AZ

Avropa Kubokuna möhtəşəm start: İlk gündə 10 medal!

Bu gün – mayın 4-də Göygöl şəhərində təşkil olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna start verilib.

Arena.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

Qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində medalçılar bəlli olub.

Oğlanlar arasında Məhəmmədəli Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər. Fərid Qarayev (60 kq) turniri gümüş medalla başa vurub. Eyni çəki dərəcəsində mübarizə aparan Özqan Quliyev bürünc medal qazanıb. 66 kq çəkidə isə Ramil Mahmudov və Səlim Sultanov bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), eləcə də Aysun Məmmədova və Səmayə Yusifli (hər ikisi 52 kq) bürünc medal qazanıblar.

Avropa Kubokuna sabah yekun vurulacaq. Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edir. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparır.

Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edirlər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Xatırladaq ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi turnir cədvəlində birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
15

1Mənbələr

Şərh ()
Bağla