AZ

44 iri Azərbaycan məmurunun siyahısını erməni lobbisi tutub- təsdiqləndi...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Elşən Həsənov: “Konqresmenlərin bu addımı Ermənistan–Azərbaycan dialoquna da zərbə vurmaq məqsədi daşıyır”

Azərbaycanın 40-dan çox rəsmisi haqqında sanksiya layihəsinin arxasında erməni lobbisinin dayandığı ortaya çıxıb. Bu, “Ay Data”nın mərkəzi aparatının yaydığı məlumatda ortaya çıxıb.

Bildirilib ki, “Ay Data”nın tərkibində fəaliyyət göstərən Ermənistanın Ədalət və İnsan Hüquqları üzrə Hüquq Mərkəzi (ALC) Azərbaycanın 40-dan çox rəsmisinə qarşı Qlobal Maqnitski sanksiyalarının tətbiqini təmin etmək üçün ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə ərizə təqdim edib.

Vurğulanıb ki, görülən işin ilk nəticəsi konqresmen Dina Titusun ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsidir.

Bununla da məlum olub ki, konqresmen Dino Titusun Azərbaycanın bəzi zabit, hakim və məmurlarına qarşı sanksiya “təklifi” özünün deyil, o yalnız hazır sənədə imza atmaqla, erməni sifarişi yerinə yetirir.

Təhlükəsizlik üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyanın bir çox ölkələrində erməni diasporunun olduğu faktdır: “Onlardan ən güclüsü ABŞ-dadır. Biz müstəqillik əldə edəndən sonra, ABŞ-da ziyanımıza olan bütün təşəbbüslərin müəllifi erməni lobbisi olub. Biz bunu “907-ci düzəliş” və digər məsələlərdə də görmüşük. Bu sanksiya tələbinə tanınmış generallarımızın da adının salınması bir çox mətləblərə tam aydınlıq gətirir. Bəlli olur ki, bu, Qarabağda suverenliyini bərpa edən Azərbaycandan qisas almaq məqsədi daşıyır. Tam təsdiqini tapır ki, Azərbaycan rəsmilərinə qarşı sanksiya tələbinin müəllifi də erməni diasporu olub. İndi də ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağdan Ermənistana qayıdan ermənilərə 200 milyon dollar yardımın ayrılması, həmçinin, Ermənistana hərbi yardımın genişləndirilməsi gündəmə gəlib. Nümayəndələr Palatasının 66 üzvü Ermənistana və “Qarabağdan çıxan ermənilərə” dəstək verilməsi ilə bağlı komitə rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycana qarşı sanksiyaların tətbiqinin araşdırılması da tövsiyə edilir, Bakıya qarşı “hərbi cinayətlərin törədilməsi” iddiası irəli sürülür. Bu  təşəbbüs Konqresin Erməni Qrupu tərəfindən hazırlanıb. Qrupun həmsədri Frenk Fallonun rəhbərlik etdiyi Erməni-Amerika Komitəsi tərəfindən dəstəklənən müraciətdə bir sıra əsassız tələblər irəli sürülür.

Müraciəti şərh edən Erməni-Amerika Komitəsinin Vaşinqton ofisinin icraçı direktoru Aram Hambaryan bildirib ki, onlar Azərbaycana hərbi yardımın qadağan edilməsini,  Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsini, “Qarabağ qaçqınlarına” əhəmiyyətli yardımın göstərilməsini tələb edən müraciətə qoşulurlar.

Erməni-Amerika Komitəsi Konqresin bütün üzvlərinin bu təşəbbüsə qoşulması üçün kampaniyaya başlayıb. Çox təəssüflər olsun ki, ABŞ parlamentariləri bir çox məsələlərdə erməni lobbisinin quluna çevriliblər. Azərbaycan–ABŞ münasibətlərində hər zaman pozuculuqla məşğul olan ermənipərəst konqresmenlər yenə iş başındadırlar. Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi xidmətləri olan, adlarını Azərbaycan dövlətinin və xalqının tarixinə qızıl hərflərlə yazan Silahlı Qüvvələrimizin ali zabit heyətinə daxil olan şəxslərin adlarının siyahıya daxil edilməsi böyük hiddət doğurur. Eyni zamanda, ermənilərin pulları ilə bəslənən konqresmenləri bir daha gözdən salır və onlara münasibətdə ikrah hissinin baş qaldırmasına gətirib çıxarır. Layihədə, həmçinin Azərbaycanda həbsdə saxlanan və barələrində məhkəmənin çıxaracağı hökmü gözləyən erməni separatçılarının “hüquqlarının pozulduğu”nun bildirilməsi onun hayların sifarişi ilə hazırlanmasına heç bir şübhə yeri qoymur. Konqresmenlərin bu addımı Ermənistan–Azərbaycan dialoquna da zərbə vurmaq məqsədi daşıyır”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
70
1

1Mənbələr

Şərh ()
Bağla