AZ

Azərbaycan və Ermənistan deputatları sərhəddə görüşə bilər

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülh üçün ciddi işlər görülür. Bir müddət əvvəl hər iki ölkənin parlament sədrləri ilk dəfə Cenevrə görüşüb. Yaxın zamanlarda xarici işlər nazirlərinin Qazaxıstanda görüşü də  gözlənilir. 

Sülh prosesinə müsbət təsir göstərməsi baxımından parlamentarilərin də sərhəddə görüşü gözlənilirmi?


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında hələ ki deputatlar arasında görüşün gözlənilmədiyini qeyd edib:


"Məndə parlamentarilərin görüşünün olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşdülər. Onunla bağlı açıqlamalar verilib. Hər bir halda belə məsələlər rəhbərlər tərəfindən müzakirə olunmalıdır. Yəqin müzakirə olunacaq da".

"Bu saat sərhəddə çox ciddi işlər görülür. Sərhədlərin delimitasiya və demarkasiyası aparılır. Bunlar müsbət istiqamətdə cərəyan edən məsələlərdir. Düzdür, Ermənistan tərəfində prosesə qarşı xeyli manelər, etirazlar var. Məncə onlar da başa düşür ki, Azərbaycanın təkliflərinə əməl etməyə məhkumdurlar. Bu proses nə qədər sürətlə getsə və müsbət cərəyan etsə, sülh və əmin amanlıq üçün xeyirdir",- komitə sədri əlavə edib.
 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov vurğulayıb ki, COP29-dan əvvəl sülh müqaviləsinin imzalanması istisna deyil:
 

"Heç şübhəsiz ki, iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu istiqamətdə dövlət başçıları səviyyəsində danışıqlar aparılır, xarici işlər nazirləri arasıda görüşlər genişləndirilir. Eyni zamanda, bir müddət əvvəl ilk dəfə Azərbaycan və Ermənistanın parlament sədrləri arasında görüş keçirilib. Belə fikirlər vardı ki, Azərbaycan və Ermənistan deputatlarının sərhəddə görüşü keçirilə bilər. Bütün bunlar nəhayət ki, regionda uzunmüddətli, dayanıqlı sülh müqaviləsinin imzalanmasl ilə nəticələnməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, heç bir zaman biz indiki kimi sülh müqaviləsinin imzalanmasına yaxın olmamışıq. Bu ilin noyabırına kimi, yəni COP29-dan əvvəl sülh sazişinin imzalanması istisna deyil".

E.Nəsirov söyləyib ki, bu prosesdə parlamentarilərin üzərinə də böyük iş düşür:


"Deputatlar arasında təmaslar, ünsiyyətin qurulması özü-özlüyündə sülhü yaxınlaşdıran amillərdir. Nəhayət ki, parlamentarilər arasında da təmasların qurulması ilə bağlı fikirlər var. Sülh müqaviləsinin imzalanmasında parlamentarilərin iştirakı, rolu tələb olunarsa, azərbaycanlı deputatlar heç vaxt bu istəkdən imtina etməzlər. Burada bircə hər iki tərəfin mövqeyinin üst-üstə düşməsi məsələsi qalır. Biz parlamentarilər bölgədə dayanıqlı və uzunmüddətli sülh naminə istənilən təmasa hazırıq. Təki növbəti müharibə ehtimalına son qoyulsun və regiona sabitlik gəlsin. Hər iki xalq qonşu kimi yaşasın. Azərbaycanlı deputatlar bütün bunlara görə erməni həmkarları ilə dialoqa girməyə hazırdır. Yetər ki, qarşı tərəf də eyni şəkildə məsələlərə konstruktiv yanaşsın".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla