AZ

Azərbaycan qazı Ermənistanı xilas edəcək

Yaxın on il ərzində Ermənistan Azərbaycandan təbii qaz idxal edə bilər.

Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan yerli mətbuata açıqlamasında İrəvanın Azərbaycan qazının alınması imkanlarını rəsmi Bakı ilə müzakirə etməyə hazır olduğunu bildirib. “Hesab edirəm ki, Ermənistan Azərbaycandan qaz alarsa, bu məsələni müzakirə etməliyik”, - Simonyan bildirib. Ermənistan parlamentinin sədri xatırladıb ki, bu gün ölkə Rusiyadan qaz alır, amma əslində onun bir hissəsi Azərbaycanın mavi yanacağıdır. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də son müsahibəsində Azərbaycandan Ermənistana qaz nəqlinin mümkün olduğunu bəyan edib. Ermənistanın illik qaz istehlakı təqribən 2,7-2,8 mlrd. m3-dir. 2023-ci ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni Ermənistanın təqribən qaz tələbatının 85% -ni Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qaz isə İrandan alınır. 

Maraqlıdır, Azərbaycan Ermənistana qaz nəql etmək, hətta Ermənistanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaq üçün kifayət qədər təbii qaz resursları var? Regionda sülhün bərqərar olacağı təqdirdə belə bir imkan yaranarsa, Azərbaycandan Ermənistana təbii qazın nəqli üçün yeni qaz xətləri çəkiləcək, yoxsa köhnə xətlərdən istifadə olunacaq? Azərbaycan qazı Ermənistanın Rusiyadan enerji asılılığının azalması üçün alternativ ola bilər? 

Məsələ ilə bağlı “Cümhuriyət” qəzeti enerji məsələləri üzrə ekspertlərin rəyini öyrənib. 

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Sovet dövründə Azərbaycan Ermənistanın əsas qaz təchizatçısı idi:

“SSRİ-nin otuz illik dövründə, yəni 1960-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR Ermənistan SSR-in qaz təchizatında yaxından iştirak edib. Qeyd edim ki, 1959-ci ildə Qarabağ-Ağstafa-Tiflis-İrəvan magistral qaz kəmərinin tikintisinə başlanıldı. Bir ildən sonra həmin qaz kəməri ilə Ermənistana ilk Azərbaycan qazı daxil oldu. 1970-1974-ci illərdə isə Yevlax-Gorus-Naxçıvan magistral qaz kəməri çəkildi. 

Bu kəmərin çəkilməsində əsas məqsəd Ermənistanın Qafan və Gorus şəhərlərini, eyni zamanda Naxçıvanı qazla təmin etmək idi. Hər iki kəmərin tikintisi Azərbaycan SSR-in maliyyəsi hesabına həyata keçirilib. Otuz illik dövrdə Ermənistan SSR-in həm kommunal, həm də sənaye sektorunda təbii qaz təchizatı Azərbaycanın təbii qazı hesabına təmin olunurdu. Lakin 1991-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi, doğrusunu desək, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycan Ermənistana təbii qaz nəqlini dayandırmağa məcbur oldu. Bu günə qədər Ermənistan alternativ magistral qaz kəməri vasitəsilə Rusiyadan qaz alır”. 

Həmsöhbətimiz bildirib ki, sözügedən kəmər 1960-ci illərdə Vladiqafqaz-Saburma-Tiflis-İrəvan magistral qaz kəməri adı altında fəaliyyət göstərməyə başlayıb: 

“2007-ci ildən bəri İran da Ermənistana qaz nəql edir. İran qazının nəqli Qəzvin-Culfa-Noldüz-Mehri magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Amma bu kəmər tamam başqa formula əsasında fəaliyyət göstərir”. 

Ekspertin sözlərinə görə, Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır: “Hesab edirəm ki, bu regionda ən etibarlı qaz təminatçısı məhz Azərbaycandır. Bildiyimiz kimi, 2006-ci ildən başlayaraq Azərbaycan Gürcüstanın qaz təchizatında önəmli və əhəmiyyətli rol oynayır.

Gürcüstanın qaz balansında Azərbaycanın payı 80%-dən yuxarıdır. O ki qaldı Azərbaycan qazının Ermənistana nəqlinə, bu, zaman məsələsidir. İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, ondan sonra iki ölkə arasında diplomatik-siyasi və iqtisadi münasibətlər bərpa olunmalıdır. Bu məsələlər öz həllini tapdıqdan sonra Azərbaycan Ermənistana qaz nəqli barədə qərar verə bilər”. 

Neft-Qaz Araşdırmaları Mərkəzinin sədri İlham Şaban da Azərbaycanın Ermənistana qaz nəqlinin bu halda mümkün olduğunu qeyd edib: “Dövlət rəhbəri İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Ermənistana qaz nəqlinin mümkün olduğunu bildirib. Şəxsi baxışlarıma görə, Azərbaycandan Ermənistana təbii qaz nəqli təkcə ikitərəfli alqı-satqı müqaviləsi ilə yox, həmçinin Zəngəzur dəhlizinin açılması ilə də baş tuta bilər. 

Prezident öz çıxışlarında dəfələrlə bəyan edib ki, bu dəhliz istiqamətdə avtomobil və dəmir yolları ilə yanaşı, magistral qaz və elektrik xətlərinin də çəkilməsi mümkündür.

Dövlət başçısı İlham Əliyev bunun zəruriliyini onunla izah edib ki, Naxçıvanın enerji təhlükəsizliyi tam stabil şəkildə təmin olunmalıdır. Bildiyimiz kimi, Azərbaycan İran və Türkiyənin ərazisi üzərindən Naxçıvana təbii qaz ötürür. Bu da bütün problemləri tam həll etmir. Ona görə də Ermənistan ərazisi üzərindən də Azərbaycanın qərb bölgələrindən Naxçıvana magistral qaz kəmərinin çəkilməsinə zərurət var. Əgər bu baş tutarsa, İrəvanın özü də bundan xeyir götürəcək. Vurğulayım ki, Azərbaycan və Gürcüstan bu sahədə bir-birilə əməkdaşlıq edirlər. 

Gürcüstan Azərbaycanın təbii qazını və neftini qlobal enerji bazarına ötürməklə kifayət qədər qazanc əldə edir. Təbii ki, alqı-satqı müqaviləsi əsasında Ermənistan Azərbaycandan təbii qaz idxal edə bilər. Bu, tamam başqa bir məsələdir. Xüsusilə bildirim ki, 1960-ci illərdə Hacıqabul-Yevlax-Qazax-İcəvan-İrəvan, 1970-ci illərdə isə Yevlax-Ağdam-Əsgəran-Şuşa-Laçın-Gorus-Naxçıvan istiqamətdə Ermənistana magistral qaz kəmərləri çəkilib. 1960-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR bu iki kəmər vasitəsilə Ermənistan SSR-in əsas qaz təchizatçısı olub”. 

Yaxın gələcəkdə köhnə qaz kəmərləri vasitəsilə Ermənistana qaz nəqlinin mümkün olub-olmamasına gəlincə, İ. Şaban həmin qaz kəmərlərin dağıldığını bildirib:

“Yeni magistral qaz kəmərlərinin və təbii qazı ötürəcək müasir infrastrukturun tikilməsinə ehtiyac var.

Əgər qaz kəmərləri tikilərsə, həmin kəmərlərin effektivliyinə mütləq diqqət yetirilməlidir. Yəni yeni kəmərlər Ermənistana 3 milyard kubmetr, Naxçıvana isə 400 milyon kubmetr civarında təbii qaz ötürməlidir. Onu da əlavə edim ki, Azərbaycan yaxın gələcəkdə Ermənistanı qaz təmin etmək üçün kifayət qədər təbii qaz resurslarına malikdir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla