AZ

AFFA ayıq-sayıq olmalıdı

Azərbaycan çempionatında mövsüm sona yaxınlaşdıqca ehtiraslar qızışır, ikinci və üçüncü pilləni tutmaq uğrunda gedən mübarizə daha da kəskin xarakter alır.

Artıq “Qəbələ”nin elitanı tərk edəcəyi, “Kəpəz”in isə aşağı düşmək qorxusundan xilas olması dəqiqləşib. Düzdü, bunu hazırkı reqlamentə əsasən deyə bilirik. AFFA İcraiyyə Komitəsi “yuxarı”dan gələn bir işarə ilə mövsümün sonunda reqlamenti dəyişə, premyer-liqa iştirakçılarının sayını artıra da bilər. Son illərdə onsuz da belə hallara vərdiş etmişik. Neçə il bundan əvvəl olduğunu unutmuşam. Premyer-liqanın püşkü atılmalıydı, amma hələ də “Bakı”nın çempionatda oynayıb-oynamayacağı dəqiqləşməmişdi. Hətta vəziyyət o qədər acınacaqlı idi ki, paytaxtın eyniadlı klubunun yerinə “Rəvan”ın premyer-liqaya qaytarılması da müzakirə olunurdu. Sözümün canı odu ki, biz belə şeylərə vərdiş etmiş adamlarıq, bizi bundan sonra heç nə ilə təəccünləndirmək olmaz.

Hazırkı mənzərəyə əsasən “Araz Naxçıvan”, “Səbail” və “Turan Tovuz”un avrokuboklara qatılmaq şanslarının möcüzəyə bərabər olduğunu da deyə bilərik. Çətin ki, bu üç komandadan hansısa bu yay ölkəmizi avrokuboklarda təmsil etmək şansı qazansın. Riyazi şanslar qalsa da, reallıq hissini itirməyənlər bunun mümkün olmadığını yaxşı başa düşür. Belədə əsas mübarizənin “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Sabah” arasında getdiyi də məlum məsələdi. “Qarabağ” çempionluğu təmin edib, “Qəbələ” sonuncu pilləni “rəsmiləşdirib”. “Kəpəz”, “Araz Naxçıvan”, “Səbail” və “Turan Tovuz” isə mövsümün əvvəlində qarşıya qoyulan minimal tapşırığın öhdəsindən gəliblər. Yəni ki elitada qalmaq üçün yetərli miqdarda xal toplayıblar. Deməli, qarşıdakı 4 turda birdən-birə altı komanda üçün konkret turnir hədəfi qalmayıb. Həmin komandalar bütün oyunlarda qalib gəlsələr, yaxud da məğlub olsalar, onlar üçün dəyişən nəsə olmayacaq.
Mən konkret kimisə hədəf halına gətirmək fikrində deyiləm. Qurban Qurbanovun meydana buraxdığı heyətdən də görmək olur ki, “köhlən atlar” sona qədər çempionata ciddi yanaşmaq, qələbə üçün oynamaq həvəsindədilər. Ağdam təmsilçisi kubokun finalını da nəzərə almalı, aparıcı üzvlərini həm yersiz zədələrdən qorumalıdı, həm də formada saxlamağa çalışmalıdı. Bütün bu məqamları nəzərə alanda “Qarabağ”ın sona qədər ədalətli oyun prinsiplərinə sadiq qalacağını təxmin edə bilərik. Elitanı tərk etməsi rəsmiləşən “Qəbələ” isə aşkar autsayderdi. Psixoloji çöküş yaşayan, motivasiyası azalan “qırmızı-qaralar”ın bundan sonra qələbə üçün meydana çıxacağını, 90 dəqiqə vuruşacağını demək çox çətindi. Kaxaber Sxadadze də “Kəpəz”lə oyundan sonra gələcəyi ilə bağlı dəqiq fikir söyləyə bilməmişdi. Eyni vəziyyətə komandanın legionerləri də düşüb. Belə olan halda bu komandanın oyunlarının necə nəticələcəyini maraqla gözləməyə dəyər. Eləcə də “Kəpəz”in eyforiyadan əziyyət çəkib-çəkməyəcəyini qarşıdakı turlarda görəcəyik. Gəncə təmsilçisi indiyə qədər meydana elitadakı yerini təmin etmək həvəsiylə çıxırdı.

Bundan sonra necə olacaq?
Mən hələ futbolçuları tez-tez öz qapısına qol vuran “Araz Naxçıvan”ı demirəm. Doğma meydana dönə bilməyən əyalət təmsilçisi son turda “Zirə”yə çox ciddi badalaq vurdu. Gözünü ikinci pilləyə dikən Rəşad Sadıqovun komandası doğma meydanda aldığı şok məğlubiyyətdən sonra işini çətinə saldı. “Araz Naxçıvan” eyni əzmkarlığı bundan sonrakı 4 oyunda da sərgiləyib, müdafiədə səhvsiz oynayacaqmı? “Sabah”la oyunda Yusif İmanovu keçə bilməyən, qapıya doğru gedən zərbələrinin heç bir ünvana çatmayan “Səbail”in də bundan sonra necə oynayacağına diqqət yetirmək lazımdı. Avrokuboklara iddialı komandaların öz arzusuna çatması məhz bu rəqiblərlə oyunların nəticəsindən asılıdı. “Sumqayıt”ın “Kəpəz”, “Qəbələ” və “Səbail”ə qarşı oyunları var. “Gənclik şəhəri” təmsilçisini yuxarı dartan “gizli əl” bu komandaların hansınasa “uduz” əmri verə bilərmi? “Turan Tovuz”, “Kəpəz”, yaxud da “Səbail” “Zirə”yə növbəti badalağı vurmaq üçün dəridən-qabıqdan çıxacaqmı? “Sabah”ın da bu komandalardan “Araz Naxçıvan” və “Qəbələ” ilə oyunları qalıb.

Ümid edirəm ki, AFFA qarşıdakı dörd turda ayıq-sayıq davranacaq, qarşılaşmaların nəticəsi kabinetlərdə yox, məhz yaşıl meydanda həll olunacaq. Onsuz da avrokuboklar əsl imtahandı, kimin kim olduğunu orda hamı görür. Qitə miqyaslı yarışlarda nə azərbaycanlı hakimlər köməyə çatacaq, nə də AFFA-nın sığalı işə yarayacaq...

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla