AZ

Gürcüstan hakimiyyətində Qərbçilərlə ruspərəstlərin açıq savaşı başladı- ABŞ-ın dəvəti yerə salındı...

Image

Hüseyn İbrahimov: “Görünən odur ki, hazırkı hakimiyyətin mövqeləri və sosial dayaqları güclüdür”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a getməkdən imtina edib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan bəyanat yayıb. 

Səfir Gürcüstan hökumətinin yüksək vəzifəli şəxslərini ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən sualı müzakirə etmək üçün Vaşinqtona dəvət etdiklərini, gürcü tərəfinin isə bu dəvəti qəbul etmədiyini deyib.

Gürcüstan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq bildirib ki, Baş nazir ABŞ-a ölkə parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsini səfərdən əvvəl müvəqqəti olaraq dayandırması şərtilə dəvət olunub. Xarici İşlər Nazirliyindən bildirilib ki, şərt qoşulmuş səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Bu arada, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı açıqlama verərək deyib ki, ABŞ bu qanunun fərqli fikri boğma nöqteyi-nəzərindən nəyə qadir olacağı ilə bağlı narahatdır: “Gürcüstanda, istənilən ölkədə olduğu kimi, hakimiyyət tərəfindən səlahiyyətin aşılması üzərində tənqidi nəzarətə xidmət edən aktiv vətəndaş cəmiyyəti var”

Bütün bu deyilənlərin fonunda, Gürcüstanda Qərbyönlü və Rusiyayönlü hakimiyyət qruplarının mübarizəsi nə ilə bitəcək?

“Mövcud hakimiyyət Ukraynada baş verənlərdən nəticə çıxararaq Gürcüstanı poliqona çevirmək istəmir” 

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Gürcüstanı çətin payız gözləyir: “Görünən odur ki, regionda dəyişikliklər baş verir. Gedən proseslər Cənubi Qafqaza öz təsirini göstərir. Məsələ ondadır ki, Gürcüstanda baş verənlər gedən geosiyasi mübarizənin nəticəsidir. Görünən odur ki, Gürcüstanda gedən proseslər yeni fazaya qədəm qoyur. Artıq Cənubi Qafqaz dövlətləri, konkret olaraq Gürcüstan nə Qərbə, nə də Rusiyaya təslim olmaq istəyir. Hazırkı hakimiyyət çalışır ki, bu iki qüvvə arasında öz yolunu müəyyən etsin. Baxmayaraq ki, Gürcüstan həm Qərb, həm də Rusiya üçün önəmli əhəmiyyət kəsb edir. Mövcud hakimiyyət Ukraynada baş verənlərdən nəticə çıxararaq ölkəni poliqona çevirmək istəmir. Bu isə Qərbdə müəyyən dairələri qane etmir. Gürcüstan elə bir coğrafi mövqedə yerləşir ki, balansı qorumağa məhkimdur. 2004-cü ilin yanvarında Mixeil Saakaşvili prezident seçiləndən sonra Gürcüstan aşırı dərəcədə Qərbin maraqlarını ifadə edən siyasət yürütdü. Nəticədə bu, Gürcüstan üçün çox faciəli nəticələr doğurdu. 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında müharibə baş verdi. Ölkə ciddi dağıntılara məruz qaldı, xeyli sayda insan öldü. Ondan sonra Moskva Cənubi Osetiya və Abxaziya separatçılarının “müstəqilliyini” tanıdı. Nəticədə 2012-ci ilin parlament seçkilərində Saakaşvilinin “Milli Hərakat”ı məğlub oldu və bugünə qədər hakimiyyətdə “Gürcü arzusu” partiyasıdır. Görünən odur ki, hazırkı Gürcüstan hakimiyyətinin mövqeləri və sosial dayaqları güclüdür. Müxalifətin tərəfdarları elə də çox deyil. Bu ölkə Rusiya ilə münasibətləri nizamlamaqda davam edəcək”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla