AZ

Marko Roys mövsümün sonunda “Borussiya”dan ayrılacaq

Dortmund “Borussiyası”nın hücumameylli yarımmüdafiəçisi Marko Roys cari mövsümün sonunda “arılar”ın dşüərgəsini tərk edəcək.

Arena.az bu barədə “Borussiya”nın mərbuat xidmətinin Dortmund klubunun rəsmi saytında yerləşdirdiyi bəyanata istinadən məlumat verir.

“Bu yay qeyri-adi bir dövr başa çatacaq. Dortmund “Borussiya”sı və onun uzun müddətdir kapitanı olan Marko Roys oyunçunun mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək barədə qarşılıqlı razılığa gəliblər”, deyə “arılar”ın rəsmi bəyanatında deyilir.

Marko Roysun özü də “Borussiya”dan ayrılmaq qərarı haqda açıqlama verib:

“Klubum Dortmund “Borussiya”sında keçirdiyim bu xüsusi vaxt üçün inanılmaz dərəcədə minnətdaram və qürur duyuram. Mən həyatımın yarıdan çoxunu bu klubda keçirmişəm və hər gündən zövq almışam, baxmayaraq ki, əlbəttə, çətin anlar da olub. İndi artıq bilirəm ki, mövsümün sonunda klubla vidalaşmaq mənim üçün çətin olacaq. Bununla belə, mən şadam ki, indi hər şey yoluna qoyuldu və biz bütün diqqətimizi hələ oynamalı olduğumuz çox vacib hesabat oyunlarına cəmləyə bilərik. Hamımızın birlikdə nail olmaq istədiyimiz böyük bir məqsədimiz var. Bunun üçün bizim hər bir inanılmaz pərəstişkarımıza ehtiyacımız olacaq, onlara bu illər ərzində göstərdikləri inanılmaz dəstəyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”, deyə Roys duyğusalcasına bildirib.

Roysun “Borussiya” karyerası rəqəmlərdə

Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçinin Dortmund klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Cari mövsümdə Roys “Borussiya”nın heyətində 37 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Roysun Dortmund klubunun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 424 oyun, 168 qol, 128 məhsuldar ötürmə.

Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.
Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla