AZ

İttihamları qəbul etməyən keçmiş bankir həbsdə aclıq edir: bacısı prezidentə müraciət etdi

Təxminən 15 il "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev mayın 1-dən saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində aclıq edir. Bizimyol.info xəbər verir ki, bu barədə onun bacısı Əminə Hacıyeva mayın Prezident İlham Əliyevə ünvanladığı müraciətində yazıb. O, müraciətində bildirir ki, qardaşı bir sıra ağır xroniki xəstəliklərdən əziyyət çəkir. Həbsdə olduğu 8 il yarım ərzində ona minimal tibbi yardım göstərilməsi, həkim nəzarətində olması üçün dəfələrlə müraciət ediblər: "Bu illər ərzində o, dəfələrlə ürəkağrısı, təzyiq, hipertonik böhranlar, hormonal, immunitet sistemlərinin kəskinləməsi və mədəaltı vəzi tutmalarına məruz qalıb. Hətta təcili yardım da çağırıblar. Dəfələrlə müraciətlərimizə baxmayaraq, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə və ya cəzaçəkmə müəssisəsinin daxilində tibbi-sanitariya hissəsinə köçürməkdən imtina edirlər". Əminə Hacıyeva əlavə edib ki, qardaşı hazırda minimal yaşayış və yemək şəraitindən də məhrum olunub. O, mayın 1-dən ac qalır, vəziyyəti hər keçən gün daha da pisləşir: “Mənim və vəkillərin müraciətlərimizə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Ona görə belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb". Əminə Hacıyeva əlavə edib ki, qardaşı ilə bağlı müsbət cavab alacağına ümid edir. Cahangir Hacıyevin 3 gündür aclıq aksiyası keçirməsini vəkili Fəxrəddin Mehdiyev də Bizimyol.info-ya təsdiqləyib. Vəkil bildirib ki, keçmiş bankir ona saxlanma şəraitinin pis olması və müalicəsinə imkan verilməməsinə görə belə bir addım atdığını deyib. Hüquqlarını müdafiə etdiyi şəxsin hər gün bir neçə dərman qəbul etdiyini deyən vəkilin sözlərinə görə, dərmanların bəziləri soyuducuda saxlanmalıdır: "Deyir ki, buna da icazə verilmir. Belə olan halda, şəxs tibbi yardımdan məhrum olur". Bizimyol.info Cahangir Hacıyevin aclıq etməsi, onun müalicəsinə şərait yaradılmaması barədə deyilənləri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu göndərib. Şöbədən bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək. Lakin hələlik sorğuya cavab verilməyib. Cahangir Hacıyev 2015-ci il dekabrın 4-də külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla həbs olunub. O, ötən 8 il yarım ərzində iki dəfə mühakimə olunub. Birinci dəfə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. İkinci dəfə 2019-cu ildə onun haqqında yeni hökm çıxarılıb - əvvəlki cəzası da nəzərə alınaraq, 16 il 3 ay azadlıqdan məhrum edilib. O, Beynəlxalq Bankın rəhbəri olduğu dövrdə bankın 4 milyarddan çox vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin özü bu ittihamı qəbul etmir. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla