AZ

Azərbaycanda iş saatı PROBLEMİ: İşçilər 8 saatdan artıq işlədilir

“İşəgötürənlər işçini iş vaxtından artıq işə cəlb etməklə əməyin mühafizəsi qaydasını pozmuş sayılırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi işəgötürənlərin çalışanları iş vaxtından artıq işə cəlbetmə hallarının mövcudluğu və bunun yaratdığı məsuliyyət haqda danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, çalışanı vaxtından artıq işə cəlbetməyə görə işçi ilə işəgötürən razılaşaraq, ödənişi ikiqat həyata keçirilməlidir.

“Əgər işçilər 8 saatdan artıq işə cəlb olunursa, bu halda çalışanı vaxtından artıq işə cəlbetməyə görə işçi ilə işəgötürən razılaşaraq, ödəniş ikiqat həyata keçirilməlidir. Bu da həftə ərzində arxa-arxaya 2 gün ərzində 4 saatdan, əmək şəraiti ağır olan yerlərdə isə, ümumiyyətlə 2 saatdan çox olmamalıdır”, – deyə o bildirib.

S.Məmmədovun sözlərinə görə, praktikada bəzən əmək müqaviləsində göstərilən saatlardan artıq işə cəlbetmə olduğu müşahidə edilir.

“Bəzən heç işçi ilə əmək müqaviləsi belə bağlanılmır. Bu daha böyük pozuntudur. Bu hallar qanunvericiliklə tənzimlənir. Bu, işəgötürənin əmri ilə rəsmiləşdirilməli, işçi 8 saatdan artıq, həmçinin istirahət və bayram günlərində işlədiyinə görə ikiqat əməkhaqqı almalıdır. Lakin bu qaydaları pozan müəsssisələr mövcuddur. Bunun üçün İnzibati Xətalar Məcəlləsində hüquqi, vəzifəli, eyni zamanda sahibkarklıqla məşğul olan fiziki şəxslər üçün məsuliyyət və cərimələr nəzərdə tutulub.

İşəgötürənlər işçini iş vaxtından artıq işə cəlb etməklə əməyin mühafizəsi qaydasını pozmuş sayılırlar, – mütəxəssis bildirib.

Mütəxəssis əlavə edib ki, 2015-ci ildən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində yoxlamalar həyata keçirə bilmir:

“Yoxlamalar həyata keçirilsə belə, onların işçi sayı o qədər də çox deyil ki, hər yerə nəzarət edə bilsinlər. Hər halda, nəzarət mexanizmi biznes sturukturları üçün işlək vəziyyətdə deyil və bundan da təəssüf ki, sui-istifadə halları olur.

Lakin BMT-nin iqtisadi-sosial, mədəni hüquqlar üzrə komitəsi Azərbaycandan tələb edir ki, ölkəmizdə əmək müfəttişlərin yoxlama hüququ bərpa edilsin”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla