AZ

Türkmənistanda məmurları 'Sərdar və Qurbanqulu' saatlarını almağa məcbur edirlər

Türkmənistanın qərbindəki Balkan vilayətində dövlət idarələrinin başçılarını siferblatlarında keçmiş və indiki prezidentlər – Sərdar və Qurbanqulu Berdiməhəmmədovların şəkilləri olan hədiyyə saatlarını almağa məcbur edirlər.

Bu barədə xəbəri AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık yayıb.

Ölçü və dizaynından asılı olaraq hədiyyə saatlarının qiymətləri 1500 manatla (428 dollar) 3000 manat (850 dollar) arasındadır.

Saatların bir modelində Berdiməhəmmədovların (saat 9-un üstündə Sərdarın, saat 3-ün üstündə Qurbanqulunun) fotoları, Türkmənistanın dövlət bayrağı (saat 12-nin üstündə) və ölkənin xəritəsi (saat 6-nın üstündə) var.

Məmurlara bahalı, camaata ucuz modellər

Digər modellərdə isə siferblatda yalnız hazırkı prezident Sərdar Berdiməhəmmədovun fotosu əks etdirilir.

Azatlık radiosu mənbələrinin dediyinə görə saatların daha ucuz modellərinin alınmasına daha aşağı statuslu büdcə təşkilatlarının başçılarını təhkim ediblər.

Ən bahalı modelləri isə yuxarı təbəqəyə məxsus məmurlar almalıdırlar.

AzadlıqRadiosu müxbirlərinin söhbət etdikləri bəzi məktəb direktorları bildiriblər ki, hədiyyə saatlarının məcburi ticarətinin arxasında Berdiməhəmmədova yaxın adamlar dayanır.

"İndi də Sərdarın saat buraxan vaxtıdır"

Balkan vilayətindəki məktəblərdən birinin direktoru deyib: "Bu saatları xüsusi sifarişlə Çində hazırlatdırıb gətirir və zorla xalqa satırlar. Saatların ticarətinə Milli Təhlükəsizlik Nazirliyi nəzarət edir".

Azatlık radiosunun müsahiblərindən biri xatırlayıb ki, birinci prezident Saparmurat Niyazovun (Türkmənbaşı) vaxtında onun şəkilləri olan saatları həqiqətən də hədiyyə kimi hətta məktəblilərə paylayırdılar: "Sərdarın da saat buraxmasında təəccüblü heç nə yoxdur. İndi qalır onun özünə bütün ölkə boyunca heykəllər qoydurması".

Xəbər verilir ki, Türkmənistanda dövlət idarələrinin başçıları vaxtaşırı olaraq belə "xidməti" soyğunçuluqla üzləşirlər.

Adamları prezidentin kitablarını, portretlərini almağa və bu kimi işlərə məcbur edirlər.(Azadlıq Radiosu)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla