AZ

Çoxtərəfliliyə sadiqik!

Ölkəmiz Qoşulmama Hərəkatının tarixində mühüm iz buraxıb...

Müasir qlobal çağırışları əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərbaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Son 20 ildə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş ölkəmiz çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm bir yol keçib - yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünkü uğurlarının ən mühüm komponentlərindən birinə çevrilib. Yerləşdiyi geocoğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı region kimi  dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla, hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edib. Təsadüfi deyil ki, həm sivilizasiyaların, həm də mədəniyyətlərin qovşağı kimi xarakterizə olunan Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan bu gərgin situasiyada bütün ölkələr üçün yeni siyasi əməkdaşlıq zəmini formalaşdırıb. 30 ilə yaxın işğaldan, təcavüzdən və terrordan, separatizmdən əziyyət çəkən ölkəmiz səbr və təmkinlə, özünəməxsus siyasi-iqtisadi, ən əsası isə strateji inkişaf trayektoriyası cızmaqla bu günün real mənzərəsini yaradıb. Böyük güclərin heç bir müdaxiləsinə imkan verməyən, bölgəsəl prosesləri həm regionun, həm də dövlət olaraq özünün siyasi-ictimai maraqlarına uzlaşdıran Azərabycanın uğur formulunun açarı məhz bununla izah edilir - bütün yanaşmalarında ədalət prinsipinin qorunması və çoxtərəfliliyə sədaqət nümayiş etdirmək. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. 

Qoşulmama Hərəkatı nümunəsi...

Azərbaycanın çoxtərəfliliyə sədaqətinin ən bariz nümunələrindən biri isə Qoşulmama Hərəkatına edilmiş uğurlu sədrlik dönəmidir. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq hələ də təqdir edilməkdədir.  2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammitindən sonrakı müddətdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələr tərəfindən iki dəfə yekdil fikirlə dəstəklənib - həm sədr seçkisi zamanı, həm də sədrlik müddətimiz uzadılan zaman. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynaya biləcək mühüm rolu bütün dünyaya nümayiş etdirdi - Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafına göstərdiyi dəstək, qlobal müzakirələrdə bütün dövlətlərin maraqlarının nəzərə alınması prinsiplərinin qorunması kimi mühüm nüansların tərəfdarı olması bu təşkilatın nüfuzunun da artmasına yol açıb. Bu, isə ölkəmizə yüksək inam və etimadın təzahürü kimi təqdim edilməli amildir. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik: “O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb. Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək. Çünki hazırda dünyaya nə lazımdır, bəzi böyük ölkələr bu və ya digər qütbə aid deyil, onların öz hüquqları və öz maraqları var. Onların bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Buna görə də həmin Hərəkatda bizim sədrliyimiz məhz bu məqsədi güdürdü və biz daha çevik, daha fəal olmağa çalışdıq. İstədik Hərəkat daha təsirli olsun”. 

Peyvənd millətçiliyinə qarşı aktiv mübarizə...

Qoşulmama Hərəkatına rəhbərlik etdiyimiz vaxtdan başlayaraq, ölkəmiz dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış edib. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Həmçinin Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu. Azərbaycanın peyvənd ayrı-seçkiliyinin qarşısının alınmasında oynadığı rol isə daha mühüm əhəmiyyət kəsb edir - ölkəmiz həmin çətin günlərdə peyvəndlərin ədalətli bölgüsünü mühüm prioritetlərdən biri kimi bütün dünyaya təqdim etdi. Hətta bir sıra ölkələrin peyvəndlə təmin edilməsi üçün səy göstərən Azərbaycan bütün dünyaya örnək bir presedent bəxş etdi. Prezident İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında vurğulayıb ki, COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını müzakirə etməyə çalışdıq: “Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Bildiyiniz kimi, pandemiyanın ilk aylarında peyvənd çatışmırdı. Pul vəsaitləri çox olan bir sıra ölkələr özlərində çox böyük sayda, hətta beş dəfədən artıq peyvənd topladılar. Bunu necə etmək olar?! Bununla onlar, sadəcə, bir çox digər ölkələrin səhiyyə sistemini heçə endirdi ki, onların da peyvəndlərə çıxışı yox idi. Ona görə milli maraqlar baxımından, əlbəttə ki, Azərbaycan həmin Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardı və biz Baş Assambleyada bununla bağlı təşəbbüskar olduq”.

Sabitlik və əməkdaşlıq tərəfdarı...

Beləliklə, Azərəbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir - Azərbaycan bu ülvi dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır.

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla