AZ

“Xırdalan” düşərgəsi “Sabah”la oyunda da qələbəyə köklənib

Kişi basketbolçular arasında ölkə çempionatının 1/4 finalında “Neftçi”ni hər iki oyunda məğlub edən “Xırdalan” yarımfinalına yüksəlib və daha güclü “Sabah”la qarşılaşacaq.

Oyundan sonra “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmirin və oyunçularından Nicat Məmmədlinin fikirlərini öyrəndik.

Uğur Özdəmir:

"Hər iki komandanın qələbəni çox istədiyi və hər top üçün mübarizə apardığı matç oldu. Son hissədə daha ağıllı oynadıq və məqsədimizə çatdıq. Kiçik detallar bizə qələbə gətirdi. Buna görə də komandamı təbrik edirəm. “Sabah” Avropada uğur qazanmaq, çempion olmaq üçün qurulmuş bir heyətdi. Çox yüksək keyfiyyətli texniki heyətə malikdi. Onların yüksələn qrafiklərindən xəbərdarıq. Gücümüzü yarımfinal oyunlarında da göstərmək istəyirik. Hər iki komandanın üstünlükləri var və biz öz üstünlüklərimizdən mükəmməl istifadə etməyə çalışacağıq".

Nicat Məmmədli:

“Neftçi”yə hər iki oyunda qalib gəlmək üçün komanda olaraq hər şeyimizi verdik. Əslində mövsümün əvvəlindən "Neftçi" favorit görünsə də, daha istəkli və yarımfinala çıxmaq istəyən biz idik. Ona görə işimizi üçüncü oyuna buraxmadıq, hər iki oyunda qalib gəldik. Oyunlarda əlimdən gələndən də artığını verdim və növbəti oyunlarda da verməyə hazıram. Çünki nəticə qazanmaq üçün əlimizdən gələni deyil, daha artığını vermək lazımdı. Bu bir xarakter məsələsidi. Buna görə komandamız hazırda yarımfinala çıxıb. Çünki kollektivdə hər kəs bütün oyunlarda qələbə qazanmaq istəyir. Yarımfinalda rəqibimiz "Sabah"dı. Çox güclü heyətə malikdilər. Rimas Kurtinaytis hazırda komandanın məşqçisidi. Büdcə baxımından bizdən daha üstün komandadı. Amma bizim üçün bunların heç bir fərqi yoxdu. Hər oyunda var gücümüzlə oynamağa çalışırıq. "Sabah"la matçda da eynisini edəcəyik. Oyuna tam fokslanacağıq. Çünki finala yüksəlmək və çempion olmaq istəyirik. Bunu komandada hər kəs istəyir. Çalışacağıq ki, bu seriyada da 2:0 hesabıyla qalib gələk, şansımızı 3-cü oyuna saxlamayaq. Çətin olacağını bilirik. Lakin mümkünsüz heç nə yoxdu. Qalib gəlmək üçün əsas amillər rəqibin oyununu, hücum və müdafiə taktikalarını oxumaq, ona hazırlaşmaqdı. Çünki heç də zəif komanda deyil. Əksinə, həm yerli, həm də əcnəbi oyunçular baxımından çox güclüdülər. Onlara qarşı oynamaq heç də rahat olmayacaq. Sadəcə təhlil etmək, zamanında düzgün qərarlar vermək və qələbə qazanmaq lazımdı".

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
41
Mənbələr
Şərh ()
Bağla