AZ

Xalçanın beşiyi Azərbaycandır TƏHLİL

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalqın milli mədəniyyəti tarixində müstəsna yer qazanan xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da, bu sənət növünün beşiyi Azərbaycandır. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında "Xalçaçı günü" peşə bayramı kimi qeyd edilir.
Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. 2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir.

"BU GÜN AZƏRBAYCAN XALÇASI DÜNYADA MƏHZ AZƏRBAYCAN XALÇASI KİMİ TANINIR"

Bu gün paytaxtımızda fəaliyyət göstərən orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyinin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycan xalçasını dünyada xalçaçılıq sənətinin etalonu kimi dəyərləndirir: "Mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır".
Bu gün Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan xalçaları muzeyini və Azərbaycan tarixi muzeylərini bəzəyir. Xalça Azərbaycanın çox fərqli milli sərvətidir.
Azərbaycana qonaq gələn şəxsə təqdim olunan gözəl əşya xalçadır. Azərbaycandan qonaq gedərkən xarici dövlətlərə aparılıb ən dəyərli hədiyyə olaraq təqdim olunan da yenə də xalçadır. Bu cür istehsalımız olan və bütövlükdə dünyamızı özündə əks etdirən xalçamız Azərbaycanın məxsusi dəyərlərini, tarixini özündə cəmləşdirir.
Xalçaçılıq sənəti xalqın milli mədəniyyəti tarixində müstəsna olaraq yer qazanmışdır. Tarixi qədim bir dövrü əhatə edən xalçaçılıq sənəti müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. Xalçaçılığın istehsalı, tərtibi zahirən bir qədər asan görünsə də, onu yaradanların gərgin əməyinin çətinliyi dərk olunmalıdır.
1949-cu ildə aparılan arxeoloji axtarışlar zamanı xalçanın yaşının 2500 il tarixi olduğu qeyd olunur. Məlumdur ki, Azərbaycan xalçaçılıq sənəti qrup və tiplərə bölünür: Təbriz, Qazax, Gəncə və s. Hər bir ərazinin öz milli xüsusiyyətləri əsasında xalça üzərində ornamentlər gözəl bir təsvir yaradır. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq xalçaçılıq məktəbinə bölünür. Burada hər bir ərazinin təbiətinə uyğun olaraq rənglərdən istifadə olunur. Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Bakı məktəbi, Abşeronun kəndlərinin xalçalarına gəlincə isə burada hazırlanan xalçalar daha yumşaqlığı, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.

BƏDİİ DƏYƏRİNƏ VƏ TƏSVİRİNİN ORİJİNALLIĞINA GÖRƏ BƏNZƏRSİZ QARABAĞ XALÇALARI

Azərbaycan xalçaçılıq məktəblərindən söz açarkən Qarabağ xalçaçılıq məktəbini də xüsusi olaraq qeyd etməliyik. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilir. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunub. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən göstərilir ki, X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaları üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir.
Mənbələrdə göstərilir ki, xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsinin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə diqqəti çəkəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təsviri ilə diqqətəlayiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.

XALÇA SƏNƏTİNDƏ YAŞANAN RƏMZLƏR DÜNYASI

Xalçaçılıq sənətindən söz açarkən Şuşa xalçaçılıq sənətini də xüsusi olaraq qeyd etməliyik. Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur. Xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu. Mənbələrdə göstərilir ki, XVIII əsrin ikinci yarısından etibarən, Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri burada toxunub. Qarabağın əksər məntəqələrində, o cümlədən Şuşa şəhərində toxunan xalçalar əmtəə xarakterli olub Rusiya, Avropa, Asiya ölkələrinə ixrac olunmuşdur. Statistik məlumatlara görə, 1885–1887-ci illərdə Şuşanın xalça istehsalından gəliri 30 min rubl olmuşsa, 1890-cı illərdə bu gəlir artıq 200 min rubla çatmışdır.
Qarabağ xalçaçılıq məktəbinə məxsus "Əjdaha xalçası" Viktoriya və Albert muzeyində saxlanılır. Xalça "Balıq" bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında "Balıq", İran Azərbaycanında isə "Moxi" adı ilə tanınır. "Balıq" xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. XVIII əsrin ikinci yarısından isə "Balıq" xalçası Şuşa şəhərində də istehsal olunurdu.
"Qarabağ" adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub. Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu Qasımuşağı xalçasıdır. "Qasımuşağı xalçası"nın adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. Bəhmənli xalçası isə Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş, orijinal formalı fiqurlar təşkil edir.
Azərbaycan xalça sənətinin kökü, mənbəyi çox qədimlərdən bəri bir sənət və dəyər əfsanəsinə çevrilib. Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşayır. Bu sənətin dünya mədəni irsində – YUNESKO-nun şah əsərləri sırasına daxil edilməsi Azərbaycan xalçasının bir uğuru, nailiyyəti kimi əks-səda doğurmuş oldu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla