AZ

“Legioner limitini doldurmaq hədəfimiz yoxdu” - “Sumqayıt” limitlə bağlı istənilən varianta hazırdı

Son vaxtlar legioner limitində mümkün dəyişikliklə bağlı söz-söhbət artıb.

Bu məsələ klubların yay üçün planlar qurmasına da mane olur. Çünki klub rəhbərləri limitə uyğun əcnəbi futbolçular transfer edir və yerli futbolçu seçimini buna uyğun nizamlayır. Hələ də bu haqda hansısa qərar verilməyib, sadəcə, arada söz-söhbət dolaşır. İstənilən halda mümkün limit dəyişikliyinin klubların yay planlarına nə dərəcədə təsir edəcəyi maraq doğurur. Bu üzdən avrokuboklara vəsiqəyə iddialılardan sayılan “Sumqayıt”ın mövzuya münasibətini öyrəndik. Klubun media və marketinq qurumunun rəhbəri Zaur Xudiyev sualı belə cavabladı:

“Təbii ki, legioner limitinin hər kəs üçün əhəmiyyəti var. Sadəcə, fikir vermisizsə, biz “Sumqayıt” olaraq, yerli oyunçuların xidmətindən istifadə etməyə çalışırıq. Yəni hazırda limit “7+4” olsa da, bizdə 6 yerli futbolçu çıxış edir. Bunu son oyunlarımızın protokoluna baxanda görmək mümkündü. Məqsədimiz sırf əcnəbi olsun deyə, həmin limiti doldurmaq yox, mövqelər üzrə keyfiyyətli futbolçu axtarıb tapmaqdı. Biz də bu mövsüm daha çox yerlilərə üstünlük vermişik. Limit dəyişərsə, yəni “7+4” yox, “8+3” olarsa, məqsədimiz yenə də dəyişməyəcək. Dediyim kimi, legioner limitini doldurmaq hədəfimiz yoxdu. Çünki kəmiyyəti yox, keyfiyyəti əsas götürürk. Limit belə qalarsa, təbii ki, planlar onun üzrə qurula bilər, amma yenə də bacardığımız qədər yerli futbolçulara üstünlük vermək, onları oynatmaq və əsasən də öz yetirmələrimizdən istifadə etmək istəyirik. Səbuhi Abdullazadə belə futbolçularımızdan biridi və “Sumqayıt” akademiyasının yetirməsidi. Daha sonra “Qarabağ”la oyuna çıxan Xəyal Fərzullayev var ki, 10 ildi bizim klubda müxtəlif yaş qruplarında çıxış edib, hazırda da əsas komandaya yüksəlib. Bütün bunlar bizim klubun strategiyası və hədəfidi. Təbii ki, qaydalar bizə icazə verdiyi qədər lazımi mövqelərdə də əcnəbilərdən istifadə edəcəyik”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla