AZ

"İndi bizdə əhali işləyib pensiyaçıları saxlayır"- MÜSAHİBƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bir sıra məsələlərə toxunulub.

Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparıldığı bildirilib. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsinin nəzərdə tutulduğu, bununla bağlı qanuna dəyişiklik layihəsinin hazırlandığı diqqətə çatdırılıb. İki və daha artıq pensiya növünə hüququ olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilməsi mexanizminin də hazırlanacağı vurğulanıb. 

Qeyd edək ki, son vaxtlar ən çox müzakirə mövzusu olan məsələlərdən biri də pensiya sistemi ilə bağlıdır. 

Hökumət bu istiqamətdə bir neçə məsələni müzakirə etsə də,  ekspertlər fərqli təkliflər irəli sürürlər. 

Pensiya sistemi ilə bağlı “Cümhuriyət”-in müsahibi iqtisadçı-ekspert Akif Nəsirli olub. "Cebhe.info" müsahibəni təqdim edir.

- Akif bəy, hökumət səviyyəsində pensiya ilə bağlı ayrı-ayrı məsələlər müzakirəyə çıxarılır. Sizə elə gəlmirmi ki, ümumilikdə pensiya sisteminin yenilənməsinə ehtiyac var? 

-Hökumətin hazırda pensiya sistemində köklü dəyişikliklərə getmək məqsədi yoxdur. 

Məsələn, hansısa pensiya növünün interaktivləşdirilməsi, yəni avtomatik təyini üçün heç də qanuna dəyişiklik etməyə ehtiyac yoxdur. Bu, qanunda olmaya da bilər. Belə ki, pensiya təminatı barədə hökumətin öhdəliyi barədə Azərbaycan Respublikasının “Əmək pensiyası haqqında” Qanununda heç nə tapmaq mümkün deyil. Pensiya 144 aya bölünür və s. kimi məqamlar qanunda nəzərdə tutulmur. “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsində göstərilir ki, pensiya öhdəliyini müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilər. Mərkəzi icra hakimiyyəti də Prezidentin 377 saylı fərmanı ilə təsdiqləyib ki, pensiya təyinatı zamanı pensiya kapitalı 144 aya, yəni 12 ilə bölünsün. Ən köklü problem buradadır. 

Hazırda əmək pensiyası üzərində işlənilən qanun dəyişiklikləri kosmetikdir. Bu kosmetik dəyişikliklə parlament görüntü yaradır ki, “Əmək pensiyası haqqında” Qanunda dəyişikliklər, təkmilləşdirmələr aparılır. Bu, sanki avtomobildə mexaniki sürətlər qutusunu çıxarıb, yerinə avtomat sürətlər qutusunu yerləşdirməkdir. Burada sistemdə heç bir dəyişiklik yoxdur, bir az sürücünün işi asan olur. Pensiya təyinatının interaktivlədirilməsində də elə bir sistem dəyişikliyi yoxdur. 

Sadəcə vətəndaş bir qədər yükdən azad olur ki, gedib sənəd toplamalı idi, artıq buna ehtiyac qalmır. Bunun üçün qanuna dəyişiklik etməyə ehtiyac görmürəm. Qanun o zaman dəyişir ki, sistemdə dəyişiklik olur. Vətəndaşın xeyrinə rahatlıq yaradılırsa, bunu qanunda təsbit etməyə nə ehtiyac var? Heç əmək pensiyalarının təyinatının interaktiv olması “Əmək pensiyaları haqqında” Qanunda təsbit edilməyib, heç bir maddədə yoxdur. Bu gün şəxsin yaşı tamam olanda, interaktiv olan kimi pensiyaya çıxır. Bəzən də vətəndaş 6 aydan sonra xəbər tutur ki, pensiyaya çıxıb. Bunun qanunla heç bir əlaqəsi yoxdur. Qanunda köklü dəyişiklik olmalıdır.

-Fərdi uçot sisteminə keçilməsi ilə bağlı təklifləri necə dəyərləndirirsiniz? 

- Ümumiyyətlə, Azərbaycanda pensiya sisteminin fəlsəfəsini dəyişmək istiqamətində işlər görülməlidir. Bu məsələ yalnız qərarla həll olunmur. Yəni fərdi uçot sisteminə keçilməsi üçün ölkədə iqtisadi hazırlıqlar getməlidir. Müəyyən mərhələdən sonra Azərbaycanda pensiyanın fərdi uçot sisteminə keçilməsi üçün cəhd göstərilməlidir. Belə bir cəhd 2006-cı ildə 1 iyulda başlandı və 2017-ci ilin 1 iyuluna qədər davam etdi. Bu layihə uğursuzluğa düçar oldu. Çünki bunun üçün iqtisadi zəmin yox idi. Bu sistemin əsas iqtisadi zəmini zəngin əmək bazarının formalaşmasıdır. Azərbaycanda zəngin əmək bazarı formalaşmayana qədər fərdi uçot sisteminə keçid mümkün deyil. Yəni fərdi uçot sistemi çox ədalətli sistemdir. Hazırda fəaliyyət göstərən sistem bir qədər ədalətsizdir. Bu mənada ki, niyə əmək qabiliyyətli gənc nəsil işləyib pensiyaçını saxlamalıdır? Pensiyaçı öz əmək qabiliyyəti dövründə işləməli, özü üçün pensiya kapitalı yığmalı, dövlət də onu qorumalı, inkişaf etdirməlidir. Hər kəs öz əmək qabiliyyəti dövründə özünə layiq pensiya kapitalı yığmalıdır.

Məsələn, mən yaxşı maaş almışamsa, pensiyaya çıxanda da yaxşı pensiya almalıyam. İndi 25 illik pensiya hədiyyəsi və s. var ki, heç bir fədakarlığı, fəaliyyəti olmadan şansı gətirib orta pensiya alır, lakin ona heç minimum pensiya da düşmür. Ancaq elə vətəndaş var ki, 60 il işləyir, 360-370 manat pensiya alır. Həm pensiya sistemi dəyişməli, həm qanun yenidən işlənməlidir. Bu sistemə uyğun olaraq da qanunda ciddi ədalətsizliklər var. 

Hazırda ilk növbədə parlamentin vəzifəsi bu məsələni müzakirə etməkdir. 

-Belə fikirlər də səslənir ki, pensiya kapitalı vətəndaş üçün yalnız rəqəmlərdən ibarətdir. Dövlət öz büdcəsindən deyil, vətəndaşın kapitalından xərcləyir. Bu, nə dərəcədə doğrudur? 

- Bizdə səhvən pensiya kapitalı deyilir, kapital “əldə pul” deməkdir. Ancaq bu pul yoxdur. Əslində isə bu, sığorta kapitalıdır. Sığorta kapitalı hər bir pensiya hüququ yaranan şəxs üçün 144 aya bölünür. Ancaq Azərbaycanda orta ömür 72 yaşın ətrafındadır.

Qadınlar təxminən daha çox- 75 il, kişilər isə bir qədər az -71 il yaşayırlar. 65 yaşında pensiyaya çıxan kişi cəmi 6 il pensiya alandan sonra dünyasını dəyişir. 

Hökumətin 12 illik öhdəliyi var. Həmin öhdəliyin yalnız yarısını yerinə yetirə bilir. 

Qadın və kişiyə ömür uzunluğuna görə fərqli yanaşmalıdırlar. Bu məsələni müzakirə etməlidirlər ki, vətəndaşlar normal pensiya ala bilsinlər. Bu gün problem odur ki, pensiyaçı öz pensiyası ilə bir ayı başa vura, dolana bilmir, onun dəstəyə ehtiyacı var.

Azərbaycan mentalitetinə uyğun olaraq ona övladları, yaxın qohumları dəstək olur. Ancaq onlar da vətəndaşdır, aldıqları maaşın bir hissəsini niyə valideynə sərf etməli, özlərinə xərcləməməlidir? 

Valideyn də vətəndaşdır, dövlət onu pensiya ilə təmin etməlidir. Layiqli pensiya təminatı olmalıdır. 

Bizdə pensiya kapitalı deyil, ən yaxşı halda sığorta kapitalı ola bilər. Çünki Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fonduna ödədiyimiz vəsait üst-üstə yığılıb hansısa hesabda saxlanılmır, o, pul deyil. Sadəcə olaraq rəqəmlərdir. Pensiyaya çıxdığımız zaman bizim pensiya həcmimizi müəyyən etmək üçün istifadə edilən rəqəmlərdir. Orada pul yoxdur. Bu da müəyyən problemlərə yol açır.

Doğrudur, pensiya təminatının fərdiliyi üçün bu vacibdir. 

Ancaq pulun fərdi uçota yığılmamasının ədalətsizliyinə gəldikdə, məsələn, elə vətəndaş var ki, pensiya yaşına 1 il qalmış dünyasını dəyişir. Yəni 100 min pensiya kapitalı yığıb, ondan 1 manat pensiya ala bilmir. Ancaq o pul fərdi uçot sisteminə keçirilsə, pul yığılsa, həmin vəsaitin vətəndaşın varislərinə verilməsi təmin edilə bilər. Yalnız dünyasını dəyişən şəxs deyil, məsələn, 50 il işləyib, 100 min sığorta kapitalı olan bir şəxs vətəndaşlıqdan çıxırsa, başqa bir ölkənin də pensiya təminatı üçün öhdəliyi yoxdursa, əmək qabiliyyətini itirdiyi dövrdə nə etməlidir, necə yaşamalıdır? 

Bunu təyin etmək üçün sistem dəyişməlidir. Hazırda bizim pensiya sisteminin fəlsəfəsi ondan ibarətdir ki, əmək qabiliyyətli əhali işləyir, pensiyaçıları saxlayır. Ancaq biz ona keçməliyik ki, hərə öz əmək qabiliyyəti dövründə özü üçün pensiya kapitalı yığır, ahıl dövründə də yaşayışını təmin edir. Ən ədalətli sistem məhz budur. 

-Bu sistemə keçid üçün bizə nə mane olur?

-Bunun üçün iqtisadi əsaslar olmalıdır. Yəni qeyri- leqal işləyən şəxslərin sayı kəskin aşağı düşməlidir. Hamı leqal, əmək müqaviləsi ilə işləməlidir. Hamı işlədiyi müəssisədən, öz maaşından DSMF-yə mütləq vəsait ödəməlidir. Heç olmasa qeyri-leqal işləyən insanların faizi 3-5 faizə qədər düşməlidir ki, biz o sistemə keçə bilək. Əmək bazarında çox sayda, alternativ iş yerləri olmalıdır. Vətəndaş seçim etmək imkanına malik olmalıdır. Daha yüksək gəlirli işdə çalışmaq üçün gedib özünü təkmilləşdirməli, oxumalı, imtahan verib işə daxil olmalıdır ki, daha yaxşı maaş əldə etsin və gələcək üçün yaxşı pensiya imkanı qazansın. Burada əhalinin bir neçə marağı olur. 

Bu istiqamətdə əmək bazarının formalaşması lazımdır. Buna inhisarçılıq, qanunun aliliyinin gözlənilməməsi, mülkiyyət hüququnun zəmanət məsələsi, məhkəmələrin qeyri-müstəqil olması da təsir edir. Yəni sistemin özü də bir-biri ilə əlaqəlidir. Yaxşı pensiya sistemi qurmaq üçün dürüst, hesabatlı, leqal, “kölgə iqtisadiyyatı”ndan azad bir iqtisadiyyat olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla