AZ

“Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya keçirildi

Image

Aprelin 3-də  Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai Proseslər media müstəvisində" adlı Forum çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya baş tutdu. 

Ölkə mediasının təmsilçilərinin də qatıldığı sessiyasının moderatoru Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov idi. F.Novruzov  çıxışında bildirdi ki, narkomaniya bütün dünyanı narahat edir və Azərbaycanda da bu problem var, dövlət qurumları tərəfindən bu problemlə ciddi mübarizə tədbirləri həyata keçirilir. Sessiyada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev, Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli çıxış edəək bildirdilər ki, bütün aidiyyəti dövlət qurumları, o cümlədən də sessiyada təmsil olunan qurumların hər biri narkomaniya ilə mübarizədə aktivlik göstərir. Vurğulandı ki, narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə olunması çox vacibdir və media da bu istiqamətdə xəbərlər yayarkən mütləq mənada rəsmi məlumatlara istinad etməlidir.

Qeyd olundu ki, narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində ciddi maarifçilik işləri aparılır, indiyə qədər saysız işlər görülüb və bununla bağlı çəkilən sosial çarxlar 29 min dəfə sosial mediada yayımlanıb. Sessiyada bildirdildi ki, bu sosial çarxların cəmiyyətə müsbət təsiri olur. Səsləndirilən məlumata görə,  aparılan maarifçilik işləri və narkomaniya sahəsindəki tədbirlər nəticəsində artıq narkomaniyadan əziyyət çəkən şəxslər könüllü olaraq müalicə alır, onların ailələri də bu işdə onlara dəstək olur.

Narkomaniyanın böyük bəla olduğunu bildirən natiqlər qeyd etdilər ki, bununla  mübarizə aparmaq cəmiyyətin də əsas vəzifələrindən biridir, burada medianın da payı olmalıdır, mətbuat da bu sahədə üzərinə düşən işi həyata keçirməlidir. Səsləndirilən fikirlərdə qeyd edildi ki, media dövlət qurumlarının bu sahədə fəaliyyətini ciddi şəkildə təbliğ etməlidir, belə olarsa bunun nəticəsi daha yüksək olar. Rəsmi qurumlarla məlumatların dəqiqləşdirilməməsi hallarının olduğu da vurğulandı və bildirildi ki, narkomanlarla bağlı bütün məlumatlar  dəqiqləşdirilməlidir. O da bildirildi ki, narkomaniya ilə mübarizə cəmiyyətin hər bir üzvünün məşğul olmalı olduğu sahədir. 

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev vurğuladı ki, hər bir cəmiyyət üzvü, ictimaiyyət nümayəndəsi narkomaniya ilə mübarizə işinə dəstək verməlidir. O, vurğuladı ki, bizim cəmiyyətdə "mənim övladım bunu etməz", "bir dəfə istifadədən heç nə olmaz" kimi arxayınçılıq da müşahidə edilir. DİN-in müxtəlif müəssisələrlə, o cümlədən də təhsil müəssisələri ilə birgə  20 minə yaxın tədbir keçirdiyini deyən E.Hacıyev bildirdi ki, Respublikada narkotiklə bağlı mövcud olmuş baza, anbar, “bariqa”lar dağıdılıb. O qeyd etdi ki, əvvəlki illərlə müqayisədə indi narkomanlığa düçar olmuş şəxslərin bu bəladan qurtarmasına yardım edən xəstəxanaların və ora  müraciət edənlərin sayı artıb. O bildirdi ki, artıq narkomaniyaya düçar olanlar özləri və ailələri könüllü şəkildə xəstəxanalara, dispanserlərə müraciət edirlər. O da yenə burada medianın aktiv rol oynamalı olduğunu dedi. 

Çıxışlar, müzakirə və sual-cavab şəraitində keçirilən panel iclasında bir çox faydalı məsləhətlər verildi, maarifçilik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyi qeyd edildi. 

Bütün hallarda, rəsmi qurumların təmsilçilərinin iştirakı ilə bu kimi tədbirlərin, panel sessiyalarının keçirilməsi həm cəmiyyət, həm də media üçün çox vacibdir, bizlər də bu cür toplantılardan faydalı və səmərəli nələrsə öyrənə bilirik. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla