AZ

“CBC Sport”un yayın keyfiyyəti aşağıdı?

Misli premyer-liqasında 32-ci tur arxada qaldı.

İstədiyi nəticəyə nail ola bilməyən komandalar, adətən, oyundan sonra fərqli səbəblər göstərir. Hakim qərarları ilə bağlı narazılıq öz yerində, bəzən “CBC Sport”un yayın keyfiyyəti də azarkeşləri çaş-baş salır. Hətta “İdman” TV-nin vaxtilə daha səviyyəli çəkiliş apardığını deyənlər də var. Bəs belə mülahizələr nə dərəcədə doğrudu?
Məsələ ilə bağlı sabiq FİFA referisi Fariz Yusifova müraciət etdik:
“Çempionat oyunlarını mən də izləyirəm. Deyə bilərəm ki, “İdman” TV ilə “CBC Sport”un yayını arasında fərq yerdən göyə qədərdi. Kim nə deyir-desin, keçmiş hakim kimi bunu əminliklə deyirəm. Qeyd edim ki, indikindən fərqli həmin vaxt hakimlərə inam böyük idi. Hər hansı qərarımızı komanda, hakimlər və azarkeşlər qəbul edirdi. Ona görə o vaxt belə hallar qloballaşmırdı. VAR sistemi tətbiq olunandan sonra çox incələmə, vaxt itkisi baş verir. Bir epizoda dəfələrlə baxandan, onu üç dəqiqə müzakirə edəndən hakimlərə inanmsızlıq yaranır. Qərarın doğru və ya yanlış olmasından irəli gələn müəyyən yozulma olur. Bir neçə turdu mən də eşidirəm ki, “CBC Sport”un çəkilişləri effektiv deyil. “CBC Sport” təkrarları 5-6 rakursdan göstərir. Bizim hakimlər nə VAR-a, nə də əlavə kameraya arxayın olmalıdı. Onlar oyun epizodlarında elə mövqe tutmalıdılar ki, dayandıqları yerdən düzgün və aydın qərar verməkdə çətinlik çəkməsinlər. Təəsüf ki, son vaxtlar bu hallar çox baş verir. Əsasən də “Qarabağ”ın oyunlarında olur. Bu komandanın son oyunlarinda yetərincə səhv qərar görürəm. “Qarabağ” susur, danışmır deyə, o demək deyil ki, belə olmalıdı. Hələ çempion komandaya qarşı belədisə, başqalarına olmaması mümkünsüzdü. Məsələn, Ağdam klubunun “Sabah”la oyununda Bədavi Hüseynovun ağzından qan gəlir, hakim oyuna davam edir. “Sumqayıt”la matçda topun ələ dəydiyini görürük. Düzdü, bu hallara çox rast gəlinir. Amma birmənalı şəkildə topun ələ toxunmasıyla bağlı meyarlar var. Onlara uyğun qərar verilməlidi. Burda VAR da hakimlərə kömək etməlidi ki, oyundan sonra belə söz-söhbət olmasın. Çempionatın sırf bu dönəmlərində, sona yaxın hakimlərimiz daha məsuliyyətli, daha diqqətli olmalıdı. Meydanda elə düzgün, qətiyyətli davranmalıdılar ki, həm komandalar, həm də azarkeşlər onların qərarını dəstəkləsin. Son dörd turda çox diqqətli olmaq lazımdı. Çünki hansısa yanlış qərar il ərzində komandanın çəkdiyi əziyyəti puç edə bilər. Yekunda bildirim ki, “CBC Sport”un çəkiliş səviyyəsinin aşağı olduğunu əsas gətirmək doğru deyil. Bunu kənara qoyub, hakimlərin meydandakı mövqeyindən və epizodlara yanaşmasından daha çox danışmalıyıq”.


Bəs yayın keyfiyyəti ilə bağlı problemi necə aradan qaldırmaq olar? Bu sualı “İdman” TV-nin şərhçisi Tərlan Şahinoğluna unvanladıq:
“Mənə texniki məsələlərlə bağlı fikir bildirmək çətindi. Bunun həll yolu ancaq yayın zamanı istifadə olunan kameraların sayını artırmaqla mümkündü. Avropanın ən güclüçempionatıarında, avrokubok matçlarında az qala hər oyunçuya ayrıca kamera işləyir. Təbii ki, bizdə bunu tətbiq etmək mümkün deyil. Çempionatın keyfiyyəti də o səviyyədə deyil ki, bu qədər kameraya ehtiyac duyulsun. Lakin istənilən halda bu işdə operator və rejissorların öhdəsinə böyük yük düşür. Daha diqqətli olmaq lazımdı”.


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla