AZ

"5 milyon "məşğul insan" olduğu göstərilir, amma əmək müqavilələrinin sayı 1 milyon 800 mindir"

Növbəti Beynəlxalq Əmək Gününü geridə buraxdıq. Çəkilən əmək, tökülən alın təri, zəhmət, əziyyət... Bəs daha çox qazanan kimdir? İdeal sosializmdə yaşamadığımıza görə, sualın cavabı aydındır: Kapitalizm. Yəni pulu olanlar, işə götürənlər, şirkət, kommersiya, obyekt sahibləri və sair. Kapitalizm dünyasına "Beynəlxalq Əmək Günü" adlı bir anlayış sığdıra bilmişiksə, bu, böyük qəhrəmanlıqdır. Hərçənd, əməyə, zəhmətə verilən qiymətdən çox zaman əsər-əlamət qalmasa da. İllərboyu sosializm-kommunizm illuziyasına qərq olmuş cəmiyyət gözünü bir anda kapitalist dünyanın acı həqiqətlərində açdı. Sovet dövrü də çalışan, əziyyət çəkən və ac qalan sıravi əməkçi idi, elə indi də. Bəs dəyişən, inkişaf edən, hərdən işçiyə də "rəhmət oxuyan" bir düzən, qanun, nizam olmayacaqmı? Təbii ki, olacaq və olur da. Amma Azərbaycanda bu, bir qədər çətindir. Hüquq və əmək məsələləri üzrə mütəxəssis Sahib Məmmədov Azərbaycanda işəgötürən-işçi münasibətlərini, həmçinin bu istiqamətdə fəaliyyət aparmalı olan orqanların indiki vəziyyətini Bizimyol.info xəbər protalına şərh edib. Sahib Məmmədov "Bizdə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apara bilmir. Çünki 2015-ci il qanunu ilə moratorium qoyulub. Halbuki, BMT-nin Beynəlxalq Əmək Təşkilatı bizdən tələb edir ki, adıçəkilən xidmətin yoxlama hüququ təmin olunsun. İndi onların bu yoxlamalar üçün resursları var, ya yoxdur, bu da ayrı bir məsələdir. Hər halda, işəgötürənlər bundan sui-istifadə edirlər. İşçiləri bəzən 10-12 saat işlədirlər. Bəzi işçilərin əməkhaqqı ikili mühasibat əsasında ödənir. Belə qanunsuzluqlar çoxdur. Ona görə də bizim üçün aktual olan odur ki, öncəliklə əmək bazarında əmək münasibətlərinin rəsmiləşdirilməsi işinin davam etdirilməsi, bununla bağlı həm Vergi, həm də Əmək Xidməti müəyyən tədbirlər görür. Bu nəzarət nəticəsində əmək müqavilələrinin sayında müəyyən artım da müşahidə olunur. Bu iş davam etməlidir, çünki beş milyon "məşğul insan" olduğu göstərilsə də, əmək müqavilələrinin sayı bir milyon səkkizyüz mindir. Bizdə əsas məsələ indi budur.  Eyni zamanda əməkhaqlarının artırılması və əməyin mühafizəsi məsələsidir. Hansısa kommersiya qurumu istəsə, əlbəttə, əməkhaqqını saxlaya və ya azalda bilər. Amma dövlət sektoru buna gedə bilməyəcək" - deyə, əmək və hüquq məsələləri üzrə ekspert Sahib Məmmədov qeyd edib. Mətin Şükürlü, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla