"Nə qədər döyüşsək də, irəli gedə bilmədik. XXIII turda doğma meydanda "Karvan"a məğlub olduqdan sonra 10-cu pillədə qalacağımız rəsmləşdi. İndi son 3 oyunu daha yaxşı çıxış edib, yerli azarkeşlərimizə gözəl futbol seansı sərgiləməyə çalışacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Saatlı"nın Prezidenti Ədalət Abdullayev deyib.


Klub rəhbəri baş məşqçi dəyişikliyinə də aydınlıq gətirib: "Uğursuz nəticələr baş məşqçimiz Rüfət Quliyevə pis təsir etdi. Görürdük ki, komandamız "qara zolaq"dan çıxa bilmədiyinə görə mənəvi istirab çəkir. Bu üzdən oturub söhbət etdik və qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Rüfət müəllimə bundan sonrakı karyerasında uğurlar arzu edirəm. "Araz Saatlı" hələlik idman direktorumuz Şəhriyar Məmmədova həvalə olunub. O, komandanı qarşıdakı 3 oyunda meydana çıxaracaq".


Ədalət bəy I Liqanı tərk etmək, idman prinsipləri və gələcək planlardan da söhbət açıb: "Sonuncu pillədə olacağımız rəsmləşib. Odur ki, qaydaya görə II Liqaya düşəcəyik. Biz həmişə idman prinsiplərini əsas götürmüşük. Sonuncuyuqsa, deməli liqanı tərk etməliyik. Səmimi deyim ki, ötən mövsümdən idman prinsiplərinin qorunması elitadan tutmuş, Region Liqasına kimi rəqabətliliyi artırıb. İnkişaf hiss olunur. Amma bir incə məsələni xüsusi qeyd etməliyəm. İdman prinsipi yalnız kiminsə sonuncu olub, çempionatı tərk etməklə ölçülməməlidi. İdman prinsipi geniş anlayışdı. Bu mövsüm bizim üçün daha çox sınaq kimi oldu. Çünki yenidən təşkil olunan komanda olaraq gücləndirilmiş I Liqada debüt etdik. Buna rəğmən, eyni zamanda AFFA-ın ayırdığı bəlli yardıma uyğun olaraq çox işlər görməyə başladıq. Əsas komandayla yanaşı, U-10-dan tutmuş, U-15-ə qədər altı aşağı yaş qrupu üzrə komandalarımızı yaratdıq. Hazırda onların hər biri öz çempionatlarında çıxış edir. Öz yetirmələrimizi yetişdirmək üçün çox çalışırıq. U-15 seçməmizdən əsas komandaya 1 futbolçu cəlb etmişik. Gələn mövsüm daha 3 yetirməmizlə müqavilə bağlayacağıq. Çempionatın tələbinə uyğun stadionumuz, bazamız var. Həmçinin hazırda yeni infrastruktur və baza da tikilir. Yəni, pis-yaxşı minimum standartlara cavab verməklə yanaşı, gələcək üçün inkişaf etmək, peşəkarlaşmaqla bağlı da addımlar atırıq. Bu fəaliyyət də idman prinsiplərinin əsaslarındandı. Amma gəlin, nəzər yetirək  I Liqanın bütün təmsilçiləri idman qanunlarına, şəffavlığına əməl edirmi? Çəkinmədən açıq deyəcəm. Bu mövsümdə digər debütant "İrəvan" neçə dəfə qanunları kobud şəkildə pozdu, oyunçuları arasında oyun alqı-satqısında ifşa olanlar oldu, klubun rəhbəri həbs edildi. İndi həmin klub bizdən üst pillədə olmasına görə idman prinsipkərinə əməlmi edir?! Mən heç də mərdiməzarlıq edən biri deyiləm. Sadəcə, qanunları dəfələrlə kobudcasına pozan istənilən klub elə idman prinsiplərinə uyğun olaraq çempionatdan uzaqlaşdırılmalıdı. Bizim hazırda A və B planımız var. İlkin gözləntimiz odur ki, ya komanda sayı artırılacaq, ya da "İrəvan" çempionatdan uzaqlaşdırılmaqla 1-ci liqada qalmağımıza imkan veriləcək. Bu olsa gözəl olar. Yox, əgər bu hal baş verməyəcəksə, B planımız üzrə II Liqaya düşüb orda çıxış edib, gələcək üçün inkişaf etməyə çalışacağıq. Yəni, liqanı tərk etməyi faciə saymırıq".


Qeyd edək ki, XXIV turda "Araz Saatlı" səfərdə "Qaradağ Lökbatan"a məğlub olub

 

ABDULLA İSMAYILOĞLU