AZ

"Yaş olur 30, ailə qurmaq keçir arxa plana" — Gecikən evliliklər

Son illərdə evlilik yaşı artıb. Gənclər daha gec yaşlarda ailə qurmağa üstünlük verirlər. Əvvəllər evlilik üçün 30 yaş gec hesab olunsa da dövrümüzdə artıq bu yaşda ailə qurmaq normal hesab olunur. Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı Demokrat.az-a açıqlamasında bunun səbəblərindən danışıb. Onun sözlərinə görə ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir:

“Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. Psixoloji problemlərin çoxu əslində sosioloji problemlərdən doğur. Ailə asan qurulmur, amma müşahidələrimə görə çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa o da qorxur, necə deyərlər süddən ağzı yanan suyu üfürərək içər. Gənclər daha yaxşı evlilik edə bilmək üçün gözləyirlər və beləcə qocalırlar. Qızlar boşanan tanışını görüb tərəddüdlə davranır, ya da karyera dalınca getməyə üstünlük verir, yaş olur 30, evlilik keçir arxa plana”.

Sosioloq qeyd edib ki, səbəblərdən biri də qlobal təsirlərdir:



“Çünki insanların sərhədsiz ünsiyyət, sosiallaşmaq kimi məşğuliyyətləri mental dəyərlərə də təsirsiz ötüşmür. Sosial şəbəkələr vasitəsilə tanışlıqlar, sevgi-eşq axtarışı kimi faktorlar da öz təsirini göstərir.

Azad seks, azad yaşamaq haqqında çox şey görür gənclər o platformalarda. Evliliyin ayaq bağı, evlənməyin problem yaratdığını hesab edirlər”.  

L.Mehralının fikrincə, ailə anlayışının bu qədər cılızlaşmasının arxasında efir, tV-lər, dırnaqarası sosial layihələr dayanır: 

“Həmin verilişlərlə ərli qadınlara əgər xoşbəxt deyilsə, evdən qaçmaq, evli kişilərə subay qız qaçırmaq öyrədildi. Birbaşa yox, dolayı yollarla, şüuraltı. Bir növ “dəlinin yadına daş salmaq” kimi. TV-lərdən o proqramları tamamilə yığışdırmaq lazımdır. Düzdür, tədbir görüldü, vaxtı azaldıldı, amma mən tam ləğvinin tərəfdarıyam. "Bakıya gedəcəyəm, televizora çıxacağam, məşhur olacağam" düşüncəsi gəncləri, ailələri tamamilə məhv etməmiş”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla