AZ

"İvanişvili Qərbin tələblərinə məhəl qoymadan qərar qəbul edib, Rusiya "tərəf"inə keçdiyini göstərdi"

Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz etməkdə davam edir. Ötən gecə Şota Rustaveli prospektində parlament binasının girişini bağlamağa çalışan polislə nümayişçilər arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı bibər qazı və su şırnaqlarından istifadə ediblər. Etirazçıların polis əməkdaşlarına müxtəlif əşyalar atdığı bildirilir. Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Sənədi 83 deputat dəstəkləyib, 23 deputat isə əleyhinə çıxıb. Qanun layihəsinin yekun təsdiqi üçün üçüncü oxunuşda da qəbul edilməlidir. Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu. Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "Gürcüstan hazırda bir seçim edir, seçim etmə məcburiyyətindədir. Bu gün baş verənlər, hakimiyyətin qərarları əslində bu seçimlə bağlıdır". Turab Rzayev Politoloqun fikrincə, Gürcüstan seçimini əslində son nazir seçkisində göstərmişdi. Çünki yeni baş nazir inequrasiya mərasimində bildirmişdi ki, “bizim yolumuz şərqdir”. Yəni açıq şəkildə Çinə və Rusiyaya inteqrasiya edəcəklərini şərq istiqamətində gedəcəklərini və qərb tərəfə, Avropaya inteqrasiyaya arxa çevirəcəklərini demişdi. “Bu, əslində bəlli idi. Ancaq biz bunun belə tez və kəskin olacağını gözləmirdik. Çünki bundan əvvəl bir dəfə bu qanunu Gürcüstanda İvanişvili tərəfdarları yəni “Gürcü arzusu” partiyası qəbul etdirməyə çalışdı. Ancaq alınmadı. Çünki əhali bunu rus qanunu olaraq, qəbul elədi. Nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti də istər hakimiyyətə yaxın qruplar olsun, istər müxalif qruplar olsun Qərbdən maliyyə yardımı alırlar. Qrantlar, donor proqramları və s. layihələr şəklində maliyyə yardımları alırlar. Bu da Gürcüstanda çox böyük etiraza səbəb oldu. Hökumət bunu geri çəkdi. İkinci dəfə bunu elan etmələri və bu məsələnin üzərinə getmələri onu göstərdi ki, hakimiyyət bu məsələdə qərarlıdır. Yəni faktiki olaraq, ölkəyə gələn miqrantları və bununla da, ölkənin siyasi mühitinə nəzarət etmək istəyir. Bir dəfə geri çəkildikdən sonra görünürdü ki, “Gürcü Arzusu” partiyası bunu israr ilə edəcək”-deyə politoloq bildirib. Politoloqun fikrincə, çox qəribədir ki, müxalifətin mitinqlərinə cavab olaraq, “Gürcü Arzusu” da öz mitinqini təşkil etdi. İlk dəfə bu mitinqdə Bidzina İvanişvili çıxış etdi. “İvanişvili çıxış etməyi sevməyən adamdır. İvanişvili, ümumiyyətlə siyasi səhnələr görməyi sevmir. İlk dəfə özü çıxdı və açıq şəkildə elan etdi ki, bu qərar keçəcək. Yəni bununla İvanişvili öz ağırlığını ortaya qoydu və bundan sonra geri addım atsa onun üçün bu siyasi ləkə olar. İkincisi, bu vəziyyətin nə qədər kritik olduğunu göstərir. Üçüncüsü isə, hakimiyyətdən geri addım atmayacağını və öz qərarını verdiyini göstərir. Hakimiyyət artıq qərarını verib. Hakimiyyət artıq Qərbi deyil, Rusiyanı və Çini - Şərqi seçib”-deyə politoloq əlavə edib. Turab Rzayev bildirib ki, indiyə qədər, Saakaşvili dövründə Gürcüstanda Rusiya ilə ABŞ arasında bir konsensus var idi. Politoloqun fikrincə, Saakaşvilinin hakimiyyətdən getməsinə də bu səbəb oldu. “ABŞ düşünürdü ki, Saakaşvili kimi sərt fiqurlar Rusiyaya qarşı sərt addım atar. Bu da onu Rusiyaya yaxınlaşmasına mane olar. Məhz buna görə də, Saakaşvili uzaqlaşdırılmalı idi. İvanişvili və ya İvanişvilinin dövründə gələn baş nazirlər kimi “Gürcü Arzusu” partiyası dövründə ortaq fiqurlar seçildi. Bu fiqurlar həm Rusiyaya həm ABŞ-a yaxın olsun. Yəni həm Qərbə, həm Şərqə yaxın olsun. Burada istiqamət Şərqə doğru dəyişir və ABŞ-la ciddi problemlər olacaq. Onsuz da uzun müddətdir ki, Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı yaxınlaşması hiss olunurdu sərhədlərin açılması, aviareyslərin bərpası və s. Amma baş nazir seçkisi və ardınca İvanişvilinin Qərbin tələblərinə məhəl qoymadan, birbaşa bu qərarı qəbul etməsi onu deməyə əsas verir ki, artıq Gürcüstan Qərblə bütün ipləri yandırdı və tamamilə Rusiyanın yanında olacaq.  Qərb bundan sonra müxalifəti və ya müxalif çevrəni, xüsusilə bu etirazçıları açıq şəkildə dəstəkləyəcək. Böyük ehtimalla, ABŞ-dan və Avropadan etirazçıların və etiraz aksiyalarının açıq şəkildə dəstəkləndiyini görəcəyik”-deyə Turab Rzayev qeyd edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla