AZ

Kapitoli öz qazdığı quyuya düşür...

ABŞ Konqresinin ikili standarta əsaslanan qərarları daxili çəkişmələri artırıb

Dünyada beynəlxalq hüquq, bu ali dəyərə riayətlə bağlı mühüm problemlər nəzərə çarpmaqdadır. Xüsusilə, müstəqil siyasi xəttə malik olan, özünü təsdiq etmiş, yerləşdiyi regionun aparıcı qüvvəsinə çevrilən və yeni dövrün iqtisadi münasibətlər sistemində aktiv rol alan dövlətlərə qarşı bu məsələ daha intensiv formada reallaşır. Bəzi “beynəlxalq təşkilatların” qərarlarında, bir sıra dövlətlərin “hesabatlarında” bu faktı görməmək mümkün deyil. Adi bir misal - özünü dünyanın “aparıcı gücü” sayan ABŞ son dövrlərdə ölkəmizə qarşı açıq ikili standart yürüdür. Son bir neçə ayda baş verənlərə sinxron nəzər salaq: ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı qeyri-real, əsassız məsələlərin yer alması, ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair hesabatında ölkəmizə qarşı reallığı əks etdirməyən məsələlərin vurğulanması bunun bariz göstəricisidir. Hətta Dina Titus adlı ermənipərəst konqresmenin rəhbərliyi ilə Azərbaycanın bəzi zabit, hakim və məmurlarına qarşı sanksiya təklifini nəzərdə tutan qanun layihəsi məsələsini də bura əlavə etsək mənzərə aydın şəkil alır - erməni lobbisinin təsiri və təzyiqi altında özünün milli maraqlarını ayaqlar altına alan “Kapitoli” üzvləri bu kimi addımlarla təmsil etdikləri dövlətin təməllərini “qazıyır”. Bir müddət öncəyə qədər ABŞ Konqresində erməni maraqlarının “təcəssümü” kimi ad qazanmış Bob Menendes nümunəsi ortadadır - erməni sevdalısı bu konqresmenin sonradan hansı ittihamlarla mühakimə olunması hər kəsə bəllidir. Beləliklə, Menendesin timsalında bu kimi çirkin addımlar ABŞ “siyasi mətbəxinin” real mənzərəsini formalaşdırır. 

Menendes faktı və ya Azərbaycana qarşı bu kimi qərəzli davranışlar isə tək deyil - bu kimi hallar ABŞ qanunverici orqanının demək olar ki, fəaliyyətinin bütün aspektlərində özünü real şəkildə biruzə verməkdədir. Eyni zamanda, mövcud reallıq ABŞ siyasi gündəmində fərqli yanaşmalar yaradır. Beləliklə, nəinki ölkədaxili, hətta partiyalardaxili qruplarda yaranan fikir ayrılıqları dövlətin ümumi inkişaf tempinə, proseslərdə operativ və çevik daıranışına mane olur. Bu isə nəticə etibarı ilə, ABŞ-da siyasi böhranın daha da dərinləşməsinə yol açır.   

Lüzumsuz və anlaşılmaz 907-yə “düzəliş”...

Bu kimi halları, qrup maraqlarına xidmət edən qərarların ortaya çıxardığı nəticələri və bu nəticələrin ABŞ-ın siyasi monolitliyinə vurduğu zərbələri sadalamaqla bitirmək olmaz. Elə, uzun illərdir ki, Azərbaycana qarşı tətbiq edilən və özündə ikili standartın ən böyük misalını əks etdirən digər bir məsələyə - 907-yə düzəlişlə bağlı məsələyə diqqət yetirək. 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş mövcud situasiya ilə səsləşmir. 44 günlük Vətən müharibəsi isə regionda yeni siyasi reallıqlar formalaşdırıb. Artıq “Qarabağ münaqişəsi” tarixə qovuşub və Azərbaycan öz torpaqlarını azad edib. Vurğulayaq ki, düzəlişin mətnində bildirilirdi ki, “ABŞ prezidenti Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz”.

Beləliklə, “907-yə düzəliş”in bu vaxta qədər saxlanılması özü-özlüyündə anlaşılmazdır. Düzəlişin qəbulu Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edir və bu düzəliş guya Ermənistanın Azərbaycan tərəfindən əsassız blokadaya alınması iddiası ilə qəbul olunmuşdu. Təbii ki, bu düz deyildi. Hazırda isə regionda tamam fərqli mənzərə yaranıb. Artıq münaqişə bitib və Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ölkəmiz müxtəlif meydançalarda müxtəlif əməkdaşlıq təklifləri ilə çıxış edir. Ermənistan kommunikasiyaları bərpa etməklə Azərbmaycanla və Türkiyə ilə rabitələrini bərpa edə bilər. ABŞ isə təxminən 20 ildir ki, tətbiqinin dayandırılması ilə bağlı qərar verdiyi düzəlişi ləğv etmir. Son illərdə bu məsələ ilə bağlı müzakirələrdə yaşanan fikir ayrılıqları da onu göstərir ki, ABŞ Konqresinin bəzi üzvləri ölkəsinin maraqlarını qrup maraqlarına qurban verir. Bu isə nəticə etibarı ilə ABŞ-ın daxili siyasi dayaqlarını sarsıdan amilə çevrilir. 

Kiyevə yardım etmək və ya etməmək - ABŞ özünü ifşa etdi

Digər bir misal isə, ABŞ-ın Ukraynaya münasibətdə sərgilədəyi mövqedir. Bu məsələ də ABŞ qanunverici orqanının yekdil rəyə gələbilmə imkanlarının məhdud olduğunu sübut edən çoxsaylı faktlardan biridir. Xüsusilə son illərdə, ABŞ-ın xarici siyasət kursu daxili sferada açıq etirazlarla qarşılanır. Büdcənin sosial istiqamətə yönələndirilməsi mümkün olan milyardlarının Orta Şərq, Asiya, Afrika və ya daha çox miqdarda Ukraynaya “transfer edilməsi” ABŞ-ın siyasi qruplarını, hətta sadə vətəndaşlarını razı salmır. Bunun nəticəsidir ki, Konqres son zamanlarda xarici yardımların azaldılması məsələsini gündəmə gətirir. Kiyevə münasibətdə uzunmüddətli “müzakirələrin” aparılması bunun bariz sübutudur. Təsadüfi deyildi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin ötən ilin sonunda Nümayəndələr Palatasının spikeri Maykl Consonun Ukraynaya yardım planını tənqid edərək sosial şəbəkələrdə bildirmişdi ki, Ukrayna ABŞ-ın 51-ci ştatı və NATO üzvü deyil: “Ukraynanı maliyyələşdirməyi dayandırın”.

Bu maliyyələşdirmə ilə bağlı yaranan fikir ayrılığının ortaya qoyduğu nəticələr isə gözlə görünə biləndir:

- ABŞ bununla özünün “müttəfiqi” adlandırdığı ölkələrdə özünə qarşı inamı itirdi;

- Ukraynada müharibənin davam etməsində maraqlı olduğunu ortaya qoymuş oldu;

- Daxili siyasi qrupların Ukraynaya münasibəti tam şəkildə cəmiyyətə bəlli oldu. 

Burada ən əsas məsələ məhz sonuncu tezisdir - bəlli olduğu kimi, ABŞ-da baş tutan seçkilərdə yerli siyasi qrupların əhəmiyyəti olduqca böyükdür. Bu kimi açıq qarşıdurmalar isə cəmiyyətin siyasi qruplara olan inamını sarsıdır ki, bu da bütövlükdə ABŞ siyasi həyatı üçün böyük təhlükələr formalaşdırır. Buna misal kimi son dövrlərdə tez-tez eşidilən ayrı-ayrı ştatların mərkəzi hakimiyyətə - Vaşinqtona tabesizlik göstərməsi faktları “göz oxşayır”. İlin əvvəlində “Texit tərəfdarları”nın yenidən hərəkətə gəlməsi, Texas ştatının onsuz da illərdir ki, təxriə saldığı müstəqillik planlarını yenidən canlandırması ABŞ üçün silkələnmə olmuşdu. Ən maraqlı hal isə Texasın bu addımının 25 ştat tərəfindən dəstəklənməsi idi - “domino effekti” yaradan üsyan xüsusilə Kaliforniya və Floridada daha çox nəzərə  çarpmışdı. ABŞ-ın intellektual resurslarının, İT korporasiyalarının, bir sözlə, Amerika cəmiyyətinin qaymaqlarının cəmləşdiyi Kaliforniyanın Vaşinqtona qarşı çıxması ehtimalı yaratmışdı.

Yaxın Orta Şərq məsələsi açıq qarşıdurma yaradır

Eyni fikirləri, ABŞ-ın Yaxın Orta Şərqə münasibətdə sərgilədyi siyasətə də aid etmək olar. Sirr deyil ki, ötən il HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdəki Amerika hərbi kontingentinin sayının artırılması Vaşinqtonu 2 milyarda yaxın artıq “xərcə” salıb. Ötən ilin sonlarında Konqres müvafiq vəsait ayırmaq üçün imkanlar axtarırdı və nəticədə qərar qəbul edildi - Pentaqondan qanunvericilərə göndərilmiş sənədə əsasən, 1,6 milyard dollardan artıq vəsait bölgəyə daha çox gəmi, döyüş təyyarəsi və avadanlıq göndərilməsi və onların dörd ay orada saxlanılması xərcləri üçün ayrıldı. Xüsusi qeyd - bu məbləğə ABŞ ordusunun Yəməndəki husilərin mövqelərinə hücum etmək və Qırmızı dənizdəki dronlarını və raketlərini məhv etmək üçün istifadə etdiyi raketlərin dəyəri daxil deyil. 2024-cü illə bağlı hərbi inkişafa yönəlik xərclər proqnozu 2,5 milyarda qədər arta da bilər. Beləliklə, bu qərar da ABŞ üçün yeni siyasi çəkişmə mövzusuna çevrildi. Hazırki iqtidara qarşı olan siyasi qüvvələr üçün “göydəndüşmə” fakta çevrilən bu məsələ həm də 

ABŞ-ın dünyadakı kataklizmlərə münasibətlə barışdırıcı deyil, qızışdırıcı mövqedən çıxış etməsini təsdiqlədi. Bu isə əlavə siyasi çəkişmələr, açıq qarşıdurma yaradır. Təsadüfi deyil ki, ABŞ-dakı daxili siyasi qrupların Yaxın Şərq məsələsinə baxışı fərqli müstəvidədir. Bu isə Ağ evin xarici siyasət kursu ilə daxili siyasət kursunu balanslaşdırmağa əlavə diskomfort yaradır.

Yanlış siyasi qərarlar...

Beləliklə, ortada olan reallıq onu sübut edir ki, ABŞ qanunverici orqanının yaratdığı qeyri-standart, beynəlxalq hüquqla səsləşməyən mənzərə daha çox onun özünə ziyan verir. Artıq ABŞ-ın əvvəlki siyasi nüfuzda və gücdə olmadığı bütün Qərb siyasi analitikləri tərəfindən təsdiqlənir. Burada isə əsas günahkar elə ABŞ-ın özüdür - verilən yanlış qərarlar, ortaya qoyulan qərəzli münasibət və yeni dövrün parlaq, iqtisadi potensiala malik ölkələri ilə əməkdaşlıq əvəzinə, ikili standarta əsaslanan siyasi xəttin yürüdülməsi Vaşinqtonu siyasi cəhətdən çökdürməkdə davam edir...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq