AZ

Arda Gülərin “Real” MACƏRASI: “Bu klubda o mövqelərdə elə ulduzlar oynayıb ki…”

“Fənərbağça” kimi heç Avropa ortababına yaxın olmayan klubdan birbaşa “Real” səviyyəsinə keçid asan proses deyil və onun komandada oyunu, ümumiyyətlə, alınmaya da bilər”.

Bu fikirləri “Real Madrid” futbol klubuna gəldiyi ilk gündən müzakirə mövzusuna çevrilən türkiyəli futbolçu Arda Gülərin potensialı barədə danışan idman jurnalisti Kənan Məstəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ardanın komandada möhkəmlənməsi üçün sadəcə bacarıqlı futbolçu olması bəs etmir:

“Ardanın istedadına şübhə yoxdur, lakin hələ gəncdir və sabitlik baxımından problem yaşayır. “Fənərbağça” kimi heç Avropa ortababına yaxın olmayan klubdan birbaşa “Real” səviyyəsinə keçid asan proses deyil və onun komandada oyunu, ümumiyyətlə, alınmaya da bilər. Madriddə tələblər başqadır. Orada möhkəmlənmək üçün sadəcə bacarıqlı futbolçu olmaq bəs etmir. İşin idman tərəfi – fiziki hazırlıq, atletizm, dözümlülük və sair burada xüsusi əhəmiyyət kəsb edir. Bir oyun oynayıb, ikincisində zədələnib, üç oyun buraxıb, sonra yenə eyni şeyi təkrarlamaq müsbət heç nə vəd etməz. Sən yetmiş metr məsafəyə dəqiq ötürmə verə bilərsən. Amma buna sənə imkan verməlidirlər, üstəlik, bunu bir-iki dəfə etməklə “Real”da səni “dağ başı”na qaldırmayacaqlar. Çünki bu klubda o mövqelərdə elə ulduzlar oynayıb, səviyyəni o qədər yuxarı qaldırıb ki, o zirvəyə çatmaq ekstraordinar bacarıqlar tələb edir.

Bir sözlə, Ardadan indidən fantastik çıxış gözləmək düz deyil. Bu onda əlavə basqı da yaradır. Onun elə “Real”ın heyətində ara-sıra oynaması belə böyük hadisədir. Fikrimcə,ona vaxt lazımdır. Arda bərkiməli, hərtərəfli güclənməli, kobud dillə desək, bir az “kişiləşməli”dir. Yalnız bundan sonra uğurları özünü gözlətməyəcək. İcarəyə getməyin onun üçün düz olmayacağını düşünürəm, çünki hazırkı tempi başqa komandada itirə, bir də geri qaytara bilməyə bilər. İcarə həmişə lotereyadır, tuta da bilər, tutmaya da. Risk etmək olmaz”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla