AZ

Konqresmenlərdən ABSURD YANAŞMA - TƏHLİL

Azərbaycanın Qarabağ iqtisadi rayonunu öz xoşları ilə tərk edən haylara koçkün adını qoyub 200 milyon dollar ayırmaq növbəti Qərb haqsızlığı, ədalətsizliyi və ikiüzlülüyündən başqa bir şey ola bilməz. İndi də 66 amerikalı konqresmenin məhz Qarabağı öz xoşu ilə, yaxud da Ermənistan hakimiyyətinin, eləcə də qondarma rejimin təkidi ilə tərk edən həmin o qondarma köçkünlərə vəsait ayrılması, eləcə də ABŞ-ın hərbi yardımını artırması çağırışı etməsi daha bir təxribatdır.

Ümid edirik ki, rəsmi Vaşinqton bununla bağlı lazımi ölçü götürər və həmin konqresmenlər öz “hesablarını” alarlar

Konqresmenlər guya müdafiə məqsədi ilə Ermənistana 20 milyon dollar ayrılmasını da tələb edirlər. Bundan əlavə, onlar Ermənistana xaricdə hərbi təhsil və təlim, hüquqi və demokratik islahatlar üçün daha 10 milyon dollar ayrılmasına da çağırış olunub. Həmin konqresmenlər “Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyətindən” guya xüsusi narahatlıqlarını da ifadə edirlər. Eyni zamanda, amerikalı qanunvericilər hətta ABŞ Dövlət Departamentini və beynəlxalq təşkilatları “Azərbaycan hökumətini insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməməkdə” qınayıblar da. Bu, zənnimizcə, artıq həddin aşılması deməkdir və ümid edirik ki, rəsmi Vaşinqton bununla bağlı lazımi ölçü götürər və həmin konqresmenlər öz “hesablarını” alarlar. Çünki belə bir absurd yanaşma və ABŞ Dövlət Departamentini qınamaq artıq müvafiq ölçü götürülməsini gündəmə gətirir və labüd edir.

Bu təşəbbüsü ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək cəhdi kimi də qiymətləndirmək də olar

Bəli, bir sıra Amerika konqresmenləri tərəfindən belə bir absurd təşəbbüs artıq irəli sürülüb. Onun müəllifi də öz ermənipərəstliyi və simasızlığı ilə bizə çoxdan tanışdır. Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, özünü uzun müddət ermənipərəst konqresmen kimi təsdiq etmiş Dina Titusdur. O, ABŞ Konqresinə çağırışa imza atan bütün personajlar kimi, sadəcə olaraq, ABŞ-dakı erməni diasporasına olan borclarını bağlamaq niyyətindədir. Bunu başa düşmək çətin deyil. Çünki uzun müddətdir onun məhz erməni lobbisinin əlində alət olması fonunda başqa gözləntilərin olması da mümkünsüzdür. Bununla belə, məsələyə daha geniş şəkildə yanaşsaq, bu təşəbbüsü ABŞ-ın nəhayət Cənubi Qafqazda möhkəmlənmək cəhdi kimi qiymətləndirmək də olar. Amma etiraf etmək lazımdır ki, belə bir təşəbbüslə heç bir ölkə regionda möhkəmlənə bilməz. Ümumiyyətlə, regionda artıq söz sahibi olan Azərbaycan kimi bir qüdrətli dövlət var və hansısa qüvvələrin məkrli niyyətlərinin heç bir mənası ola bilməz. Çünki buna imkan verilməz. Əvvəla ona görə ki, biz özümüzə güvənirik və Azərbaycan regionda sülhün də, təhlükəsizliyin də, sabitliyin də keşiyində durmağa qadirdir və ümumiyyətlə, bölgədə sabitliyin qarantı da elə məhz Azərbaycandır. Digər tərəfdən də axı, demokratiya, azad söz adı altında Amerikanın nə kimi fitnələr törətdiyi artıq qonşu dövlətlərin təcrübəsindən bizim üçün çoxdan bəllidir.

Rəngli inqilabların müəllifi olan Qərb qonşu ölkələrə, nə Ermənistana, nə də Gürcüstana “xoşbəxtlik” gətirməyib

Bu vaxta qədər Amerikanın məhz Ermənistanda, Gürcüstanda demokratiya adı altında nə kimi “oyunlar” oynadığını və bununla da hansı fitnələr törətdiyini çox yaxşı xatırlayırıq. Rəngli inqilabların müəllifi olan Qərb nə Ermənistana, nə də Gürcüstana “xoşbəxtlik” gətirməyib. Əksinə, həmin inqilabların fonunda qonşu ölkələrdə nə kimi xaos, necə qarmaqarışıqlıqlar olduğu heç kimə sirr deyil. Çünki bu qarışıqlığı hər kəs çox asanlıqla müşahidə edir. Əgər amerikalıların müəllifi olduqları inqlab bir məna kəsb etsəydi, yaxud, qiymətli olsaydı, ermənilər həmin inqilabın bu aralarda ildönümünü qeyd edərdilər. Amma nəinki qeyd etmədilər, heç yadlarında da düşmədi. Əksinə, unutduqlarından bəlli oldu ki, həmin o rəngli inqilaba nifrət edirlər. Yaxud da, amerikalıların bir zamanlar irəli verdikləri Saakaşvilinin bu günkü halı, həbsxanada hansı şəkildə yaşaması, buna reaksiya belə verilməməsi çox mətləbdən xəbər verir. İndi yenə də qonşu Gürcüstanda nələr baş verdiyini izləyirik. Hakim “Gürcü Arzusu” partiyasının xarici agentlər haqqında qanunu irəli sürməsi səbəbindən orada cəmiyyətdə parçalanmanın olduğu heç də gizli deyil. Mayın 1-də Gürcüstan parlamentinin bu qanun layihəsini ikinci oxunuşda qəbul etməsi, 83 nəfər lehinə, 23 nəfər əleyhinə səs verməsi də bəllidir. O da bəllidir ki, Respublikanın baş naziri İrakli Kobaxidze hakim partiyanın bu qanunu hər üç oxunuşda qəbul etməkdən imtina etmək niyyətində olmadığını bildirib. Gürcüstan prezidenti Salome Zurabişvili isə əksinə, “veto” qoyacağını vəd edir və etirazçıları fəal dəstəkləyir. Deməli, Amerikanın hər zamankı kimi gətirə bildiyi xaos artıq başlayıb.

Amerika Birləşmiş Ştatları ölkələrin daxili işlərinə açıq-aşkar və həyasız şəkildə müdaxilə edir

Heç şübhəsiz ki, bu qanunun qəbul edilməsi və ya qəbul edilməməsi Gürcüstanın daxili işidir. Həmin ölkədə qanuni yolla seçilmiş legitim hökumət, eləcə də demokratik yolla seçilmiş parlament var və barəsində qeyd olunan qanunun qəbul edilib-edilməməsinə də həmin hökumət və parlament qərar vermək hüququna malikdir. Bunun əksinə çıxış edilməməlidir. Amma biz nəyi müşahidə edirik? Gördüyümüz nədir? Gördüyümüz odur ki, Amerika Birləşmiş Ştatları Gürcüstanın daxili işlərinə açıq-aşkar və həyasız şəkildə müdaxilə edir. Bu həyasızlıq o həddə çatıb ki, ABŞ-ın Gürcüstandakı səfirliyi xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə dəstək ifadə edib və Amerika diplomatik xidmətinin “Gürcüstan xalqının yanında olduğunu” bildirib. Amerikalıların bu oyunlarının məqsədi bəllidir və başlıca məqsəd, öz idarəçiliyini öz himayədarlarına həvalə etmək üçün Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaqdan ibarətdir.

Amerikanın hakimiyyət dəyişikliyi ssenarisini 2018-ci ildə Ermənistanda müşahidə etdikdən sonra indi də görürük ki, həmin o inqilabı təşkil edənlər artıq hakimiyyətdədirlər. Görürük ki, onlar müxtəlif Amerika fondlarının himayədarlarıdır. İndi də onlara mümkün qədər tez Rusiyadan təcrid olunmaq, KTMT və Aİİ-dən çıxmaq, Gümrüdən Rusiya hərbi bazasını çıxarmaq barədə aydın tapşırıqlar verildiyi sirr deyil. O da sirr deyil ki, bununla da rus hərbçilərini fransız və ya amerikalılarla əvəz etmək niyyəti var. Daha dəqiq desək, bütün bu strategiya Ermənistanı Qərbə yönləndirmək üçün nəzərdə tutulub. Deməli, hələ də işğalçı ölkənin daxili işlərinə amerikalılar müdaxilə etməkdədir. Bu yaxınlarda Brüssel görüşünün nəticələrinə görə razılaşdırılan Aİ və ABŞ-ın Ermənistana maliyyə, hərbi və siyasi dəstəyi də bu səbəbdəndir. Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, yəni USAID Ermənistanla ABŞ arasında ticarətin inkişafına əlavə olaraq 33 milyon dollar sərmayə qoyur. Bu barədə USAID-in bizim hamımıza tanış olan simasız siması Samanta Pauer məlumat verib. Deməli, hər şey bəllidir və zənnimizcə bütün bunlardan sonra nəyə isə izahat verməyə ehtiyac qalmır, eyni ilə isbata ehtiyac duymayan aksiom kimi.

Konqresmenlərin işğalçı ölkəni dəstəkləmək təklifi təxribat təşəbbüsü, Cənubi Qafqazın lider dövləti olan Azərbaycana təzyiq cəhdidir

İndi də bəlli olur ki, 66 amerikalı konqresmenin Ermənistanı dəstəkləyən daha bir addımı ilk növbədə təxribat təşəbbüsüdür. Eyni zamanda bu, Cənubi Qafqazın lider dövləti olan Azərbaycana təzyiq cəhdidir. Bu təşəbbüs təxribat və təzyiq olmaqla yanaşı, həm də çox iyrənc bir addımdır. Ona görə ki, az qala əsrin üçdə birinə yaxın müddət ərzində beynəlxalq hüquqa məhəl qoymayan, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan dövlətə maliyyə yardımı edilməsi təklifinin başqa adı ola bilməz. Xocalıda soyqırım törədənlərə, bu faktı həyasızlıqla etiraf edənlərə, bir vaxtlar çiçəklənən Ağdamı “Qafqaz Xirosiması”na çevirənlərə, bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün kimi 30 ildən artıq müddət ərzində yaşamasının səbəbkarlarına yardım, dəstək təşəbbüsü həyasızlıqla edilən absurd yanaşmadır. Əgər absurd olmasaydı bu sadalanan əməlləri, insanlığa sığmayan vəhşilikləri törədənlərə bir sanksiya tətbiq olunması təklfi ilə çıxış edilərdi. Amma biz görürük ki, amerikalı konqresmenlər Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yaşamış ermənilərə 200 milyon dollara qədər vəsaitin ayrılması təklifini irəli sürürlər və buna ən yaxşı halda absurd yanaşma demək olar.

Sözügedən təxribat təşəbbüsü ABŞ-ın xaosa meyilli olduğunu da təsdiq edir

Sözsüz ki, amerikalı konqresmenlərin haqqında qeyd olunan təxribatçı hərəkətləri ABŞ-ın xaosa meyilli olduğunu da təsdiq edir. Əks halda, işğalçıya yardım, dəstək barədə həmin ölkədə nəinki təklif və təşəbbüs irəli sürülər, bu heç dilə də gətirilə bilməzdi. Məhz xaos yaradaraq, elə yaratmağı planlaşdırdıqları qarışıqlıqlardan istifadə edərək, bütün Cənubi Qafqazı özünə tabe etməyə çalışdıqları da göz önündədir. Amma bunun reallaşacağına heç özləri də inana bilməzlər. Çünki regionun təhlükəsizliyinə, sabitliyinə Azərbaycan kimi bir qüdrətli ölkə qarant hesab olunur. Həmçinin, Azərbaycan artıq dəfələrlə də sübut edib ki, şantaj dili ilə danışmaq da onlar üçün heç bir nəticə vermir. Yəni, hansısa başqa xülyaya düşsələr belə bunun mənasız olduğunu indidən bilməlidirlər və hətta bilirlər də. Azərbaycan regionun lider dövlətidir, təhlükəsizlik qarantıdır və hansısa absurd yanaşma bu reallığı və bu həqiqəti dəyişmək iqtidarında ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla