AZ

Gürcüstan yol ayrıcında

Qonşu Gürcüstanda hadisələr, necə deyərlər, pis ssenari üzrə irəliləməkdədir.  Parlament uzun sürən müzakirələrdən sonra mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. 83 deputat qanun layihəsinin lehinə, 23 deputat isə onun əleyhinə səs verib. Qanun layihəsinin yaxın iki həftə ərzində yekun 3-cü oxunuşda qəbul ediləcəyi gözlənilir.  Parlament qanun layihəsini ikinci oxunuşda qəbul etdikdən sonra ölkədə hakim komanda ilə müxalifət arasında qarşıdurmalar daha da artıb. Tbilisinin küçələrində, xüsusilə də parlament binasının qarşısında, Rustaveli prospektində davamlı mitinqlər keçirilir. Verilən məlumatlara görə, mitinqlər zamanı dinc toplaşmaq haqqında qanunu pozan və müxtəlif xarakterli zorakılıqlara əl atan etirazçılar saxlanılıb. Eyni zamanda, parlamentdə “sarı təhlükəsizlik” səviyyəsi qüvvədədir.

Yeni rəngli inqilab ssenarisi, yaxud müxalifət nə istəyir?

Təbii ki, son günlərdə Tbilisidə parlament binasının qarşısına, Rustaveli prospektinə toplaşan etirazçıların hamısını siyasi müxalifət qismində təqdim etmək mümkün deyil. Mitinqə toplaşanların böyük əksəriyyətini qeyri-hökumət təşkilatlarının nümayəndələri təşkil edirlər. Bunun məntiqi başadüşüləndir. Minlərlə insanı, xüsusilə də gəncləri siyasi məsələlərdən daha çox dərəcədə, müzakirələri aparılan qanun layihəsinin qəbulundan sonra onların maliyyə mənbələrinin nəzarətə götürüləcəyindən və hansısa bir formada məhdudlaşdırılacağından narahatdırlar. Xatırladaq ki, kiçik, beş milyonluq Gürcüstanda Qərb qrantları alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb.

Mitinqlərə qatılan və təşəbbüsü ələ alan siyasi müxalifətin gəlişmələrinin konturları da getdikcə daha aydın şəkildə görünür. Siyasi müxalifət davranışlarında və səsləndirdiyi fikirlərdə Qərb dairələrinə bağlı olduqlarını açıq-aydın təsdiqləyirlər. Təsadüfi deyildir ki, müxalifət hakim “Gürcü arzusu” partiyasının parlamentin müzakirələrinə təqdim etdiyi sənədi “Rusiya qanunu” adı ilə təqdim edir. Hərçənd ki, Gürcüstanın hakim dairələri dəfələrlə əsaslandırıblar ki, bəhs olunan qanun layihəsi məhz ayrı-ayrı Qərb dövlətlərində hazırda qüvvədə olan müvafiq qanuna istinad edilməklə hazırlanıb. 

Beləliklə, artıq qonşu ölkənin ictimai rəyində Qərbin Gürcüstanda yeni rəngli inqilab ssenarisini işə saldığı ilə bağlı fikirlər qətiləşib. Od olmayan yerdən tüstü çıxmaz, deyiblər. Hazırda qonşu ölkədə yaşananlar zamanında Gürcüstanda baş verən “Qızılgül inqilabı” dönəmini xatırladır. İndiki hakimiyyətdən əvvəlki iqtidar dönəmində - həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin idarəçiliyi dövründə Gürcüstanın seçimi birmənalı olaraq Qərb yönümlü idi. 2003-cü ilin oktyabrında Gürcüstanda M.Saakaşvilinin liderliyi ilə Qərb tərəfindən dəstəklənən “Qızılgül inqilabı” baş verdi. O, 15 yanvar 2004-cü ildə keçirilən  prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçildi. M.Saakaşvili 5 yanvar 2008-ci ildə baş tutan növbədənkənar seçkilərdə yenidən qələbə çaldı.  Gürcüstanda M.Saakaşvilinin prezidentlik erası 2013-cü ildə başa çatdı. 

M.Saakaşvilidən sonra Gürcüstanda hakimiyyətə gələn komanda əvvəlki birqütblü siyasi kursu dəyişərək balanslı siyasət həyata keçirməyə çalışır. Belə ki, yeni hökumət ölkənin Avropaya inteqrasiya xəttini davam etdirir. Ən azından komandanın ayrı-ayrı üzvləri Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olmaq hədəfindən imtina etmədiyini bildiriblər. Eyni zamanda, M.Saakaşvilidən sonrakı Gürcüstan qonşu Rusiya ilə əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atır və əvvəlki hakimiyyət dönəmində yandırılmış körpülər bərpa olunur. 

Ancaq hadisələrin gedişi onu göstərir ki, Gürcüstanın belə davranması ABŞ-ı və ayrı-ayrı Avropa dövlətlərini qane etmir. Qərb bu ölkədən Aİ-yə və NATO-ya perspektivi bəlli olmayan üzvlük müqabilində birmənalı seçim istəyir. Siyasi müxalifətin bəhs olunan qanun layihəsinə qarşı dirəniş göstərməsi də məhz Qərbin tələblərindən qaynaqlanır.

Gürcüstan-Qərb qarşıdurması açıq müstəvidə

Bəhs olunan qanun layihəsinin müzakirələri fonunda Gürcüstan-Qərb qarşıdurmasının açıq müstəviyə keçdiyi müşahidə edilir. “Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib”. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan məlumat verib. “Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etdi”,- deyə səfir bildirib. O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.

“Gürcüstan yol ayrıcındadır - o, Avropaya doğru yolda qalmalıdır”. Bu fikri isə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” platformasındakı hesabında yazıb. “Mən Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tbilisi küçələrində baş verən zorakılığı pisləyirəm”, - deyə Avropa Komissiyasının rəsmisi vurğulayıb.

Öz növbəsində Gürcüstan hakimiyyəti Qərbdən gələn mesajlara soyuqqanlı yanaşır. Ölkənin Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı  bəyanatında bildirilib. “Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə bəyanatda bildirilir.

Niyə Qərbə olar, Gürcüstana yox?

Baş verən hadisələr fonunda Gürcüstanda belə bir sual da tez-tez eşidilir: Niyə oxşar qanunu Qərbdə qəbul etmək mümkündür, Gürcüstanda isə yox?  “Gürcüstan üçün çətin zamandır. Çünki, Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir”. Bu sözləri politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, “Xarici agentlər” haqqında qanun layihəsinin oxşarı artıq onilliklərdir ki, ABŞ-da var: “Eləcə də Macarıstan, Slovakiya, Polşa, İsrail, Rusiya və s. kimi ölkələrdə müvafiq qanun mövcuddur. Fransa da bu qanunu qəbul edəcək. Yəni həmin ölkələr xaricdən maliyyələşən QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdırırlar. Ancaq söhbət Gürcüstana gələndə heç kim buna icazə vermək istəmir. Biz də öz hüququmuzu qoruyacayıq. Buna isə heç bir arqument gətirmədən Qərb və ABŞ icazə vermək istəmir”, - deyə Levan Mamaladze vurğulayıb.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq