AZ

“Qarabağ”a məyusluq gətirdi, “Sportinfo”ya dedi ki...

Premyer Liqanın 32-ci turunun surpriz nəticəsi Sumqayıtda qeydə alındı.

Burada çempionluğunu rəsmiləşdirən “Qarabağ” yerli komandaya məğlub oldu – 0:1.

Matçdakı yeganə qolun müəllifi olan “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat Sportinfo.az-a müsahibə verib.

- "Qarabağ" üzərində əhəmiyyətli qələbə barədə nələr deyə bilərsən?

- Turnir cədvəlində mümkün qədər yüksəkdə qalmaq üçün bu qələbə çox vacib idi. Bilirdik ki, bu qələbəni əldə etmək üçün bacarığımızdan daha çox şeyi meydanda qoymalıyıq. Sonda bunu bacardıq.

- Hamı üçün son nəticə surpriz oldu. Bəs sizin üçün necə?

- "Qarabağ" liqanın ən yaxşı komandasıdır və bunu hamı bilir. Onlar bu mövsüm Avropada böyük uğur qazandılar. Arxada qalan 3 oyunda bu rəqibə uduzmuşduq. Hətta iki oyunda böyük fərqlə məğlub olmuşduq. Onlardan xal almaq çox çətindir. Matçın hər saniyəsi üçün hər şeyi verdik və zaman keçdikcə oyunda özümüzü daha yaxşı hiss etdik. Sonda bu nəticəni əldə etdiyimiz üçün xoşbəxtəm.

- Qələbədə azarkeşlərin payı nə qədərdi?

- Azarkeşlərin payı böyükdür. Bu cür dəstəyin olması bizi motivasiya edən və oyunun çətin dəqiqələrində bizə enerji verən bir şeydir.

- 2024-cü ildə ilk qolunu vurdu. Bu qədər müddət fərqlənə bilməməyinə səbəb nə idi?

- Düşünürəm ki, çox yaxşı çıxışlarım olub. Qol vurmasam belə komandaya kömək etmək üçün əlimdən gələn hər şeyi etdiyimi düşünürəm. Çempionatda olmasa da “Neftçi” ilə kubokda qol vurdum və assist etdim. Liqada isə “Neftçi”yə vurduğum qol haqsız yerə ləğv edildi.

- Samir Abasovun 90 dəqiqə kənardan göstərişlər verməsinə alışmısınız. Yoxluğunu meydanda hiss etdiniz?

- “Sumqayıt”ın bütün məşqçilər heyəti çox yaxşıdır. Əlbəttə ki, Samir müəllimin vacib oyunda bizimlə olmasını istərdik, amma o, köməkçi məşqçilərin timsalında bizi yaxşı əllərdə qoyub getmişdi.

- "Qarabağ" üzərində qələbənin avrokuboklara vəsiqənin açarı adlandıra bilərik?

- Xeyr, sonda digər komandaları udduğumuz kimi 3 xal aldıq. 2-ci yerlə 5-ci yer arasındakı fərq cəmi 1 xaldır. Əgər “Qarabağ”a qalib gəldiyimiz üçün növbəti oyunların asan olacağını hiss etsək, Avropaya vəsiqəni əldən buraxa bilərik.

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla