AZ

ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.

ACF-nin baş katibi Azərbaycanda cüdonun zəngin ənənələrə malik olduğunu, Avropa kubokunun artıq ikinci ildir Göygöldə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər”.

ACB-nin idman komissarı Albert Qmainer turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu deyib. O, çıxışında Göygöldə keçirilən turnirdə yeni ulduzların parlaya biləcəyini vurğulayıb: “Göygöldə gələcək ulduzlar parlaya bilər”

Hakim-komissar Nano Karvalyo Azərbaycan cüdoçularının həmişə yüksək ustalığı ilə seçildiklərini bildirib. O, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu qeyd edib. “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq. Avropa kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
Mənbələr
Şərh ()
Bağla