AZ

“Konyaspor”u sabiq futbolçusu elitada saxlamağa çalışacaq

Türkiyə çempionatında mövsümün bitməsinə cəmi 4 tur qalıb.

Buna baxmayaraq, məşqçi istefaları hələ də davam edir. Bu dəfə istefa xəbəri “Konyaspor”dan gəlib. Son 6 turda cəmi 1 qələbəsi olan, 34 oyuna 36 xal toplayaraq 16-cı pillədə qərarlaşan və düşmə zonasından cəmi 2 xal öndə olan “ağ-yaşıllar” Faxrudin Öməroviçlə yollarını ayırıb. Son turda Sivas səfərində qeydə alınan minimal hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırdı. Qeyd edək ki, komanda mövsümə Hakan Keleşlə başlamışdı.

Bu məşqçi ilə yollar ayrılandan sonra 21-ci tur ərəfəsində bu vəzifəyə məhz Öməroviç gətirilmişdi. Daha öncə Türkiyədə bir neçə klubu çalışdıran, eləcə də “Konyaspor”da Aykut Kocamanın köməkçisi vəzifəsində işləyən 62 yaşlı bosniyalı mütəxəssis ilk oyunlarda komandanı dirçəltsə də, sonradan nəticələr yenə pisləşdi. Konya təmsilçisi bu məşqçi ilə superliqada keçirdiyi 14 oyundan 4 qələbə, 5 heç-heçə, 5 məğlubiyyətlə ayrıldı. Komanda ölkə kubokunda isə “Göztəpə” ilə “Sivasspor”u mübarizədən kənarlaşdırsa da, 1/4 finalda “Beşiktaş” səddini aşa bilmədi (0:2). Yeni məşqçi artıq bəllidi.

Maraqlıdı ki, rəhbərlik belə vacib məqamda riskə gedərək baş məşqçi postuna təcrübəsiz birini gətirib. Söhbət Əli Çamdalıdan gedir. Almaniyada doğulan, uzun illər Türkiyədə top qovan Çamdalının yeganə üstünlüyü “Konyaspor”u yaxşı tanımasındadı. 40 yaşlı Çamdalı 2013-18-ci illərdə bu klubda top qovub və hətta kapitan sarğısını da daşıyıb. Çamdalı mövsümün əvvəlindən “Konyaspor”da idman direktoru vəzifəsini icra edirdi. Amma indi o, böyük bir yükün altına girərək baş məşqçi kimi komandanı elitada saxlamağa çalışacaq. Çamdalının köməkçiləri də təcrübəsiz, amma camiəyə gözəl tanış olan isimlərdi. Bu vəzifəni Əli Turan və sloveniyalı Neyç Skubiç icra edəcək. Onların hər ikisi Əli Çamdalı ilə “Konyaspor”da komanda yoldaşı olub. Yeni məşqçilər korpusunu həftəsonu ciddi sınaq gözləyir. Onların debüt oyununda “Konyaspor” çempionluq mübarizəsi aparan “Fənərbaxça”nı qəbul edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla