AZ

Fransada islamofobiya dövlət siyasətinə çevrilib -ŞƏRH

Müsəlman əhalinin ən çox məskunlaşdığı Avropa ölkələrindən biri də Fransadır, burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Hər ötən il bu göstərici artması ilə paralel olaraq onlara qarşı amansız münasibət daha da kəskinləşir. Biz bunu İslam dininə, müsəlmanlara, türklərə qarşı münasibətdə də açıq şəkildə müşahidə edirik. Belə ki, onlara qarşı ayrı-seçkiliklər, İslamın, müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in ictimai yerlərdə cırılması, yandırılması Fransada və dünyada yaşayan milyonlarla müsəlmana qarşı hörmətsizlik əlamətidir. Halbuki dünyada özünü demokratik, insan hüquqlarının qoruyucusu, multikultural, dünyəvi dövlət dövlət kimi təqdim edən Fransa bu anlayışları, sadəcə, öz maraqlı naminə siyasət xəttinin bir hissəsi kimi istifadə edir.

Bir fakta diqqət yetirək: Fransa Daxili İşlər Nazirliyinin Statistika Xidməti SSMSİ 2023-cü il üçün ksenofobiya və ya din əleyhinə cinayətlərə dair hesabatını dərc edib. Hesabatda Fransada polis və jandarm qüvvələrinin 2023-cü ildə təxminən 15 min irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər qeydə aldığı və buna yalnız təhlükəsizlik xidmətlərinə ötürülən cinayətlərin daxil olduğu qeyd edilib.

Məlum olduğu kimi, Fransada 1978-ci ildə qəbul edilmiş qanuna əsasən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı olaraq qadağan olunub. Rəsmi Parisin dövlət siyasəti kimi rəhbər tutduğu bu model ərazisində yaşayan etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə hesab olunur. Bu da onlara qarşı sistemli və davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün effektiv mexanizmlər tətbiq etməyə imkan vermir.  Həmçinin ayrı-seçkilik, diskriminasiya halları təkcə müsəlmanlara qarşı yox, həm də qaradərili Fransa vətəndaşları və digər etnik və dini qruplara qarşı da həyata keçirilir. Bu hal, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib. Bundan başqa, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və s. Antidiskriminasiya tədbirləri görülərkən  3-cü və daha yuxarı nəsildən olan Fransa vətəndaşlarına münasibətdə “immiqrantlar” anlayışlarından istifadə olunur. Fransız reallığında “müsəlmanlar” dedikdə çox vaxt Məğrib, Afrika və Yaxın Şərqdən köçmüş insanların nəslindən olan şəxslər nəzərdə tutulur ki, bu da ölkədə “immiqrant” və “müsəlman” anlayışlarının fərqləndirilməməsinə, nəticə etibarilə onların fransız cəmiyyəti üçün kənar və yad insanlar kimi səciyyələndirilməsinə səbəb olur. Amma fikir versək görərik ki, son illərdə Fransanı futbol yığmasının oyunçularının əksəriyyəti müsəlmanlardan təşkil olunsa da, onlar da müəyyən təzyiqlərin, qadağaların qurbanı olurlar. Belə ki, heyətlərində çoxlu müsəlman futbolçu olan Fransa milli komandasının və U21 Komandasının bəzi oyunçularına məşq zamanı oruc tutmağa qadağda qoyulub. Hətta gənclərdən ibarət komandanın futbolçusunun oruc tutmaqda israrlı olduğu üçün heyətdən çıxarıldığı barədə də məlumatlar yayılmışdı. Bu da onu göstərir ki, Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita trəfindən manipulyasiya edilməsindən qaynaqlanır.

Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında – Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib. Fransa yerli müsəlmanların taleyini idarə edib, imperiya daxilində yerli iqtisadiyyatları Fransa iqtisadiyyatının inkişafı üçün istismar edib.

Elmir Səftərov,
Siyasi şərhçi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla