AZ

Şəkillərdə, xəyallarda və ürəklərdə yaşayan şəhid Alim

Image


İndi – vücudi yoxluğunun dördünicü ilində İbrahimovlar ailəsi, digər yaxınlar, qohum-əqraba və dostlar onunla yalnız şəkillər vasitəsilə danışırlar. Bu böyük nəslin dağ boyda övladı ömrün ayrı-ayrı çağlarında fotolentlərə, telefonların yaddaşına köçürülmüş şəkillərə, xırda süjetlərə və heç vaxt ölməyəcək xəyallara qısılaraq, göz yaşı içərisində, amma qürurla xatırlanır. Sürətlə ötüşən zaman varlığını bizdən uzaqlaşdırsa da, mərd, qayğıkeş, işıqlı obrazı hər gün daha yaxına gələrək, az qala lap qarşımızda, gözlərimiz önündə canlanır…   

Mədəniyyətimizin daha bir cəsur şəhidinin sorağı ilə Mingəçevirdə olarkən məni də həmin şəkillər qalereyasında - xatirə guşəsində və masa üzərində qərar tutmuş fotolarla söhbətə dəvət elədilər. Mülki və hərbi formalı gəncin o qədər oxşar və fərqli cizgiləri var ki… Birində qarmonla, digərində avtomatla… Bunda dosta məhəbbət, başqasında düşmənə nifrətlə… Humanist, rəhimli və sərt, qətiyyətli baxışlarla… Vətən övladlarına musiqi öyrətmək, toy, şənlik keçirmək; yağıları torpaqlarımızdan qovmaq, məhv eləmək arzulu… Amma bütün çərçivələrdən bir şəxsiyyət, bir kişi – torpağını azad, ölkəsini müstəqil, xalqını xoşbəxt görməkdən ötrü canını, qanını belə əsirgəməyən, bütövlik, hürriyət, istiqlal rəmzi sayılan ŞƏHİD boylanır…

Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında  Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuşdu. Sonradan valideynlərinin iş yeri ilə əlaqədar işıqlar, nurlar şəhərinə köçüblər – atası DRES-də çalışıb. 2001-2010-cu illərdə Mingəçevir 4 saylı orta məktəbdə təhsil alıb. Hələ körpəlikdən mahnı səsinə dartınması, böyüdükcə musiqiyə artan həvəsi onu incəsənət sahəsinə çəkib gətirib. 2004-2010-cu illərdə Mingəçevir şəhər Bülbül adına 2 saylı musiqi məktəbində qarmon ifaçılığının incəliklərinə yiyələnib. 2014-cu illdə Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecini qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində işləməyə başlayıb. 

Alim nə qədər şən, nikbin, məclis-mərəkə adamı olsa da, bütün qeyrətli Azərbaycan gəncləri kimi, qəlbində qaysaqlanmayan bir yara – Qarabağ dərdi gəzdirirdi. Qəzet-jurnallardan oxuduğu, radio-televizorda baxıb-dinlədiyi, sosial şəbəkələrdə tanış olduğu işğal xəbərləri – atəşkəsin pozulması, erməni siyasi möhtəkirlərin yaramaz çıxışları, effektsiz sülh danışıqları prosesinə görə tez-tez hövsələdən çıxırmış. 2016-cı ilin 4 günlük Aprel savaşında Lələtəpə və Cocuq Mərcanlının qurtuluşu, 2020-ci ilin iyulunda Tovuzda düşmən hücumunun dəf edilməsindən sonra nəhayət müqəddəs cihad gününün, qəti zəfər məqamının yaxınlaşdığını duyur. Şəhid general Polad Həşimovu, şəhid gizir Mübariz İbrahimovu özünə həyat idealı seçir, digər igid oğulların yolu ilə gedəcəyinə qərar verir. Ali Baş Komandanın səfərbərlik əmrini səbirsizliklə gözləyir. 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılır. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir... 

Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Atası Səhrab kişi qabarlı əlləri arasından başını qaldırıb dərindən köks ötürür, gözlərini uzaqdakı məchul nöqtəyə zilləyərək çətinliklə də olsa şəhid oğlu barədə söhbətə başlayır: “Alim çox yaxşı, ailəcanlı, qayğıkeş övlad olub. Özünü dərk edəndən ailəmizə maddi və mənəvi dəstək göstərirdi. Mənim qol-qanadım, canım idi. Hər an yanımda, gözümün nuru, dərdimə yanan idi. Ürəkli, mərd, mədəni, alicənab oğul idi. 3 ilyarımdan çoxdur evin nə dadı qalıb, nə də ki duzu... Alimsiz həyatı təsəvvür etmirdik. Düzdür bir valideyn olaraq bu dərdə dözməyimiz çox çətindir, amma bilirik ki, oğlumuz Vətən uğrunda öz şirin canından keçib, şəhidlik zirvəsinə ucalıb. Daim qəlbimizdədir..!”

Anası Xatirə İbrahimova göz yaşlarını saxlaya bilmir, əziz balası haqqında hıçqıraraq danışır: “Alim ailəmizin sevinci, başımızın tacı idi. Evimizin gülüşlü, sevincli, xoş günləri onunla getdi. Atadan, anadan, qardaşdan ötrü canını verməyə hazır, tam fərqli bir uşaq idi. Bir nəfər desəydi, başım ağrıyır, qəmlənərdi ki, kiməsə, nəsə olar. Muharibə başlayan kimi cəbhəyə yollandı. İndi gözümüz onun gedib gəlmədiyi yolda qalıb. Allahdan bir möcüzə ola, Alim evimizə qayıda... Hər gün səhər-axşam balam bəlkə yenə gəlib keçəcək deyə, o yollara baxıram. Təsəlli yerimiz ancaq şəkillərdir. Alim sentyabr 20-i mənə sürpriz edib ad günü keçirdi və ertəsi gün səfərbərliklə yola düşdü. Yaşı az olsa da böyüklə böyük, uşaqla uşaq idi. Yaşlı nənə-babasının qeydinə qalırdı. Kimin ürəyi nə istəsə, heç düşünmədən yerinə yetirirdi. Gözəl qəlbli, sakit, mülayim biri idi. İndi hamı Alimdən danışır. Onunla bağlı çox arzularım, xəyallarım vardı... Deyirdim, Göyçay şəhərində oğul evinə sevinərək gedəcəm, amma yolum şəhidlərə ağlayaraq getmək oldu. Qismətimə qara daşı bağrıma basmaq, şəkillərlə danışmaq düşdü...”

Əmisi Ərəstun İbrahimov: “Qardaşım oğlu nə qədər başıaşağı, mülayim, sakittəbiətli olsa da, haqsızlığa qarşı susmazdı. Ondan ötrü dünyanın ən böyük ədalətsizliyi elə Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında qalması və beynəlxalq qurumların bunu sükutla qarşılaması idi. Aparıcı dövlətlərin erməni təcavüzünə səssiz qalmalarını, Xocalı faciəsi boyda dəhşətə göz yummalarını, biz düşmən təxribatı müqabilində hücuma keçdiyimizdə erməninin müdafiəsinə qalxmalarını heç cür həzm edə bilmirdi. Ona görə də çağırış gələn anda hərbi təlimlərə qoşuldu, savaşın ilk anından özünü irəli atdı. Düzdür, qardaşımın beli sındı, amma Vətən məhz belə igidlərin qanı, canı bahasına suverenlik qazanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Qardaşı Aydının dediklərindən: “Alim çox gözəl ürəkli qardaş idi, canlara deyən oğlan idi. Hər zaman arxam, dayağım olub. Dilimiz-sirrimiz bir idi, bütün çətinliklərimdə özünü yetirərdi... Qisməti şəhidlik olduğu gündən qardaşdan yetim qalmışam. Alim yerə sığmırdı, qartal təki həmişə ənginliklər, aydın səmalar arzusu ilə yaşayırdı. Qızım dünyaya gələndə adının Səma qoyulmasını da o istəmişdi. Hər gün şəklinə baxıb əvvəlki qardaşlı günlərimi Allahdan diləyirəm. Bilirəm, heç vaxt qayıdıb gəlməyəcək... Həyatdır, əlimizdən nə gəlir..? Allahın quluyuq, nə yazıb - Yaradan bilər...”

Şəhidimizin döyüş yolu haqqında bilgiləri genişləndirmək üçün komandirini, cəbhə yoldaşlarını aradıq, lakin dedilər ki, həmin qrupdan heç kim sağ qalmayıb, ağır savaşda hamısı həlak olub.

Deyilənlərə görə, son vaxtlar bacısının olmadığına bərk heyfslənər, kaş ki, Allah mənə bir bacı qismət edəydi, söylərmiş... Anası da soruşub ki, ay bala, indi bu yaşda neyləyirsən bacını – nişanında hazırlıq görüb, toyunda oynamaq üçünmü axtarırsan? Bütün qohum-əqrabadakı qızlar sənin bacındır, xonça tutacaqlar, toyunda iştirak edəcəklər, söyləyib Xatirə xanım... Amma bilməyib ki, Alim bacını nəşi yerdən qaldırılanda, hüzr məclisindəı, məzarı başında ağlamaqdan ötrü axtarırmış... Necə ki, onu özünə qardaş sayan qızların hələ də göz yaşları qurumur...

Yazı ilk cümlədən şəkillərlə başladıq. Qəhrəman şəhidimizin qısa, lakin əzəmətli ömrünə fotolarla səyahət elədik, doğmalarının, dostlarının xatirələrində tanıdıq, videosüjetlərlə son mənzilə yola saldıq. Bəşər övladı rahat, məsud, əlamətdar, səadətli anlarında şəkil çəkdirməyə meyl göstərir, acı günlərində buna heç həvəsi olmur. Alim İbrahimovun da əsgər formasında çoxlu şəkilləri var – hamısında gülür, sevinir, qanadlanır... Elə düşmən caynağından xilas etdiyi müqəddəs Vətənin aydın, günəşli səmasında pərvazlanan azad, xoşbəxt ruhu kimi... 


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla