AZ

Xarici rejissorları Bakıya çəkən cazibə

Bakı hər zaman Qafqazın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri sayılıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı Bakıda “Art Nouveau” üslubunda çoxlu gözəl binaların tikilməsinə səbəb oldu.

Nəticədə, paytaxtımız özündə həm Şərq, həm də Qərb sivilizasiyalarını birləşdirən unikal mədəniyyət mərkəzinə çevrildi. Bakının hər iki məkanı: həm köhnə Bakı–İçərişəhər, həm də müasir, yeni Bakı sivilizasiyaların sintezi baxımından hər zaman dünyanın diqqət mərkəzində olub.

Hələ SSRİ dövründə məşhur sovet kinorejissorları Bakının bu qiymətli özəlliyindən yararlanır, filmlərində əsasən, Şərq koloritini canlandırmaq üçün Bakıya üz tuturdular.

Qədim, müasir və sirli Bakı

Qədim Bakı bir vaxtlar sovet və Qərb istehsalı olan bir çox populyar filmlərin çəkiliş meydançasına çevrilmişdi. Bu filmlərdən biri də Aleksandr Belyayevin elmi fantastika janrında qələmə aldığı dünyaca məşhur “Amfibiya adam” əsərinin motivləri üzərində çəkilmiş filmdir. Həmin əsərin film ssenarisi kimi işlənməsi ideyası həm sovet, həm də Hollivud rejissorları tərəfindən dəfələrlə təklif edilmişdi. Lakin o zaman heç bir tərəf bu məsuliyyəti boynuna götürməyə cəsarət etmədi. Çünki həmin illərdə nə Qərbin, nə də SSRİ-nin sualtı çəkiliş təcrübəsi yox idi. Nəhayət, sovet mütəxəssisləri sırf Hollivudu qabaqlamaq məqsədilə “Amfibiya adam”ın ssenarisi üzərində işləməyə başladılar.

Rejissorların qarşısında duran ən çətin məsələ xaricə getmədən xarici liman şəhərini canlandırmaq idi. Çoxlu götür-qoydan sonra seçim Bakının, daha dəqiqi, tarixən Şirvanşahlar dövlətinin paytaxtı olan İçərişəhərin orta əsrlərə aid bir məhəlləsinin üzərinə düşdü. Filmdə Buenos-Ayres kimi qələmə verilən qədim liman şəhərinə aid epizodlar məhz İçərişəhərin küçələrində çəkilib. Eləcə də, filmdə yer alan bir sıra kütləvi səhnələr də Bakı sakinlərinin iştirakı ilə canlandırılıb.

Çəkilişlərinin mühüm bir hissəsinin Bakıda baş tutduğu digər məşhur sovet filmi “Brilyant əl” kriminal komediyasıdır. Əfsanəvi filmin rejissoru Leonid Qayday filmdə İstanbul şəhərini canlandırmaq üçün ən uğurlu tapıntı kimi Bakıya, İçərişəhərə üz tutmuşdu. İçərişəhərdə aparılan çəkilişlər zamanı İstanbula aid səhnələrin daha təbii alınması üçün əlavə olaraq məscid və minarə maketlərindən də istifadə olunmuşdu.

Bakıda filmə çevrilən daha bir məşhur əsər Korney Çukovskinin klassik əsəri əsasında çəkilmiş “Aybolit-66” nağıl filmidir. Film ən populyar sovet ulduzlarını bir araya toplayıb. Aybolit roluna Oleq Yefremov, Barmaley roluna filmin rejissoru Rolan Bıkov, epizodik rollara isə Radner Muratov, Aleksey Smirnov kimi tanınmış aktyorlar həyat verib. Obrazlı desək, bu filmdə sevimli Bakımız qızmar Afrika rolunu oynayıb. Filmdəki bəzi epizodlar isə Azərbaycanın İranla sərhədində – Astarada çəkilib.

Sivilizasiyaların qovuşduğu məkan

Bakıda “dünyaya gələn” məşhur ekran əsərlərindən biri də “Tehran-43” casus-detektiv filmidir. Sözügedən filmi diqqətəlayiq edən ən önəmli məqamlardan biri bu əsərdə sovet aktyorlarından başqa, Alen Delon kimi dünya şöhrətli ulduzların yer alması idi. SSRİ, İsveçrə və Fransa üçlüyünün birgə istehsalı olan filmin çəkilişlərinin İranda aparılması planlaşdırılmışdı. Lakin 1980-ci ildə Tehranda baş verən İslam inqilabı layihənin həyata keçirilməsinə mane oldu. Rejissorlar isə müdrik davranaraq, çəkiliş üçün İranla çoxəsrlik ortaq mədəniyyətə malik olan Azərbaycanı seçdilər. Bu seçim isə SSRİ-nin ən uğurlu filmlərindən daha birinin işıq üzü görməsinə səbəb oldu.

Haqqında danışacağımız növbəti filmin Bakıda çəkildiyini, bəlkə də, çox az adam bilir. Bu, hansı film olsa yaxşıdır? Söhbət 1850-ci illərin vəhşi Amerika həyatını təsvir edən "Başsız atlı" qorxu-macəra filmindən gedir. Mayn Ridin eyniadlı romanı əsasında ekranlaşdırılan filmdəki geniş çöllər, meşə yanğını, torpaq yollarda hərəkət edən at arabaları, pambıq tarlaları kimi epizodlar Azərbaycanda lentə alınıb. Doğrudur, zəngin Azərbaycan təbiətində Şimali Amerikaya məxsus kaktuslar olmasa da, filmin yaradıcıları onların plastik formalarını hazırlamışdılar.

Ümumilikdə isə, tam Azərbaycanda çəkilən ilk xarici film 1912-ci ildə gürcü rejissoru Vasili Amaşukelinin "Akaki Tseretelinin Raça-Leçxumiya səyahəti" filmidir. Bundan başqa, ilk xarici filmlərdən olan gürcü rejissor İvan Peristianinin 1926-cı ildə çəkdiyi "Knyajna Şirvanskayanın cinayəti" filminin də çəkilişləri Azərbaycanda aparılıb. Rejissorlar Boris Barnet və Səməd Mərdanovun "Mejrabpomfilm" və "Azərfilm"in birgə istehsalı olan "Ən mavi dənizin sahilində" filmi də 1935-ci ildə Bakıda ekranlaşdırılıb.

“Qeyri-adi şəhər, gözəl insanlar”

1999-cu ildə rejissor Maykl Eptedin “Ceyms Bond - Agent 007" silsiləsinin on doqquzuncu detektiv-macəra filmi "Dünya kifayət deyil" filminin bir çox səhnələri də Bakıda – Bibiheybət qəsəbəsində çəkilib. Xatırladaq ki, bu yaxınlarda "Agent 007" rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu yayılmışdı. Ceyms Bond kimi tanınan İrlandiya əsilli aktyorun fotosu 1,9 milyon izləyicisi olan "007" adlı rəsmi "İnstagram" səhifələrində paylaşılmışdı. Qeyd edək ki, P. Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsinin çəkilişlərini xatırlayaraq:

"Azərbaycanda bizi olduqca səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğıncasına, sürətlə maşın sürür və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını görürdük. Bu, qeyri-adi mənzərə idi, üstəlik, film üçün işimizə çox yaradı. Həmçinin, çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram" – demişdi.

Bundan başqa, 1986-cı ildə Çili rejissoru Sebastyan Alarkonun "Çili üzərində gecə" və Nobel mükafatçısı, yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri də Bakıda çəkilib.

Dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin romanlarının motivləri əsasında 2002-ci ildə çəkilmiş 13 seriyalı "Dronqo" filmi də ölkəmizdə çəkilmiş filmlər sırasındadır. Rejissor Zinovi Royzmanın rejissorluğu ilə ekranlaşdırılmış filmdə gürcü və rus aktyorları ilə yanaşı, azərbaycanlı aktyorlar – Pərviz Məmmədrzayev, Həmidə Ömərova, Ötkəm İsgəndərli, Sadıq Əhmədov, Firdovsi Atakişiyev, Kamran Yunis, Məbud Məhərrəmov və Anar Heybətov da rol alıb.

Beləliklə, deyə bilərik ki, xarici rejissorları Bakıya gətirən əsas səbəblər Azərbaycanın çoxəsrlik qədim tarixinin bu günümüzdə də maddi sənət nümunələri kimi qorunub saxlanılması, ölkəmizin çoğrafi və mədəni baxımdan Şərqlə Qərbin vəhdəti kimi tanınmasıdır.

Murad KÖHNƏQALA

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23319
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9282
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3642
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3578
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3273
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2988
Helikopter qəzası ilə bağlı yeni xəbər
2847
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2721
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2597
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2482
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263