AZ

Azərbaycançılıq ideologiyası – Bizi birləşdirən və qələbələrə aparan uğur düsturu

2020-ci ilin payızında Qarabağın işğaldan tam azad edilməsi naminə bir nəfər kimi ayağa qalxan xalqımızın birliyi və həmrəyliyi dünya ictimaiyyətini heyrətə gətirmişdi. Bir sıra xarici ekspertlər indiyədək Rusiyanın təcavüzünə məruz qalmış ukraynalılara, gürcülərə, moldovanlara Azərbaycanı nümunə göstərirlər.

44 günlük Vətən müharibəsindəki birlik və həmrəylik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu həyata keçirdiyi azərbaycançılıq və türkçülük ideologiyasının nəticəsində mümkün olmuşdu. Azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq bütün fərqli etnikləri bir arada birləşdirirsə, türkçülük ideologiyası artıq 7 müstəqil türk dövlətinin birləşdirici, həmrəylik missiyasını özündə ifadə edir.

Milli

Qeyd edək ki, azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu, siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət etməsi baxımından olduqca vacibdir.

Yalnız ölkəmizin parlaq qələbəsindən sonra dünya birliyi anladı ki, bir çox ölkələrdə siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modelini yaratması ilə fərqlənir.

Həmin modelin müəllifi isə unudulmaz şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir.

Əslində, azərbaycançılıq ideyası Azərbaycanın ictimai-milli şüurunda çoxdan kök salıb. Bu ideologiyaların boğulması naminə çar Rusiyası və sovet imperiyası bütün ağlasığmaz vasitələrə, amansız, qəddar və qanlı repressiyalara əl atdı, lakin həmin dəyərləri xalqımızın qan yaddaşından silə bilmədi. Çünki məhz maarifpərvər qüvvələrin, ədiblərin, Azərbaycan Xalq Cümhuriyyətinin fədakarlığı nəticəsində bu ideyalar xalqın qan yaddaşında əbədiyyət qazanmışdılar.

Azərbaycançılıq

Azərbaycançılıq ideyasının alovlu təbliğatçılarından biri olan görkəmli ədibimiz Mirzə Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında yazırdı: “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

Lakin azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas ideya bazasına, sütünlarından birinə çevrilməsi məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə baş verdi. Azərbaycan rəhbərinin ötən əsrin 60-ci illərindən başlayaraq milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması, Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi, milli şüurun oyanışı istiqamətində mühüm işlər həyata keçirməsi bu fundamental missiyanın əsasını qoydu. Bütün ruhu, qanı, canı ilə vətənə bağlı olan böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. 1993-cü ildə isə olduqca mürəkkəb vəziyyətdə – dövlətçiliyimizin təhlükə qarşısında olduğu şəraitdə hakimiyyətə gələn Heydər Əliyev məhz azərbaycançılıq ideologiyasına söykənərək, böyük siyasi məharətlə ölkəmizi vətəndaş müharibəsindən və parçalanmadan xilas etdi.

Kataklizmlərlə dolu dövrdə cəmiyyətin nəzərinə çatdırıldı ki, məhz azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq, möhkəmləndirmək, ümumbəşəri dəyərlər sistemindən bəhrələnmək, ölkədə vətəndaş birliyinə nail olmaq üçün uğurlu təməldir. Bu siyasət vasitəsilə qlobal dairələrin Azərbaycanda separatizm, zərərli dini və etnik ideologiyaların yaymasının qarşısı qətiyyətlə alındı.

Məhz bu ideologiyanın gücünə inandığı üçün Heydər Əliyev bütün mötəbər tədbirlərdə “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır” fikrini qətiyyətlə bəyan edirdi.

Yeni

Hazırda onun “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” kəlamı dillər əzbərinə çevrilib.

Eyni zamanda, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri dünya azərbaycanlılarının və türklərinin sevimli şüarına çevrilib. Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması, digəri isə bütün müstəqil türk dövlətlərinin birliyinin yaradılması idi. Odur ki, onun bu fikri Türkiyə Cümhuriyyətinin qurucusu, türk dünyasının böyük liderlərindən biri olan Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” şüarı ilə qoşa addımlamaq haqqını qazanıb. Artıq hər kəs anlayır ki, azərbaycançılıq və türkçülük ideologiyalarının bir-birindən ayrılması qeyri-mümkündür.

Bunu 2024-cü il 14 fevral tarixində Milli Məclisdə keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyevin “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikri də sübut edir.

Yeri gəlmişkən, Heydər Əliyevin siyasətini uğurla davam etdirən, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərin xalqın etimadını aldığı yüksək səslə bir daha qazanmış İlham Əliyevin hakimiyyəti dövründə etnik köklərindən asılı olmayaraq hər kəsin özünü azərbaycanlı sayması hər birimizə müsbət təsir edir. Təqdirəlayiqdir ki, bu gün müstəqil dövlətimiz təkcə Azərbaycan türklərinin deyil, həm də özünü azərbaycanlı adlandıran bütün digər xalqların əsl Vətəninə çevrilib. Bunu onların Azərbaycan türkləri ilə çiyin-çiyinə Qarabağın işğaldan azad olunması naminə qəhrəmancasına vuruşmaları da sübut edir. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ Müharibələrində hər bir azərbaycanlı “Səndən ötrü can verməyə cümlə hazırıq! Səndən ötrü qan tökməyə cümlə qadiriz!” andını sidq-ürəklə yerinə yetirib. Azərbaycançılıq ideologiyası bütün fərqli etnik topluluqları bir arada elə birləşdirib ki, bu gün onların tarixi vətənlərində Azərbaycana qarşı sevgi və hörmət daha da artıb.

Qeyd etmək lazımdır ki, bu il mayın 10-da fəaliyyətinin 20 ilini qeyd etməyə hazırlaşan Heydər Əliyev Fondunun azərbaycançılıq ideologiyasının və milli-mənəvi dəyərlərlə bağlı ölkəmizdə və xaricdə həyata keçirdiyi irimiqyaslı layihələr də söykəndiyimiz mütərəqqi ənənələrin gələcək nəsillərə ötürülməsində misilsiz rol oynayır. Bu layihələr milləti, xalqı, vətəni qəlbən sevməyi, onun naminə yorulmadan, fədakarcasına çalışmağı təşviq edir.

Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində hər bir soydaşımız Azərbaycan ətrafında sıx birləşib. Azərbaycanlı uşaqlara və hətta xalqımıza dost münasibəti bəsləyən əcnəbilərə də Azərbaycan dili, tarixi, mədəniyyəti tədris edilir, azərbaycançılıq ideologiyasının, mültikultural və tolerantlıq dəyərlərinin insanlara aşılanması prosesi sürətlə gedir.

İndi sosial şəbəkələrdə ukraynalı, avstraliyalı musiqiçinin Azərbaycan muğamını və mahnılarını tarda, amerikalı, avstraliyalı, israilli musiqiçilərin kamançada çalmaları, ingilis vətəndaşının Azərbaycan dilində mahnı oxuması, milli geyimimizdə rəqs etməsi, alman oğlanın, ərəb qızının Azərbaycan dilində şeirlər söyləmələri heç kimdə təəccüb doğurmur. Bu özü azərbaycançılıq ideyasının təbliğinin təntənə çalması deməkdir.

Xatirə SADİQ,

KONKRET.az

Medianın

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla