AZ

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

İşləyən şəxs hər hansı xəstəlik, zədə və ya xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ala bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir, müavinətin məbləği isə işçinin qazancına görə dəyişir. Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığortaolunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağa qulluqda olduğu dövrə düşən iş günləri çıxılmalıdır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla