AZ

İtirdiyimiz xüsusiyyətlər: ədəb

Yazılı qaynaqlarda, izahlarda “ədəb” sözü insanları başqalarına qarşı nəzakətli, insanlara qarşı xoşrəftar olmağa səsləmək, ayıb işlər görməkdən çəkinmək, öz yerini bilmək, həddi aşmamaq kimi qiymətləndirilir. Ədəb, bir cəmiyyətdə əməl edilməli olan, insanlar arasında davranışı tənzimləyən, nəzakət, hörmət və mədəniyyət kimi nəcib xüsusiyyətləri özündə cəmləşdirən qaydalar məcmusudur deyə bilərik. “Məyər elm bir heçmiş, illah ədəb, illah ədəb...” deyir Mövlanə. Həm də deyir ki, ədəbli insan ədəbinə görə susar, ədəbsiz susdurdum deyə zənn edər. Əsrlər keçib, amma ədəb məsələsi həmişə gündəmdə olan, insanları narahat edən məsələ olaraq qalır. Yaxşı, nədir ədəb? Məna və tərkibcə günümüzdə necə qəbul edilir? Ədəbin ölçüsü, norması, çəkisi varmı? Yoxsa, sadəcə kitablarda, filmlərdə, öyüd və məsləhətlərdə qalıb ancaq? Ədəb həm də ədəbiyyatın qayəsidir. Ədəbiyyat nümunələri həm də ədəbi ehtiva etmirmi? Gözəl davranmağı, həyanı, arı, namusu, mədəniyyəti, nəzakəti, ədaləti, mərhəməti, inamı, etibarı, dostluğu, yoldaşlığı – hər şeyi bizə ədəbi nümunələr aşılamayıbmı? Bütün böyük ədiblər, mütəfəkkirlər öz əsərlərində ədəbin dəyəri barədə yazmayıbmı? Ədəb, yaşadığımız cəmiyyətin adət-ənənələrinə uyğun, kimisə incitmədən, narahat etmədən, zərər vermədən, böyük-kiçiyin yerini bilərək davranmaqdır. Gözəl ədəb, həddini bilmək, nə olursa olsun o həddi, sərhəddi aşmamaq deməkdir. Axı hamımızın bir sərhəddi var çevrəsində. Birimizin həddinin bitdiyi yer başqa birimizin sərhəddinin başladığı yerdir. Bu hədd ikitərəfli münasibətlərdə, cəmiyyətdəki davranışlarımızda harada dayanmağımız barədə siqnal verən ölçü vahididir. Əgər hər birimiz öz həddimi bilsək və ədəbimizi qorusaq, o zaman cəmiyyətdə nə fitnə olar, nə nifaq salınar, nə qəzəb çuğlayar, nə də qarşıdurma baş verər. Ədəb olan hər yerdə sevgi, hörmət, sülh olacaq. Ədəb insana xas xüsusiyyətdir və özünü öz nəzarətin altında saxlamaq deməkdir. Ədəb qaydaları bir insanın pasportudur, xarakterinin güzgüsüdür. Ədəbli insan kimsəyə zərər vermir, pislik etmir, kobudluq göstərmir. Ədəbin nə insanın sosial statusuna, nə yaşına, nə də mövqeyinə dəxli yoxdur, ya ədəblisən, ya da ədəbsizsən, bu qədər sadədir məsələ. İnsan həmişə axtarışdadır – elm axtarır, həqiqət axtarır, əbədiyyət axtarır. İnsan daim oxuyur, oxuduqca öyrənir, öyrəndikcə kamilləşir. Kamillik yolunda ədəb mütləqdir. Ədəbi olmayan kamilləşə bilməz, bütün dünyanın kitablarını oxusa, bütün elmlərə yiyələnsə belə. Ədəbi olmayan alimi cəmiyyət qəbul etmir, elm nəyə yarayar onu təbliğ edən ədəbsiz olsa? Əgər bir gün ədəbsizlikdən yazacaq olsam, o zaman o yazının həcmi çox böyük olacaq deyə düşünürəm. Çünki günümüzdə ədəbdən çox ədəbsizlik görürük ətrafımızda. Hamı ədəbdən danışır, amma hardasa bir yerdə, bir anda ədəbsizlik edir. İnsanların ədəb haqqında məlumatı çoxaldıqca ədəbsizliyi artır sanki. Biz elə bil bu kinonu dəfələrlə görmüşük axı, kimdə nə yoxdursa ondan danışır adətən. Davranışlarımız haradasa bizi ələ verir, ədəb zorakı olursa davamlı olmur çünki. Səkidə qarşıdan gələn insanın boğazını arıtlayıb yerə tüpürməsi ədəbdən kənardır, amma hər gün görürük, elə deyil? İctimai nəqliyyatda oturub başının üstündə çəlikdə dayanan qocanı, qarnı burnunda hamiləni, qucağında uşaq tutan qadını görməzdən gələnlər də çoxdur, onlar ədəblidirlər? Piyadaya yol verməyən sürücü, xanımına zorakılıq edən kişi, yoldaşını döyən məktəbli, kobudluq edən satıcı - hər addımda görə bilirik ədəbsizi. Ədəbi olmayanlar təkcə özlərinə ziyan vurmurlar, dolayısı ilə başqalarına, cəmiyyətə pislik edirlər. Onların ədəbsizliyi və kobudluğuna görə başqaları əziyyət çəkir. İctimai yerlərdə siqaret çəkib tüstüsünü qarşıdakının üzünə üfürən, tum çırtlayıb qabığını yerə tüpürənlər, saqqız şişirdib insanlara qarşı şar kimi dolduranlar, içdiyi suyun şüşəsini 2 metr yaxınlıqda olan zibil qutusuna atmaqdansa yerə atanlar, hazır qidanın qablaşdırmasını skamyanın taxtaları arasında dürtənlər ədəblidirmi sizcə? Gənclərin ədəbsizliyindən şikayətlənirik bu gün daha çox. Onları yetişdirib cəmiyyətə göndərən valideynlərini unuduruq. Onlar çoxmu ədəblidir? Ədəb, ailədə öyrədilən bir xüsusiyyətdir, valideynin öyrətmədiyini yüz müəllim yığılsa öyrədə bilməz. Bəlkə də biz çox şey gözləyirik gənclikdən, fərqində deyilik. Mükəmməlçiyik, xəta qəbul etmirik. Ola bilər? “Bizim vaxtımızda belə deyildi”, “bizim dövrümüzdə ədəb, həya vardı”, “indiki gənclər çox mədəniyyətsizdir”, “bu gənclərə heç tərbiyə verməyiblər” deyən insanlar hər gün bir az da çoxalır, siz də fərqindəsinizmi? Cəmiyyətin əxlaqına uyğun davranmaq, mövcud dəyərlərə hörmət etmək, nəzakətli və hörmət çərçivəsində hərəkət etməkdir ədəb. Hər nə qədər son illər yoxa çıxsa da, gənclərin əksəriyyətində müşahidə etməsək də, ədəb, əslində, insana öyrədilən ən vacib xüsusiyyətdir. Gözəl əxlaq, ədəb, həya, mədəniyyət insanın zinətidir. Ədəb insanın geyimidir. Bunu “geyim əxlaq göstəricisidir” məsələsi ilə eyniləşdirməyək amma. Ədəb insanın üzərinə biçilmiş görünməz, həm də göstərilə bilən geyimdir. O geyim sizi ətrafda ən ədəbli insan kimi də tanıda bilər, ən ədəbsiz biri kimi də. Seçim həm bizim əlimizdədir, həm də ailəmizin. Hər ailə bir ədəbsiz yetişdirib göndərsə cəmiyyətə, yaranacaq xaosu təsəvvür edə bilirsinizmi? Hərəmiz öz övladımızı ədəbli yetişdirsək bəs? Cənnətə dönməzmi cəmiyyət? Lalə Mehralı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla