AZ

Gözlənilən bir qətlin tarixçəsi…

Bəzən elə adamlar olur ki, ömrünü ağrı-acı içində keçirir.

Hansısa xəstəlik yaxasından yapışır, orqanizmlə “mərhəmətsiz düşmən” arasında amansız mübarizə başlayır. Həkim müdaxilələri bir-birini izləsə də, işə yaramır. Çünki artıq sağlamlıq immuniteti gücdən düşüb. Və ən arzuolunmaz sonun addım səsləri eşidilir: ölüm! Belədə təkcə ömrün yox, ağrıların da sonu çatır. Bilmirsən ki, həmin adamın yoxluğuna üzüləsən, yoxsa “canı qurtardığına” görə sevinəsən...

Bu həyat epizodunu premyer-liqada tətbiq edəndə ağla gələn “Qəbələ” olur. “Qırmızı-qaralar” nəinki mövsümün əvvəlindən bəri, hətta ötən mövsümü bitirəndən dərhal sonra ortaya çıxan problemlərin altında əzildiyindən elitanı tərk etdi. Komandaya nə “həkim müdaxiləsi” yaradı, nə də öz “immuniteti” yetərli oldu. Başverənlərin nəticəsi, gözlənildiyi kimi, “ölüm” oldu.Bəs indiki duruma gətirib çıxaran səbəblər özünü harda büruzə verdi?

Xəstəliyin ilkin simptomları
Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato, Rafael Utziq, Rüfət Əhmədov kimi futbolçuların komandanı tərk etməsi təməli parçaladı. Ona görə ki, həmin oyunçular ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanmaqla yanaşı, ölkə kubokuna da yiyələnmişdi. Rəhbərliyin başlıca hədəfi nəyin bahasına olur-olsun, onlarla “dil tapmaq” olmalıydı. Buna ya səriştəsizlik, ya da maliyyə çatışmazlığı səbəb oldu ki, toplananların yerini dəyişəndə cəm dəyişmir... Boşluqları doldurmaq üçün transfer edilənlərin heç bir işə yaramayacağı da sonradan dəqiqləşdi. “Qəbələ” Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya, Rəşad Əzizli, Samuel Tetteh kimi futbolçularla gücləndiyini zənn etdi. Əlbəttə, onların mövsüm ərzində ciddi uğurla yadda qalmamasının günahı həm də Elmar Baxşıyevin çiyinlərindədi. Komandadakı itkilər bununla yekunlaşmır. Çünki sonradan Omar Hani və Feras Abu Akal da “qırmızı-qaralar”ı tərk etdi. Belədə seleksiya işlərinin keyfiyyətli görülmədiyini vurğulamalıyıq. Bu qədər legionerdən biri də Qəbələdə parlamadı.

Faydasız pereparatlar və ...ölüm
Postlara gəlincə, Elmar Baxşıyevin gecikmiş istefasını Kaxaber Sxadadzenin erkən təyinatı müşayiət etdi. Bununla yanaşı, baş menecer Nail Kərimov yeni idman direktoru Səbuhi Səfiyarlıyla əvəzləndi. Bəli-bəli, heç buaddımlar da fayda vermədi... Elmar Baxşıyevin “miras qoyduğu” xal fərqi turdan-tura artdı. Ona görə ki, “Qəbələ”nin məğlubiyyətlərini “Kəpəz”in qələbə və heş-heçələri müşayiət edirdi. Bununla yanaşı, komanda daxilində hərc-mərclik hökm sürürdü. Futbolçuları, demək olar ki, hər oyunda sarı və qırmızı vərəqələrlə cəzalandırılırdı. Baxşıyevin yersiz dirəşini tükəndikdən sonra istefası azarkeşlərdə müəyyən ümid yaratmışdı ki, yaxşı olacaq. Buna isə Sxadadzenin uğursuzluğu son qoydu. Bütün məğlubiyyətlərdən sonra “çulunu sudan quru çıxaran” mütəxəssis futbolçuları ictimaiyyət önündə tənqid etməkdən çəkinmirdi. Son turlarda isə imic davası ortaya atıldı. Reallıq odu ki, Sxadadze Azərbaycanda, xüsusilə də “İnter”də qazandığı imici Gürcüstan və Qazaxıstanda korladıqdan sonra bura qayıtdı. Bunu ört-basdır etmək üçün isə “imicimi qurban vermişəm” ifadəsindən istifadə etdi. O, daha əvvəl “Qəbələ” premyer-liqadan düşsə də, komandadan ayrılmaq istəmədiyini deyirdi. Amma 32-ci turda “Kəpəz”ə məğlubiyyətdən sonra buməsələnin müzakirəyə ediləcəyini bildirərək suallar doğurdu. Ən qəribə cümlələri isə bunlardı:
“belə nəticələrlə imicimizi aşağı salmış olduq. Futbolçu qapı xəttindən qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Lakin nəticə olaraq özümüzü “öldürmüş” olduq”.


Günah öləndədi, yoxsa öldürəndə?
Şübhəsiz, hər kəsdə! Başda klub idarəçilərini desək, yerinə düşər. Hər halda, rəhbərin öhdəliyi, sadəcə, maliyyə ayırmaq, tapşırıq vermək, tələb etmək, kimisə vəzifəsindən azad və ya təyin etməkdən ibarət deyil! Şübhə yoxdu ki, Fariz Nəcəfov və köməkçiləri çoxlu səhvə yol verib. Səbuhi Səfiyarlının gəlişi də işə yaramadı. Baxşıyevə gəlincə, onun yeni futbolçuları əvvəldən sonadək tərifləməsi və potensialının olduğunu deməsi çoxunu yanıltdı. Sxadadze nə məşqçilik prinspilərinə, nə də futbolçularına hörmətlə yanaşdı. Oyunçuların günahı isə klub üçün fədakarlıq edə bilməmələri oldu. Hər kəsə bəllidi ki, həmin futbolçuların özünə gəlməsi xeyli vaxt alacaq. Ən azı ortabab komandada iş tapa bilmək üçün.

Bioloji, yoxsa klinik ölüm?
Bilindiyi kimi, biloji ölüm hər şeyin bitməsi deməkdi. Qısası, hansısa geriyədönüşdən söhbət getmir! Burda hadisələrin axarına müdaxilə etmək qeyri-mümkündü. Klinik ölüm isə müvəqqətidi. “Qəbələ”nin “ölümündən” bəhs ediriksə, belə müqayisə yerinə düşər. Düzdü, hələ komandanın premyer-liqanı tərk edib-etməyəcəyi bəlli deyil. Ona görə ki, AFFA İcraiyyə Komitəsinin formatı dəyişmək və klub sayını artırmaqla yanaşı, “Qəbələ”nin elitada qalmasına şərait yaradacağı haqda iddialar var. Ümumiyyətlə, “qırmızı-qaralar”ın rəhbərliyi çox şeyi dəyişməyə vacibdi. Artıq “Qəbələ-2”nin fəaliyyətini dayandıracağı gündəmdədi. Təbii ki, zamanla bir çox ciddi problem özünü göstərəcək. Klub rəhbərliyi lap elə indidən planlar cızmalı, vaxtında və dəqiq “cərrahi müdaxilə” etməlidi. Düşsələr, bir mövsüm ərzində premyer-liqaya qayıdacaqlarını düşünməsinlər. Hər halda, “Şamaxı” da elə düşünürdü. Lakin indi lider “Qaradağ Lökbatan”ı qabaqlamaqda çətinlik çəkirlər.

Həm də unutmayaq ki, bu gün söhbət adi bir komandadan yox, iki dəfə ölkə kubokunu qazanan, dəfələrlə mükafatçılar sırasına düşən, iki dəfə Avropa Liqasının qrupunda oynayan “Qəbələ”dən gedir. Onun tarixdən silinməsinə yol vermək olmaz!

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla