AZ

Əsrlərdən gələn nemət...

Dini dözümlülük, multikultural dəyərlər Azərbaycanda tarixən mövcud olub

Dünya həm də insanların fərqli etiqadları, inancları, ənənələri, məişət tərzləri ilə gözəldir. Xalqlar arasında irqə, etiqada görə fərqlilik əslində, ayrıcı xətlər kimi çıxış etməməlidir. Təsadüfi deyildir ki, bütün səmavi dinlərdə və müqəddəs kitablarda  humanizmə və bərabərliyə çağırışlar edilir.

Təəssüf doğuran haldır ki, bugünkü dünyada səmavi dinlərin, müqəddəs kitabların çağırışları bir sıra hallarda unudulur və yaxud onlar başqa məzmunda izah edilir. Açıq deyək ki, ayrı-ayrı ölkələr məqsədyönlü şəkildə aparılan siyasi təbliğatların nəticəsində səmavi dinlərin gerçək mahiyyətindən çox uzaqlaşıblar. Hazırda dünyada  müxtəlif dinlər, etiqadlar, irqlər arasında süni şəkildə qızışdırılan ədavətin və qarşıdurmaların şahidi oluruq ki, bu da ümumi gələcəyimiz üçün son dərəcə təhlükəlidir.Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyada müşahidə edilən təhlükəli tendensiyalar, artan təhdidlər barədə geniş müzakirələr aparılıb və müxtəlif həll variantları irəli sürülüb. Belə ciddi narahatlıq doğuran bir şəraitdə Azərbaycanın multikulturalizm ideyalarını cəsarətlə təşviq etməsi dünyada nadir nümunələrdən biri kimi diqqət çəkir.

Azərbaycanın multikultural ənənələri və müasir reallıqları

Tolerantlığın idealist yanaşma olduğunun və iflasa uğradığının təqin edildiyi bir dövrdə  Azərbaycanın multikulturalizmi cəsarətlə təşviq etməsi heç də təsadüfi deyil. Prezident İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində bunu şərtlləndirən bir sıra mühüm amillərə diqqət çəkərək ölkəmizin mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın milli-dini-etnik mənzərəsi müxtəlifliyi ilə diqqət çəkir. Məlumdur ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində İslam dini xüsusi yer tutur. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb.

Tarix boyunca ölkəmizin ərazisində həmçinin digər dinlərə də sərbəst şəkildə etiqad göstərilib. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, ölkə ərazisindəki bu günümüzədək gəlib çatan dini abidələr yalnız bir mədəniyyətə, deyək ki, hazırda əhalinin böyük əksəriyyətinin etiqad bəslədiyi İslam sivilizasiyasına aid deyil. Əksinə, paytaxt Bakıda və respublikanın bölgələrində mövcud olan dini abidələr müxtəlif sivilizasiyaların izlərini özlərində qoruyub saxlayır. Bu, o deməkdir ki, dini dözümlülük, multikultural dəyərlər Azərbaycanda tarixən mövcud olub.

 Respublikamızda tarixdən gələn tolerantlıq ənənələri bu gün də davam etdirilir. Son illərdə paytaxt Bakıda və regionlarda İslam dininə aid abidələr yüksək səviyyədə təmir edilərək onlara ikinci həyat verilib. Hazırda Heydər Əliyev Fondu qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış abidələrin bərpasını həyata keçirir.

Lakin respublikamızda tarixi-dini abidələrə belə diqqət və qayğı yalnız İslam dininə aid məscidləri əhatə etmir. Digər dinlərə aid abidələrə də eyni həssas münasibət bəslənilir. O cümlədən ölkəmizdəki xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və bu icmaya məxsus tarixi mədəni-dini abidələr dövlət tərəfindən qorunur. Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsinin (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsinin, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsinin dövlət tərəfindən təmir edilməsi buna misaldır. Eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Fond tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində aparılan əsaslı təmir işləri tamamlanıb. Otuz illik işğal dövründə Ermənistandakı və zəbt olunmuş ərazilərimizdəki abidələrimiz vəhşicəsinə dağıdılıb və təhqirlərə məruz qalıb. Buna baxmayaraq, Bakının mərkəzi hissəsində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur. Burada erməni dilində 5 min qədim kitablar da mühafizə edilərək saxlanılır.

Azərbaycan, həmçinin ölkə hüdudlarından kənarda da xristian abidələrinin qorunub gələcək nəsillərə çatdırılmasına layiqli töhfələr verir. İndiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Romada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası yüksək səviyyədə həyata keçirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Rusiyanın Həştərxan vilayətindəki Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılıb. Belə misalların sayı kifayət qədər çoxdur. Hazırda ölkəmizin ərazisində Mədəniyyət Nazirliyi tərəfindən başlanan ”Xristian irsimizi tanıyaq” adlı layihənin icrası davam edir. Ölkəmizin müsbət mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir”, - deyə vurğulayıb.

Ən çətin məqamlarda çiyin-çiyinə

Ayrı-ayrı ölkələrdə multikulturalizmin kənardan ixrac edilən bir ideologiya kimi dəyərləndirilməsi fonunda Azərbaycanın bunu özünün çox dəyərli həyat tərzi kimi yüksək qiymətləndirməsi olduqca ibrətamizdir. Ölkəmizin bu üstünlüyünü məmnunluq hissi ilə diqqətə çatdıran Prezident İlham Əliyev “Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”, - deyə bildirib.

Azərbaycanın multikultural mühitinin özəlliyi həm də ondan ibarətdir ki, burada yaşayan bütün xalqlar yaxşı günlərin sevincini bölüşdükləri kimi, çətin sınaq məqamlarında da bir-birlərinə dayaq durmağı, ümumi maraqlarımız naminə çiyin-çiyinə fədəkarlıqlar göstərməyə hazırdırlar. Forumda bildirldiyi kimi, son illərdə qlobal miqyasdakı təhlükəli hadisələrin bir çoxu Azərbaycanın sərhədlərinin yaxınlığında baş verib. Elə ölkəmizin ərazisində də bir neçə il əvvəl bəzi neqativ proseslər müşahidə edilib. Lakin hər dəfə xainlər baş qaldıranda, ümummilli ideyalarımız üçün təhlükə yarananda cəmiyyətin bütün təbəqələrinin nümayəndələri milli-dini kimliyindən asılı olmayaraq ayağa qalxaraq  güclü həmrəylik nümayiş etdiriblər. Ölkəmizin ərazisinin, suverenliyinin bərpası çoxkonfessiyalı cəmiyyətimiz üçün daha bir ümummilli çağırış oldu və ölkəmizdə yaşayan bütün xalqların və dinlərin təmsilçiləri bu çağırışa qoşuldular. 44 günlük Vətən müharibəsinin iştirakçılarından biri - Solntsev Dmitriy Aleksandroviç barədə söhbət açaq. O, Bakıda anadan olub. Orta və ali təhsilini də burada alıb. Azərbaycan Ordusunda hərbi xidmət keçib. O, Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs Vətən olduğunun göstəricisidir.

Paytaxt Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adına küçə verilib və elə həmin küçədə də onun original kompozisiyada heykəli ucaldılıb. Abidənin müəllifləri Alberti döyüş maşını ilə birgə təsvir ediblər. Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Milliyyətcə yəhudi olan A.Aqarunovun I Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaətlər göstərməsi və 2019-cu ildə onun xatirəsinə Bakıda əzəmətli heykəl ucaldılması Azərbaycanın multikultural siyasətinin nümunəvi səciyyə daşıdığını bir daha təsdiqləyir. “...Biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi”, - deyə Prezident İlham Əliyev bildirib.

Din xadimlərinin müstəsna rolu və məsuliyyəti

Dünyada mədəniyyətlərarası dialoqda yaşanan gərginliklər fonunda din xadimlərinin müstəsna rolu məsələsinin aktuallığı birə beş qat artır. Din xadimlərinin üzərinə böyük missiya düşür. İslam və qeyri-İslam dininə aid olan ziyarətgahlar,  məbədlər yalnız dini ayinlərin yerinə yetirilməsi məkanı anlamında qəbul edilməməlidir. Allah evlərində din xadimləri  həm də Ulu Yaradana pənah gətirən insanlara səmavi dinlərin humanizm və birgəyaşayış ideyalarını ötürməlidirlər. Onlara aşılamalıdırlar ki, Allah bütün bəndələrini bərabər yaradıb. Çətin məqamlarda din xadimlərinin məsuliyyəti ilə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev  “...Milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər”, - deyə vurğulayıb.

Lakin biz dünya miqyasında din xadimlərinin həmişə barışdırıcı missiya həyata keçirdiklərinin şahidi oluruqmu? Təəssüf ki, suala birmənalı şəkildə müsbət cavab vermək mümkün deyil. Biz bir sıra hallarda ayrı-ayrı ölkələrdə dini mərkəzlərin və din xadimlərinin birləşdirici rol almaqdan, sülh mövqeyindən çıxış etməkdən çox uzaq olduqlarını görürük. Forumda da qeyd olunduğu kimi, bəzi hallarda başqa çağırışlar da eşidilər. Ayrı-ayrı Avropa ölkələrində din xadimlərinin qızışdırıcı mövqe tutmaları, təmayülçü çağırışları İslamafobiya dalğasının genişlənməsinə açıq-aşkar rəvac verir. Qonşu Ermənistanı götürək. Zamanında Azərbaycan ərazilərinin işğala məruz qalmasında, xalqımızın Xocalı soyqırımı ilə üzləşməsində Eçmiədzin kilsəsi ideoloji mərkəz kimi çıxış edib. Buradan ermənilərə  mütəmadi qaydada azərbaycanlılara qarşı nifrət aşılayan mesajlar ötürülürdü. Düşünmək olardı ki, İkinci Qarabağ müharibəsindən sonra erməni din xadimləri yaşanan faciələri nəzərə alaraq türklərə və azərbaycanlılara nifrət aşılayan ideologiyadan geri çəkiləcəklər. Lakin qarşımızdakılar erməni keşişləridirlər.Postmüharibə dövründə onlar erməniləri, sözün əsl mənasında, revanşizmə sürükləyirlər. Bu günlərdə Tavuşda yaşananlar buna ən son nümunədir.  Xəbər verildiyi kimi, aprelin 19-da əldə olunan razılaşmaya əsasən Ermənistan və Azərbaycan arasında delimitasiya prosesinə start verilib və prosesə Tavuşdan başlanıb. Burada dörd kənd ölkəmizə qaytarılır. Razılaşma əldə olunan kimi, ermənilər sərhəd yaxınlığında etiraz aksiyalarına başlayıblar. Ötən günlərdə Tavuş sakinləri delimitasiya işlərinin qarşısını almaq məqsədilə Kirants-Açarkut-Voskepar yolunu dəfələrlə bağlayıblar. Ermənilərin keçirdikləri  aksiyalardan yayılan görüntülərdən aydın olur ki, din xadimləri, keşişlər etirazları səngitmək əvəzinə, yanan odun üstünə yağ tökürlər, yerli sakinləri etirazlara ruhlandırırlar. Nə qədər təzadlı görünsə də onlar “ruhlandırıcı” iddialar səsləndirərkən yalan miflərə istinad edirlər.  Unudurlar ki, belə uydurma miflər yüzilliklər ərzində emənilərin başlarına müsibətlər açıb. Zaman gəlib ki, bu miflər tamam unudulsun. Erməni xalqının nicatı da məhz bundadır.

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq