AZ

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə illik inflyasiya durmadan artır. Qardaş ölkədə illik inflyasiya aprel ayında 70%-ə qədər yüksəlib. Bu isə Türkiyədə qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə geyim, ayaqqabı və təhsil sektorunda ciddi bahalaşma müşahidə edilir.

Bəs bu inflyasiya Azərbaycana necə təsir edir?

İqtisadçı ekspert Xalid Kərimli “Operativ Media” ya açıqlamsında bildirib ki, Türkiyədə baş verən inflyasiya onun ticarət partnyorlarına da təsirsiz ötüşmür. Qardaş ölkə Azərbaycanın idxal və ixracında mühüm rol oynayır:

“Faktiki olaraq Türkiyə Azərbaycana məhsul idxalında ilk üçlükdədir. İnflyasiya səbəbindən ötən ilin eyni ayına nisbətən ən az artım 51% ilə geyim və ayaqqabı qiymətlərində olub. Xüsusilə bu ölkədə istehsal olunan həmin mallara Azərbaycan alıcılarının tələbatı böyükdür. İnflyasiya həm də lirənin dəyər itirməsi ilə paralel gedir. Bu, Azərbaycan alıcısına müxtəlif cür təsir edir. Son 12 ayda lirənin manata nisbətdə 66% dəyər itirməsi, geyim məhsullarının 51% bahalaşması nəticə etibarilə Azərbaycan üçün yenə də əlverişli vəziyyət formalaşdırır. Manata nisbətən dəyərini 66% itirən lirənin qarşısında qiymətlərin 51% qalxmasına baxmayaraq bizim üçün bu sərfəlidir və alıcılar türk məhsullarını daha ucuz almış olur''.

İqtisadçı deyib ki, statistik rəqəmlərə görə, son bir ildə Türkiyədə ən çox artım qeydə alınan əsas qrup isə 104%-ə yaxın nəticə ilə  təhsil sektoru olub. Təhsil xərclərinin artması azərbaycanlı tələbələr üçün heç də yaxşı xəbər deyil. Çünkü hər il yüzlərlə tələbə bu ölkəyə təhsil almaq üçün üz tutur. Ekspertlərin fikirincə, bu bahalaşma da ən çox azərbaycanlı tələbələrə mənfi təsir edəcək:

''Təhsil xidmətlərinə gələndə isə bu Azərbaycanlı təhsil alıcısının ziyanına işləyir. Əgər lirə manat qarşısında 66% ucuzlaşıbsa, təhsil xidmətləri 103%  bahalaşib. Bu o deməkdir ki, tələbə eyni təhsil xidmətini Türkiyədən daha baha qiymətə alır. Bu baxımdan məhsulların lirənin ucuzlaşması fonunda fərqli dəyişməsi Azərbaycan istehlakçısına müxtəlif cür təsir edir. Təhsil xərcləri ilə yanaşı kirayə qiymətləri də durmadan artmaqdadır. Bununla belə, ilin ikinci yarısından başlayaraq Türkiyədə inflyasiyanın getdikcə aşağı düşəcəyi ehtimal edilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
17
Mənbələr
Şərh ()
Bağla