılar dünən “Qarabağ”a uduzmaqla vəziyyətini çətinləşdirdi. Flaqmanın ağdamlılar qarşısında darmadağınlara adət etməsi bir yana, cəza üzündən lider oyunçularını itirməsi qarşıdakı matçlarda özünü göstərəcək.

Komandanı xilas etmək, ən azı 2-ci yeri tutmaq üçün gətirilən Miodraq Bojoviçin “Neftçi”də qalmayacağı dəqiqdir. Çünki o, Adrian Mutunun bərbad günə qoyduğu komandanın durumunu daha da pisləşdirib. Heyətdəki çoxsaylı oyunçulardan istifadə edə bilməyən baş məşqçi legionerlər tərəfindən də tənqid edilir. Onun seçimləri o vaxt qəbul edilərdi ki, komanda normal futbol oynasın. Amma “Qarabağ” bakılıları məşq edərcəsinə uddu, heç bir müqavimət görmədi.

Dünən üzülən “Sumqayıt” bəlkə də bu gün sevinəcək. Bunun üçün “Sabah”la “Zirə”dən ən azı birinin büdrəməs lazımdır. Belədə “Neftçi” də özünə gələr. Əks halda mövsümün son 3 turu amansız mübarizəyə səhnə olacaq.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla