AZ

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

“Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlham Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma olduğunu təsdiq edir.”

 

Sfera.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

 

Deputat bildirib ki, dövlət başçısı Forumda müzakirə olunacaq mövzuların da əhəmiyyətini vurğulayıb. “ Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş Forumdan sonra ötən dövr ərzində dünya heç də təhlükəsiz olmayıb. Dünyada yeni münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin sayı artır. Əlbəttə ki, Bakı Forumundan bütün bu qlobal problemlərin həlli yollarının müəyyən edilməsi məsələsinə dəyərli töhfələrin veriləcəyi gözlənilir.”

 

K.Qafarovun fikrincə, qlobal təhlükəsizlik məsələlərinin həllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli rol oynayıb: “Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasını şərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bu müsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkə kimi uğurlu inkişafına zəmin yaradıb. Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda başlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə, cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcud olması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi, multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt, öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyat tərzimizdir.”

 

Prezident İlham Əliyevin nitqində yeni müstəmləkə tendensiyalarına qarşı yer alan fikirlərin əhəmiyyətini vurğulayan K.Qafarov daha sonra deyib: “Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi. Dövlətimizin başçısı açıq mətnlə ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya qarşı qəti şəkildə etirazını bildirərək, bu vəziyyətə ən qısa zamanda son qoymağın zəruri olduğunu bildirdi. Bu məsələnin mədəniyyətlərarası dialoq üçün vacib olduğunu diqqət mərkəzinə çəkən Prezident İlham Əliyev belə bir məqamla bağlı ikili standartların tətbiq edilməsinə yol verilməyəcəyini vurğuladı.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
13
Mənbələr
Şərh ()
Bağla