AZ

Bakıda qayın-yeznə arasında qanlı dava — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 2003-cü il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə bacısının əri Əfqana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 13-də, təxminən saat 20 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində baş verib. 

Zaur yeznəsi Əfqana onu doğum günü münasibətilə təbrik etməsini xahiş edən zaman sonuncunun onu təbrik etmək əvəzinə ünvanına nalayiq söyüş söyməsi ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla vurub. 

Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Əfqan onun bacısının əridir: “Əfqan bacım ilə birlikdə mənim evimin yanında qonşuluqda yaşayır. Mən dükanlardan alışqan doldurmaq üçün istifadə olunan qaz balonlarından alıb qoxulamaq yolu ilə içimə çəkmişəm. Bu mənə həzz verib. Mən də bu vərdiş əsgərlikdən gəldikdən sonra yaranıb. Yeznəm  Əfqan bir neçə dəfə mənə buna görə irad bildirib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 13-də onun ad günündə yeznəsi Əfqana onu doğum günü münasibətilə təbrik etməsini deyib: “Amma Əfqan məni təbrik etmək əvəzinə lağ mənasında “get iki dənə qaz balonu al, sal burnuna" dedi. Əfqanın bu sözü mənə pis təsir etdi. Əfqandan mənimlə bu cür danışmamasını xahiş etdim. Əgər bu cür danışmağa davam edərsə, yeznəmi vura biləcəyimi bildirdim. Əfqan isə kinayə ilə mənə nalayiq ifadə işlətdi. Əfqanın bu sözündən sonra evə girərək mətbəxdən bıçaq götürdüm. Məni görən Əfqan yenə nalayiq ifadələrlə danışaraq, “hünərin varsa məni vur” dedi. Daha sonra Əfqan özünə məxsus olan avtoyuma məntəqəsindən taxta parçası götürdü və məni qorxutmaq üçün üzərimə gəldi. Bu zaman Əfqan yenə söyüş söydü. Əfqan getmək istəyəndə onun bel nahiyəsindən bıçaqla vurdum. Evə gedərək anama Əfqanı vurduğumu dedim. Sonra evin damında gizləndim. Daha sonra polis əməkdaşlarının gəldiyini görərək təslim oldum”.

İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, Zaur onun qaynıdır, onların arasında əvvəl heç bir düşmənçilik olmayıb: “Zaurla bir məhəllədə yaşamışıq, qonşuyuq. Zaur məhəllədə dayanaraq qaz iyləməklə məşğul olub. Ətrafda camaat bunu görüb. Zaura dəfələrlə belə işlə məşğul olmamağını, cavan olduğunu, həyatının qabaqda olduğunu söyləmişəm. Bu sözlərim Zaura xoş gəlməyib. Mən neçə dəfə Zaura irad tutsam da, xeyri olmayıb. Hadisə günü Zaur gəlib "moyka"nın yanında dayandı. Zaura əgər bu işlə məşğul olacaqsansa, yanıma gəlməməyini, öz taylarının yanına getməyini söylədim. Bu sözüm Zaura toxundu. Həmin gün Zaurun ad günü olub. Aramızda başqa söhbət olmayıb. Zaur həmin ana kimi mənə cavab qaytarmasa da, həmin vaxt mənə cavab qaytardı. Məni öldürəcəyinə and içdi. Zaur evə girdi, 10 dəqiqə keçdikdən sonra evdən çıxdı. Mən hələ də Zaurun məni vuracağına inanmadım. Bu zaman Zaur məni arxadan bıçaqla vurdu və evə qaçdı. Mən də xəstəxanaya getdim. İndi sağlığım yaxşıdır, işləyirəm. Qohumluğum olduğu üçün Zauru bağışlamışam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaur 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla