AZ

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

Karyerası ərzində Azərbaycanda 3 klubun formasını geyinmiş Denis Silva Kruz Premyer Liqadakı nəticələrlə müntəzəm maraqlanır.

Braziliyalı müdafiəçi futbolinfo.az saytına açıqlamasında çempionatımızda yeniliklərdən xəbərdar olduğunu bildirib: “Azərbaycan futbolu mənə çox doğmadır. Orada üç fərqli klubun formasını geyinmişəm. Təəssüf ki, indi onlardan yalnız “Neftçi” Premyer Liqada mübarizə aparır. Onların da nəticələri ilə sosial şəbəkə vasitəsilə maraqlanıram. Ümumiyyətlə, Azərbaycan futboluda baş verən yeniliklərin çoxundan xəbərdar oluram. Çünki ölkənizdə əlaqələrim yaxşı olan insanlar çoxdur. Onlarla tez-tez bu barədə danışırıq”.

38 yaşlı mərkəz müdafiəçisi o qədər də yaxşı mövsüm keçirməyən sabiq komandası “Neftçi”nin toparlanacağına inanır: “Böyük klublarda baş məşqçinin özünü göstərmək üçün çox vaxtı olmur. Gələn kimi ondan nəticə tələb edilir. “Neftçi”də də belədir. Miodraq Bojoviç mövsümün gedişində gəlsə də, bilirəm ki, azarkeşlərin ondan tələbi böyükdür. Çünki “Neftçi” böyük klubdur və belə də olmalıdır. Komandanın heyətində kifayət qədər keyfiyyətli oyunçular var. Onların toparlanacağına və gələn mövsüm daha uğurlu çıxış edəcəklərinə inanıram”.

Hazırda ölkəsində həvəskar səviyyədə oyunlarda iştirak edən Silva tezliklə məşqçiliyə başlamaq arzusunda olduğunu gizlətməyib: “Bəli, futbolun içində qalacağam. Çünki ən yaxşı bildiyimiz işdir. Beynimdə gələcəklə bağlı bəzi düşüncələr var. Məsələn, məşqçi kimi Azərbaycana qayıtmaq əla olar. Gələcəkdə “Neftçi”də çalışmaq möhtəşəm olardı”.

Qeyd edək ki, Denis Silva Azərbaycanda 2008-2009-cu illərdə “Xəzər Lənkəran”, 2010-2015-ci illərdə “Neftçi”, 2015-2019-cu illərdə isə “Keşlə”nin (hazırkı “Şamaxı”) formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla